Dərc olunub: 22.09.2024

Sentyabrın 20-də biz Dövlət Suverenliyi Gününü böyük fəxarətlə qeyd etdik. Həmin gün Qarabağ Universiteti üçün çox önəmli hadisə baş verdi – dövlət başçısı Qarabağ Universitetinin açılış mərasimində iştirak etdi. Hər birimiz böyük qürur hissi keçiririk. Kollektivimiz, tələbələr adından göstərilən dəstəyə, diqqət və qayğıya görə Prezidentimizə təşəkkürümü bildirirəm.

Mektegushesi.az xəbər verir ki, bu sözləri Xankəndidə Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.

Rektor bildirib ki, Qarabağ Universiteti ən müasir standartlara uyğun qurulur. Universitetin akademik məzmunu çox müasir formatda təşkil olunub. Professor-müəllim və inzibati heyət bu məzmunu tələbə gənclərə çatdırmaq üçün xüsusi həssaslıqla seçilib. “Çox sevinirik ki, komandamız peşəkarlardan ibarətdir. Əminik ki, Prezidentin tapşırığına uyğun olaraq Qarabağ Universiteti ən keyfiyyətli ali təhsil xidmətlərini göstərə biləcək ali təhsil müəssisəsi olacaq”, – deyə o əlavə edib.

Şahin Bayramov Qarabağ Universitetinin həm də tədqiqat əsaslı ali məktəb olmağı hədəflədiyini vurğulayıb. “Müvafiq istiqamətlər üzrə aparacağımız nəticə yönümlü tədqiqatlar sayəsində regionumuz, ölkəmiz üçün faydalı olacaq həllər təklif etməyi nəzərdə tuturuq. Qarabağ Universiteti tələbələri Heydər Əliyev ideyalarına sadiq gənclər olaraq yetişdirməyi nəzərdə tutur. Çalışacağıq ki, tələbələrimiz milli-mənəvi dəyərlərimizə sahib, müasir dünyagörüşlü gənclər olaraq yetişsinlər. Bütün bunları həyata keçirmək üçün müvafiq infrastrukturumuz, kadr potensialımız mövcuddur”, – o, “Azərtac”a açıqlamasında deyib.

Rektor “Trend”ə açıqlamasında isə vurğulayıb ki, növbəti illərdə universitetdə yeni ixtisaslar açılacaq: “Qarabağ Universitetində növbəti tədris ilində Tibb fakültəsinə tələbə qəbulu həyata keçiriləcək. Tamamilə fərqli bir məzmunda tibb təhsili veriləcək”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.

Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Əsas tədris binasının qarşısındakı park sökülüb, onun yerində 2,3 hektar ərazidə müasir tələblərə uyğun yeni park salınıb.

Bütün tədris binaları əsaslı təmir olunub. Əsas tədris binasının fasadı yenilənib, kommunikasiya xətləri quraşdırılıb, tədris və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz edilib.

Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.

Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya yaradılıb.

Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana bilərlər.

Bu tədris ilində ölkənin və regionun ehtiyacları, həmçinin beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə – Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq.

Hazırda universitetin 160 əməkdaşı var. Onlardan 60 nəfəri akademik heyətin üzvü, 100 nəfəri isə inzibati və texniki heyətin üzvüdür.

Hazırda peşəkar və təcrübəli yerli və xarici professor-müəllim heyətinin akademik fəaliyyətə cəlb olunması istiqamətində işlər davam etdirilir. Bu prosesdə xaricdə yaşayan azərbaycanlı alimlər və müvafiq dövlət proqramları ilə nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil alan gənclər diqqət mərkəzində saxlanılır.

2024/2025-ci tədris ili üzrə universitetin bakalavriat səviyyəsinə tələbə qəbulu planında ümumilikdə 1120 yer nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələrinə əsasən 1104 tələbə qəbul olub və qəbul planı 98,5 faiz yerinə yetirilib.

Qarabağ Universitetinə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla Hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin Elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 təşkil edib.

İlk tədris ilində Qarabağ Universitetində Hüquqşünaslıq, Xarici dil müəllimliyi (ingilis dili), Maliyyə və Mühasibat ixtisasları üzrə SABAH qrupları təşkil olunub. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbə sözügedən 4 ixtisas üzrə Qarabağ Universitetinin SABAH qruplarında ikinci tədris ilində təhsil alacaq.

Qarabağ Universitetinin tələbə yataqxanası mənzil tipli 5 binadan ibarətdir. Binaların hamısı müasir standartlar səviyyəsində əsaslı təmir olunub. Bütün mənzillər müvafiq avadanlıqlarla təchiz edilib, yaşayış şərtləri müasir kampus konseptinə uyğunlaşdırılıb. Yataqxanada istirahət guşələri, yeməkxana və idman sahəsi də fəaliyyət göstərəcək. Ümumilikdə, 1154 tələbənin yataqxanada ödənişsiz əsaslarla məskunlaşması təmin edilib.

Universitet şəhərciyində əməkdaşların və onların ailələrinin yaşaması üçün nəzərdə tutulan 4 binada isə ümumilikdə 186 mənzil mövcuddur. Bütün mənzillər əsaslı təmir olunub və müvafiq avadanlıqlarla təchiz edilib. Hazırda 140-a qədər əməkdaşın və onların ailə üzvlərinin məskunlaşması təmin olunub. Əməkdaşların universitetdə çalışdıqları müddətdə həmin mənzillərdə ödənişsiz əsaslarla yaşaması nəzərdə tutulub.

Bənzər yazılar