Sentyabrın 20-də Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialının təşkilatçılığı və şəhid ailələri, eləcə də rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist Tofiq Abdullayevin antiterror tədbirlərində şəhid olmuş kürdəmirlilərə həsr etdiyi “Zəfər tariximizin 23 saatı” kitabının təqdimat mərasimi keçirilib.
Muzeydən bildirilib ki, tədbirdə Aran filialının müdiri Yaqut Bahadurqızı 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan ərazilərində dövlət suverenliyinin tam bərpa edilməsindən danışıb.
Sonra rayon ziyalıları Zeynal Səfərov, AYB-nin üzvü şair Abduləziz Xanəhmədoğlu “Zəfər tariximizin 23 saatı” kitabı haqqında ətraflı məlumat veriblər.
Təqdimat mərasimində çıxış edən şəhid İslam Dünyamalıyevin anası Gülşən Dünyamalıyeva, şəhid Murad Eyyubovun atası Bəxtiyar Eyyubov, şəhid Vüsal Əhmədovun əmisi Allahyar Əhmədov, şəhid Eltun Yunusovun anası Nailə Yunusova, şəhid Toğrul Əliyevin həyat yoldaşı Çinarə Əliyeva şəhidlər haqqında yazılan hər bir kitabın onların adlarının əbədiləşdirilməsi, xatirələrdə yaşaması üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsindən bəhs olunub. Vurğulanıb ki, hər il sentyabrın 20-də Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd ediləcək.
Sonda “Zəfər tariximizin 23 saatı” kitabı şəhid ailələrinə hədiyyə olunub.