Dərc olunub: 21.09.2024

 Mətndə problem həlletmə nədir

Problem həlletmə mətnin struktur modellərindən biridir. Problem həlletmə xarakterli mətn müəyyən problemin qoyulması və onun onun həlli üçün praktik qərarların verilməsi üçün yazılan akademik yazıdır.  Onun məqsədi problemin dəqiq izahı, səbəblərinin öyrənilməsi və problemin həlli istiqamətində real təkliflərin verilməsidir.

Bu mətnlər, adətən, problemi qarşıya qoyan və onun həllinin aktuallığını irəli sürən giriş hissə, problemi tədqiq edib həllini göstərən əsas hissə və əsas məqamları ümumiləşdirən, təklif edilən həll yollarının optimallığını vurğulayan nəticə hissəsindən ibarətdir.  Yazının əsasını problemin hərtərəfli təhlili və  həlli üçün real və nəticəyönmülü strtegiyaların göstərilməsi təşkil edir.

Oxucunu problemin aktuallığına və göstərdiyi həlli yolunun səmərəliliyinə inandırması baxımından bu mətnlər inandırıcı esse ilə oxşardır.

 Bacarığın formalaşdırılmasının alqoritmi

 Sxem

 Problemin müəyyənləşdirilməsi

İstənilən problemin həllində ilk addım onu dəqiq müəyyənləşdirməkdir. Mətndə həllini düşündüyümüz problem də öncə giriş hissədə açıq qoyulmalıdır. Bunun üçün aşağıdakı alqoritmdən istəfadə etmək olar:

  • Yazının əsas məqsədini müəyyənləşdirin.
  • Janr və üslubu seçin.
  • Məqsədə nail olmaq üçün maneə və problemləri müəyyənləşdirin.

Problemin miqyasını müəyyənləşdirmək üçün suallar, beyin həmləsi, intelekt-kart və digər alətlərdən istifadə etmək olar.

Giriş hissəsinin məzmunu: Mətnin giriış hissəsi mövzu cümləsi və ya oxucunun diqqətini cəlb etmək üçün inandırıcı bir məqamdan başlayır. Məzmunu təşkil etmək üçün problem haqqında informasiya verilir. Həll ediləcək problem cümləsi aydın və dəqiq şəkildə formalaşdıırlır. Müvafiq həll yollarını təklif edən tezis təqdim edilir.

Nümunə: “Mütaliəsizliyin qarşisini necə almaq olar”

                  (Turqut Nəhmətli, 10-cu sinif şagirdi)      

“Son illərdə texnologiyanın sürətli inkişafı ilə şagirdlərin mütaliə vərdişlərinin azalması diqqət çəkir. “Pew Research Center”in 2020-ci il tədqiqatına görə, 18 yaşdan kiçik şəxslərin yalnız 22%-i mütəmadi olaraq kitab oxuyur. Bu göstərici, əvvəlki illərlə müqayisədə, ciddi azalma deməkdir. Təəssüf ki, müasir dövrdə şagirdlər, əsasən, sosial media və video-mətnlərə daha çox vaxt ayırır və bu da onların mütaliə ilə əlaqəsini zəiflədir. Bu problemin cəmiyyət üçün bir sıra mənfi nəticələri var və bu, təhsilin, eləcə də gənclərin gələcək inkişafına ciddi şəkildə təsir edir. Lakin vəziyyət ümidsiz deyildir: mütaliə yolu ilə peşə bacarıqlarını formalaşdırmaq təcrübəsi olan insanlar öz strategiyaları ilə və texnologiyanın imkanlarından istifadə edərək gənc nəsli mütaliəyə alışdırmaqla gələcəyimizi xilas edə bilərlər.”

Şagird mətnin giriş hissəsində texologiyanın inkişafı ilə kitabların oxunması, mütaliənin zəifləməsi problemini qoyub onun cəmiyyətə ciddi təsirini vurğulayıb, problemin həllolunmaz olmadığı fikrini çıxış yolları kimi göstərdiyi arqumentlərlə dəstəkləyib.

  • Problemin təhlili

Növbəti addım problem və onun səbəblərinin təhlilidir.

  • Problem niyə yaranır?
  • Problemi dəstəkləyən faktorlar nələrdir?
  • Problem cəmiyyətə (təbiətə, obyektə və s.) necə təsir göstərir?

Problemin təsviri: Müvafiq fakt, statistik məlumatlar və ya nümunələr göstərilməklə problem təsvir edilir. Problemin fərdlərə, cəmiyyət və ya ətraf mühitə təsiri və onun əhəmiyyəti qeyd edlilir. İddianın əsalandırılması məqsədi ilə etibarlı mənbə və ya araşdırmalara istinad olunur.

Problemi müxtəlif istiqamətlərdən öyrənmək, onun zəif və güclü tərəflərini müəyyənləşdirmək,  imkan və təhlükələrini öyrənmək üçün SVOT-analiz, ilk səbəb və “balıq skleti” kimi üsullardan istifadə etmək olar.

Numünənin davamı:

“Mütaliə və mütaliəsizliyin təsirləri nələrdir?

“Bu gün şagirdlərin mütaliəsizliyi onların gələcək inkişafına ciddi təsir göstərəcəkdir.Çünki belə şagirdlərin yazılı və şifahi ünsiyyət bacarıqları azalır. Statistikalara əsasən, kitab oxuyan şagirdlərin yazı bacarıqları 60%-ə qədər daha yaxşı inkişaf edir. Eyni zamanda, tədqiqatlar göstərir ki, mütaliə edərkən insanın yaddaşı, tənqidi düşünmə qabiliyyəti və problemləri həll etmə bacarıqları daha da inkişaf edir. Mütaliə etməyən şagirdlərdə isə məntiqi düşüncə zəifliyir və bu, onların təhsil nailiyyətlərinə mənfi təsir göstərir. Amerikalı pedaqoq Mortimer Adler deyirdi: “Oxumaq düşüncənin təlimidir. Oxuyan insan öz beynini işləməyə məcbur edir.” Beləliklə, mütaliəsizlik şagirdlərin təhsildə geri qalmasına, gələcəkdə isə əmək bazarında daha az bacarıqlı və rəqabətə dayanıqlı olmalarına gətirib çıxarır.”

Şagird bu abzasda mütaliə məsələsinə müsbət və mənfi tərəflərdən baxmış və problemin aktuallığını izah etmişdir.

3 Həlletmə yollarının nəzərdən keçirilməsi

Üçüncü addım – problemin həlli yollarını tapmaq.

  • Problemi necə dəf etmək və ya onun təsirini azaltmaq olar?
  • Problemin həllinin, məqsədə çatmağın alternativ üsul və ya yolları hansılardır?
  • Hər bir həllin hansı üstünlüklər və ya çatışmazlıqları var?

Problemin analizi: Mövcud problemə səbəb olan əsas faktorlar təhlil edilir. Problemi ətraflı izah etmək üçün əsas tərkib hissələrinə və aspektlərə ayrılır. Bununla bağlı verilmiş qərarlar və onların səmərəsizliyinin səbəbləri izah edilir. Mümkün həll yolları nəzərdən keçirilir, səmərəlilik baxımdan ayrı-ayrılıqda dəyərləndirilir.

Həlletmə üsullarını və onların nəticəsini proqnozlaşdırmaq üçün beyin həmləsi,  SCAMPER və ya “6 papaq”  üsullarından istifadə edə bilərsiniz.

Nümunənin davamı:

 “Bu problemi həll etmək üçün həm ailələr, həm də məktəblər ciddi tədbirlər görməlidirlər. Birinci növbədə, ailə mühitində mütaliə təşviq olunmalıdır. Araşdırmalar göstərir ki, valideynləri kitab oxuyan uşaqların mütaliə vərdişi qazanma ehtimalı 70% daha yüksəkdir. Buna görə də valideynlər evdə mütaliə üçün vaxt ayırmalı və uşaqlarına nümunə olmalıdırlar. Məktəblərdə isə kitabxana və mütaliə tədbirləri daha cəlbedici və əlçatan olmalıdır. “UNESCO”nun verdiyi məlumata görə, məktəb kitabxanalarının yaxşı inkişaf etdirilməsi, şagirdlərin 40%-də mütaliə vərdişini gücləndirir. Kitabxanalarda maraqlı və aktual kitabların olması, şagirdlərin mütaliəyə marağını artıracaq və onların kitab oxuma vərdişlərini formalaşdıracaqdır.

Təhsil sistemində texnologiyanın düzgün istifadəsi, kitabxanaların elektronlaşdırılması mütaliəni yenidən cazibədar edə bilər. İnteraktiv e-kitablardan, audio kitablardan və rəqəmsal oxu platformalarından istifadə edərək şagirdlərə müasir dövrün tələblərinə uyğun oxuma vərdişi qazandırmaq olar. Məsələn, “Goodreads” və ya “Audible” kimi rəqəmsal platformalar vasitəsilə şagirdlər kitablar haqqında müzakirələr aparar, sevimli müəlliflərindən ilham alarlar. Bundan əlavə, mütaliənin sosial medianın bir hissəsinə çevrilməsi də təsirli bir üsul ola bilər. Məsələn, müəllimlər və valideynlər şagirdləri oxuduqları kitablar haqqında videolar hazırlamağa və bu məzmunu dostları ilə paylaşmağa təşviq etməklə ənənə yaradarlar. Mütaliə ilə bağlı müxtəlif yeni texnoloji sınaqlar təcrübələrə çevrildikcə cəmiyyətin mütəliəli kütləsinin azalmasının qarşısı alınacaqdır.”

Şagird öz mətninin əsas hissəsinin arqumentləşdirmə abzaslarında problemin həllinin iki əsas yolunu göstərmiş və bu yolların səmərəliliyini əsaslandırmışdır.

  • Optimal həll yolunu seçmək

Dördüncü addım – problemin həlli yollarından ən optimalını seçib qərar vermək.

Bu həlletmə üsulunu situasiyaya necə tətbiq etmək olar?

Həllin reallaşması üçün hansı addımlar atmaq və fəaliyyətlərə başlamaq vacibdir?

Problemin həlli üçün hansı dəstək və resurslara ehtiyac var?

Qərarın verilməsi: Qərarın problemin əsaslı səbəblərinin aradan qaldırılması və ya təsiriniz azaldılmasına necə təsir edəcəyi izah edilir. Problemin həlli yolunun səmərəliliyini əsaslandırmaq üçün dəlillər gətirilir,  məntiqi izahlar verilir. Qarşıda duran maneələr nəzərə alınır, onların dəf edilməsi üçün imkanlar təhlil edilir. Qərarın əks arqumentlərədən güclü olması əsaslandırılır.

Qərarın reallaşdırılması və planşaşdırılaması və onun inkişafını izləmək üçün SMART üsulu, fəaliyyətlər planı və fəaliyyətlər siyahısından istifadə etmək olar.

Əsas hissə: Problemin optimal həlli  və onun əsaslandırılması

Şagird mətnininin giriş hissəsində əsas tezisi dəstəkləyən iki arqument mətnin əsas hissəsində ayrı-ayrı abzaslarda təhlil edilmiş və fikirlər əsaslandırılmışdır. Şagird göstərdiyi hər iki yolu optimal hesab etdiyi üçün mətndə belə bir abzas yoxdur. Bununla belə müasir dövrün tələblərini nəzərə alın, ikinci arqumenti ayrıca abzasda daha geniş – nümunələrini artırmaqla dəstəkləyə bilərdi.

  • Nəticənin çıxarılması

Beşinci addım – qərarın nəticəsini nəzərdən keçirmək və onun səmərəliliyini dəyərləndirmək.

Qərarınız yazınıza və oxucularınıza necə təsir göstərdi?

Qərarınızın nəticəsi – problemin həllinə təsiri nədən ibarətdir?

Nəticə: Problemi xatırlatmaqla, təklif edilən həll yollarını və onların üstünlüklərini qeyd etməklə yazının əsas məqamları ifadə edilir. Qərarların əhəmiyyəi və potensial müsbət nəticələri vurğulanır.  Oxucuya arqumentlərin əhəmiyyətini təsdiq edən güclü yekun ismarış verilir.

Qərarın nəticəsini nəzərdən keçirmək və dəyərləndirmək üçün və təkmilləşdirilməsi tələb olunan çevrənin müəyynləşdirilməsi üçün əks-əlaqə, dəyərləndirmə  və özünüqiymətləndirmə  alətlərindən istifadə etmək olar.

Nümunənin davamı:

“Problemin göstərdiyimiz həll yollarının davamlı həyata keçirilməsi ilə şagirdlərin mütaliəyə marağını artırmaq mümkündür. Nəticədə, daha intellektual, yaradıcı və tənqidi düşünə bilən bir nəsil formalaşacaqdır. Ulu öndər Heydər Əliyev deyirdi: “Kitab xalqın mənəvi sərvətidir.” Gənc nəsli bu mənəvi sərvətə sahib çıxmağa həvəsləndirmək üçün həm valideynlər, həm məktəblər, həm də cəmiyyət birgə fəaliyyət göstərməlidir. Beləliklə, şagirdlərin mütaliəsizliyini aradan qaldırmaq üçün müxtəlif səviyyələrdə tədbirlər görülməli və texnologiyanın da doğru istifadəsi ilə mütaliə vərdişi daha geniş yayılmalıdır. Təhsilli və bilikli gənclərin formalaşması, nəticə etibarilə, cəmiyyətin inkişafına və gələcək uğurlarına yol açacaqdır.”

Mətnin nəticə hissəsində essenin əsas arqumentləri ilə bağlı təhlillər ümumiləşdirilib, yekun olaraq qənaət çıxıarılıb və tezis  parafraz olunaraq əsas fikir bir daha vurğulanıb.

  • Təcrübədən öyrənmək

Altıncı addım – öz təcrübəsindən dərs almaq və əldə edilmiş biliklərin gələcək yazılarda tətbiqi.

  • Məsələni həll etməklə nə öyrəndiniz?
  • Fəaliyyətinizin uğur və problemləri nələr oldu?
  • Yazılı formada problem həlletmə bacarığınızı necə inkişaf etdirə bilərsiniz?

Şagirdlərin yazı bacarıqlarını inkişaf etdirmək üçün onlara gündəlik tutmaq, portfolio təşkil etmək, təlim gündəliyi tutmağı təklif etməklə fəaliyyətlərini sənədləşdirməyi, əldə etdikləri bilik və ideyalarını qeyd etməyi tövsiyə etmək olar.

Hazırladı: Könül Aydın Nəhmətova,
filologiya üzrə fəlsəfə doktoru

Bənzər yazılar