Dərc olunub: 21.09.2024

 

Naxçıvanda 12 yaşlı məktəblinin yaratdığı innovativ əmlak platforması böyük maraqla qarşılandı

Bu barədə  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumata verilib.

Bildirilib ki, sentyabrın 20-də Naxçıvan Gənclik Mərkəzində Şərur şəhər 2 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Ədalət Əlisoyun NAXEMLAK.AZ Platformasının təqdimatı keçirilib.

Təqdimat mərasimində platformanın qurucusu Ədalət Əlisoy platformanın yaradılma prosesi, məqsədi və daşınmaz əmlak sektoruna gətirdiyi yeniliklər barədə ətraflı məlumat verib. Platformanın əsas funksiyaları, o cümlədən təkmil axtarış və filtrləmə, Google xəritə inteqrasiyası, əmlakçı qeydiyyatı, real vaxt mesajlaşma və SMS qeydiyyat funksiyaları canlı şəkildə nümayiş etdirib. 12 yaşlı Ədalət, platformanın yaradılma prosesi və texnoloji çətinlikləri aşma təcrübəsi ilə bağlı qonaqlarla öz hekayəsini paylaşıb.

Qeyd edək ki, 12 yaşlı məktəblinin yaratdığı innovativ əmlak platforması Naxemlak.az Naxçıvanın ilk innovativ daşınmaz əmlak platformasıdır. Platforma istifadəçilərə əmlak alqı-satqısı və kirayəsini asanlaşdırmaq üçün pulsuz təkmil texnoloji həllər təqdim edir.

Tədbirdə təhsil, iqtisadiyyat, rabitə sahəsində çalışan əməkdaşlar, Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri, şagirdlər, yerli əmlakçılar, investorlar, texnologiya şirkətlərinin nümayəndələri iştirak ediblər.

Texnologiya mütəxəssisləri platformanın nə qədər asan istifadəyə malik olduğunu, şagirdlər və tələbələr tərəfindən bu cür startup layihələrin hazırlanmasının ölkəmizin rəqəmsal inkişafı üçün əhəmiyyətini vurğulayıblar.

Tədbirin sonunda Ədalət öz təəssüratlarını media orqanlarına belə çatdırıb: “Bu təqdimat mənim üçün çox böyük bir addım idi. Naxemlak.az platformasını yaratmaq, bu qədər peşəkar insanlarla bölüşmək və onların müsbət rəylərini eşitmək məni çox sevindirdi. Platformamızın əmlakçılar və əhali üçün real dəyər yaratdığına inanıram və bu gün aldığımız rəylər bunu təsdiq etdi. Bu mən və həmyaşıdlarım üçün yeni milli və qlobal startuplar, süni intellektə əsaslanan yeni layihələr üzərində işləmək üçün böyük motivasiya oldu. Mənə bu tədbirin təşkilində dəstək olduğuna görə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə, tədbirdə iştirak edən bütün dövlət orqanlarının və təşkilatların nümayəndələrinə, bütün iştirakçılara təşəkkürümü bildirirəm”

Bənzər yazılar