Dərc olunub: 21.09.2024

 

Prezident İlham Əliyevin Qarabağ Universitetinin açılışında iştirakı, müəllim-tələbə heyəti ilə görüşü dövlətimizin başçısının təhsilə, işğaldan azad olunmuş ərazilərimizin ümumi inkişafına, bölgənin təhsil infrastrukturunun yaradılmasına önəm verdiyini bir daha təsdiqləyir.

Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib. O vurğulayıb ki, Qarabağ Universiteti Azərbaycan xalqının arzularının universitetidir: “Qarabağ Universiteti və işğaldan azad olunmuş digər ərazilərdə təhsil infrastrukturunun yaradılması həm də yenidən qurulacaq rayonların, şəhərlərin, kəndlərin, qəsəbələrin təhsilyönümlü olması istiqamətində görülən işlərdən irəli gəlir. Aparılan işlər dünyanın təhsil tutumlu ölkələrində mövcud olan təhsil infrastrukturundan heç də geri qalmır”.

İlqar Orucov Qarabağ Universitetində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən ixtisaslarda kadr hazırlığının həyata keçiriləcəyini vurğulayıb: “Qarabağ Universitetində yaradılan şəraitlə tanış olmuşam. Bu il yüksək bal toplayan 1104 tələbənin məhz Qarabağ Universitetini seçməsi təsadüfi deyil. Orada tədris olunacaq ixtisaslar üzrə gələcəkdə ölkəmizin iqtisadiyyatını, elmini, təhsilini, mədəniyyətini etibar edəcəyimiz kadrlar yetişəcək. Qarabağ Universitetində tələbələr ən müasir yaşayış şəraiti ilə təmin olunurlar. Tələbələr üçün yataqxana tamamilə pulsuzdur. Qarabağ Universitetinin hər bir tələbəsi dövlət hesabına təhsil alacaq, müvafiq təqaüdlə təmin olunacaq. Qarabağ Universiteti “Müasir universitet necə olmalıdır?” sualına cavabdır. İşğaldan azad olunmuş bütün ərazilərimiz bərpa olunacaq, qurulacaq, orada yeni həyat başlayacaq. Həmin yerlərə qayıdacaq insanlar ən yüksək təhsil şəraiti ilə təmin olunacaqlar. Ən perspektivli və savadlı müəllimlər Qarabağ Universitetində işləmək üçün müvafiq seçim prosesindən keçərək işə qəbul olundular. Bütün bunlar Qarabağ Universitetinin gələcəyindən, onun nəinki Azərbaycanda, həmçinin regionda və dünyada ən qabaqcıl universitetlərdən biri olmasına hədəflənib”.

Bənzər yazılar