Dərc olunub: 21.09.2024

Sizi bilmirəm, uşaqlıqdan mənə belə təlqin edilib ki, varlı insanlar düz yolla o qədər pul qazanmayıblar və ya varlılar yaxşı adamlar olmurlar. Nəticə olaraq pullu olmağa, maliyyəmin bol olmasına yönəlik bir insan olmadım. Hətta bizi elə mənəviyyatda böyütdülər ki, əməyinin qarşılığını üçün lazım olan maliyyəni də qarşı tərəfə deməkdə və almaqda çətinlik çəkdim. Amma və lakin gün gəlir övladların ehtiyaclarını və istəklərini qarşılamağa, o zaman insanı, “nə edim, necə edim” kimi, çarəsilzik hissi bürüyür. Həmin günlərimdə bir qərar verdim: öz övladlarıma maliyyənin nə qədər güclü bir yaşam vasitəsi olduğunu mütləq öyrədəcəm!

Ənənələrimizdən gələn narahatlıq hissimdən dolayı yenə də hər dəfə düşünürdüm ki: “Maliyyənin əslində nə qədər vacib olduğunu övladlarıma öyrətməliyəmmi?” Bu düşüncə ilə bir müddət özümü sorğuladım və bir neçə sualın cavabını əvvəlcə özüm, sonra isə övladlarım üçün tapmağa çalışdım.

Ən əsas sual: Uşaqlara maliyyənin vacibliyini öyrətmək vacibdirmi?

Mənim fikrimcə uşaqlara lap erkən yaşlarından maliyyə savadlılığını öyrətmək çox vacibdir. Çünki bu, onların gələcəkdə maliyyə qərarlarını daha ağıllı və məsuliyyətli şəkildə vermələrinə kömək edir. Maliyyə savadlılığı uşaqlara büdcə qurma, qənaət etmə, investisiya etmə və borc idarəetməsi kimi əsas maliyyə bacarıqlarını öyrədir. Bu bacarıqlar gələcəkdə daha şüurlu maliyyə qərarları verməyə və pulun düzgün idarə olunmasına kömək edir. Maliyyə savadlılığı həmçinin uşaqlara planlaşdırmağı və hədəf təyin etməyi öyrədir. Onlar pulun uzunmüddətli məqsədlər üçün necə istifadə ediləcəyini başa düşərək, gələcəkdə müstəqil və maliyyə baxımından sağlam qərarlar verə bilərlər. Maliyyə savadlılığı uşaqlara pulun qənaətli istifadəsini və israfçılığın qarşısını almağı da öyrədir. Hətta maliyyə məsələləri ilə bağlı məlumatlılıq uşaqlarda maliyyə ilə bağlı narahatlıqları və stresi azalda bilər. Uşaqlar maliyyə qərarlarının nəticələrini başa düşdükdə, maliyyə çətinlikləri ilə daha yaxşı mübarizə aparmağı öyrənirlər.

Ortaya digər fundamental sual çıxır: Uşaqlara maliyyənin vacibliyini hansı formada öyrətməliyik?

Uşaqlara maliyyə savadlılığını öyrətmək üçün, təbii ki, öncə sadə izahlarla başlamaq lazımdır. Misal üçün, pul nədir, pul necə qazanılır, nə üçün vacibdir və onu necə xərcləmək lazımdır. Həmçinin uşaqlara kiçik büdcələrinin olması üçün şərait yaratmaq lazımdır. Onlara günlük, həftəlik və ya aylıq pul verərək, bu pulu necə düzgün idarə etməli olduqlarını göstərmək lazımdır. Əgər uşaqlar müəyyən xərclər üçün qənaət etməyi öyrənsələr, pulun dəyərini daha yaxşı başa düşəcəklər. Uşaqlarla maliyyə oyunları oynamaq da effektiv vasitə ola bilər. Eyni zamanda onlara kiçik pul qutusu verməklə, müəyyən bir hədəf üçün pul yığmalarını təşviq etmək olar. Bu, onlara həm səbri, həm də maliyyə məqsədlərinə çatmağın əhəmiyyətini öyrədəcək.

Və ən kritik və önəmli addım, uşaqlara bəzən maliyyə səhvləri etmələri üçün də şərait yaradılmalıdır ki, onlar bu səhvlərdən dərs alsınlar. Əgər uşaqlar öz xərclərini düzgün idarə etmədiklərini başa düşərlərsə, gələcəkdə daha məsuliyyətli davranacaqlar.

Ortaya daha fundamental sual çıxır: Şərq cəmiyyətində uşaqlara maliyyənin vacibliyini necə öyrətməliyik?

Şərq cəmiyyətlərində ailə ənənələri daha güclü olduğu üçün, uşaqlara maliyyə savadlılığını öyrətmək də ona uyğun şəkildə həyata keçirilməlidir. Çünki kollektiv dəyərlərin ön planda olduğu cəmiyyətlərdə maliyyə savadlılığına xüsusi yanaşma tələb olunur. Şərq mədəniyyətlərində birgə dəyərlər vacib olduğundan, uşaqlara təkcə öz maddi maraqlarına deyil, ailənin, qohumların və cəmiyyətin rifahına da diqqət yetirməyi öyrətmək lazımdır. Onlara həmçinin uzunmüddətli qənaət etməyin əhəmiyyəti və tez qazancın həmişə ən yaxşı yol olmadığını izah etmək mütləqdir.

Şərq cəmiyyətlərində xeyriyyə və yardımlaşma əhəmiyyətli dəyərdir. Bu, uşaqlara maliyyə savadlılığını öyrətməklə yanaşı, sosial məsuliyyət hissi də aşılayacaq. Həmçinin hekayələr və ədəbiyyat uşaqların tərbiyəsində mühüm rol oynayır. Uşaqlara pulun idarə edilməsi ilə bağlı ibrətamiz hekayələr və ya nağıllar oxumaq da onların bu anlayışları daha asan qavramasına kömək edəcək.

Əl qərəz uşaqlara maliyyə savadlılığını öyrətmək, onların həyatında maliyyə məsələlərini daha effektiv və məsuliyyətli şəkildə idarə etmələrinə kömək edir, bu da gələcəkdə daha müstəqil və rifah içində həyat sürmələrinə şərait yaradır. Maliyyə savadlılığı, həyat boyu uğur qazanmaq üçün önəmli bir bacarıqdır və bu bacarıqları uşaqlara erkən yaşda öyrətmək onların gələcək maliyyə qərarlarında daha ağıllı olmasına kömək edəcək.

Niyə bu dəfə bu mövzuya toxundum? 

Çünki bu dəfə oxuduğum “İqtisadiyyat” kitabı məhz uşaqların maliyyə savadlılığını artırmaq üçün nəşr edilmiş kitab idi. “Junior Achievement America”nın icazəsi ilə “Junior Achievement Azərbaycan” təşkilatının nəşr etdiyi “İqtisadiyyat” kitabı, orta məktəb şagirdlərinə iqtisadiyyat haqqında baza biliklərini öyrətmək üçün hazırlanıb. Bu kitab iqtisadi anlayışları sadə və anlaşılan dildə izah edir və praktik nümunələr təqdim edir. Məqsəd şagirdlərdə maliyyə savadlılığını artırmaq, onları şəxsi maliyyə idarəçiliyi, sahibkarlıq və iqtisadi qərarlar qəbul etmə mövzularında məlumatlandırmaqdır.

Kitab, həmçinin iqtisadi nəzəriyyələr, bazar iqtisadiyyatı, tələb və təklif qanunları, inflyasiya, işsizlik kimi mövzuları əhatə edir. Bu kitabı iqtisadiyyat sahəsində gələcəkdə təhsil almaq və ya işləmək istəyən şagirdlər üçün ən möhtəşəm mənbə hesab edirəm. İqtisadi qanunların sadə izahı, sxemlər və rəngli təsvirlər, onu yeniyetmələr üçün daha da cəledici edir, elə böyüklər üçün də. 🙂

İqtisadiyyat oxumuş biri kimi, bu kitab mənimçün həm əyləncəli bir təkrar, həm də nastalji oldu.

Bənzər yazılar