Dərc olunub: 19.09.2024

 

Məktəblilərin bullinqə məruz qalması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: bullinq” adlı araşdırma işi aparılıb. Araşdırma zamanı aqressiv davranışların yayılma səviyyəsi, yaranma səbəb və nəticələri, bullinqlə mübarizə yolları təhlil edilib. “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış halları ilə bağlı 30 nəfər mütəxəssislə dərinləşdirilmiş müsahibə aparılıb və məzmun təhlili həyata keçirilib. Əldə edilən nəticələr əsasında ailələrə, valideynlərə, ümumi təhsil müəssisələrinə, cəmiyyətə, dövlətə və şəxsin özünə yönəlik təkliflər hazırlanıb.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitə yanında 2020-ci ildən fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin “Uşaqdan-uşağa” layihəsi çərçivəsində yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranışla mübarizə məqsədi ilə Bakı şəhərinin müxtəlif ümumi təhsil müəssisələrində, o cümlədən Uşaq Səfirlər Məclisinin regional nümayəndəlikləri vasitəsilə Respublikanın müxtəlif bölgələrində mütəmadi olaraq bu istiqamətdə müxtəlif maarifləndirici təlimlər, dəyirmi masalar və görüşlər keçirilir: “Eyni zamanda, yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış halları ilə mübarizə istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aidiyyəti qurumlarla koordinasiyalı şəkildə fəaliyyəti təşkil edir.

Cəmiyyətin diqqətini bu mövzuya yönəltmək, koordinasiyalı fəaliyyətin daha da gücləndirilməsi və problemin həlli istiqamətində yeni nəticələrin əldə edilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən cari ilin dekabr ayında “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış halları ilə mübarizə” adlı konfransının keçirilməsi planlaşdırılır”.

Qeyd edək ki, AZƏRTAC-ın bullinq mövzusuna həsr etdiyi materialın geniş versiyası ilə “Məktəblərdə bullinq: real vəziyyət necədir və problemin həlli üçün hansı addımlar atılmalıdır?” adlı yazıda tanış ola bilərsiniz.

Bənzər yazılar