Dərc olunub: 19.09.2024

UNEC-də Çin Xalq Respublikasının Hebei İqtisadiyyat və Biznes Universiteti (HUEB) ilə birgə COP29-a həsr olunan beynəlxalq seminar keçirilib.

“Çin-Azərbaycan yaşıl və aşağı karbon davamlı inkişaf əməkdaşlığı” mövzusuna həsr olunan seminarın açılışında BRI Beynəlxalq Yaşıl İnkişaf Koalisiyasının (BRIGC) Baş İnkişaf Direktoru Zhang Jianyu, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elkiyar Ziyadov və UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev çıxış ediblər.

Çıxışlarda Azərbaycanın COP29-a evsahibliyi hüququ qazanmasının beynəlxalq aləmdə ölkəmizə göstərilən dərin etimadın bariz nümunəsi olduğu vurğulanıb. Qeyd olunub ki, Azərbaycan özünü həm də qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi tanıda bilib.

Açılışdan sonra məruzəçilər yaşıl və aşağı karbon siyasəti ilə bağlı təcrübəni bölüşüblər və təqdimatlarla çıxış ediblər.

BRIGC-in Baş İnkişaf Direktoru Zhang Jianyu Çinin karbon ticarəti sisteminin effektivliyi və perspektivlərindən danışıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Azərbaycanın milli prioritetlərinin əsas hədəflərdən olan yaşıl iqtisadiyyata keçid istiqamətində görülən işlərdən söz açıb.

Çinin MEE Sosial Təbliğat Ofisinin direktoru Yang Jun ətraf mühit təhsili və təbliğatı barədə, EXIM Bankın meneceri Ye Lingfeng Çinin yaşıl maliyyə siyasəti, PowerChina Azərbaycanın nümayəndəsi cənab Vucongbao Çinin yaşıl enerji sənayesi siyasəti, HUEB-nin əməkdaşı Sun Tianhe isə Şimali Çinin qrunt sularının istismarının kompleks idarə edilməsi istiqamətində təcrübəni iştirakçılarla bölüşüb.

Beynəlxalq seminar təqdimatlardan sonra mövzu ilə bağlı müzakirələrlə davam edib.

Bənzər yazılar