Naxçıvan Dövlət Universitetində “Süni intellekt: Nəzəriyyədən praktikaya” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstəsi düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Rusiyanın “Cənub” Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda NDU-nun rektoru Elbrus İsayev Azərbaycan, Türkiyə, Rusiya və Özbəkistanın nüfuzlu elm adamlarının, IBM-in (International Businnes Machines) Çexiya və Slovakiya üzrə nümayəndəsinin iştirakı ilə baş tutan konfransı müsbət qiymətləndirib və tədbirin işinə uğurlar arzulayıb.
Qeyd olunub ki, universitetin strateji hədəfləri çərçivəsində Texnologiyalar Parkının qurulmasında süni intellektlə bağlı araşdırmaların aparılması nəzərdə tutulub. Bu da müəllimlər və gənc tədqiqatçılar üçün mühüm əhəmiyyət daşıyır. Ali təhsil ocağında bu istiqamətdə müvafiq ixtisaslar açılıb və bununla bağlı proqram təminatları hazırlanıb. Bu sahə üzrə dünyanın ixtisaslaşmış universitetlərinin təcrübəsindən geniş istifadə olunur. Bu da universitetin gələcək strateji inkişaf planı üçün xüsusi əhəmiyyətə malikdir.
Universitetdə bütün ixtisaslarda süni intellektin imkanlarından istifadə edildiyini vurğulayan rektor süni intellektlə bağlı müvafiq fənlərin tədrisi və aparılan araşdırmaların əhəmiyyətindən bəhs edib. Diqqətə çatdırılıb ki, konfransın hər il davamlı olaraq dünyanın müxtəlif qabaqcıl tədqiqat müəssisələri və universitet əməkdaşlarının iştirakı ilə keçirilməsi nəzərdə tutulub.
“Cənub” Universitetinin rektoru, professor İmran Əkbərov bildirib ki, hazırda təhsil, elm, səhiyyə, iqtisadiyyat, media, incəsənət və digər sahələrdə süni intellekt əsaslı tətbiqlər sürətlə genişlənir. Universitetlərdə data elmi, süni intellekt fokuslu proqramların çoxalması bu sahəyə diqqəti daha da artırır.
Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Rahid Ələkbərli bulanıq məntiq nəzəriyyəsi, süni intellektin üstünlükləri və yarada biləcəyi təhlükələr, süni intellekt vasitəsilə kibertəhlükəsizliyin gücləndirilməsi, süni intellektin istehsal sənayesində tətbiqi, süni intellektin etik və sosial təsirləri və bir çox önəmli məqamları konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru Fikrət Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyev, Özbəkistanın Buxara Texnoloji İnstitutunun alimləri-Uluqbek Muradiloeviç, Nizamov Aslitdin Badreddinoviç, Türkiyənin Ağrı İbrahim Çeçen Universitetinin professoru Ahmet Ocak, Düzce Universitetinin dosenti Serdar Biroğul, Naxçıvan Dövlət Universitetinin professoru Cavanşir Zeynalov süni intellektin cəmiyyətin bütün təbəqələrini əhatə edən qlobal inqilabın mərkəzinə çevrildiyini qeyd edərək, süni intellektin nəzəri əsasları və praktik tətbiqləri haqqında ətraflı məlumat veriblər.
Konfrans işini elmi bölmələrdə panel müzakirələrlə davam etdirib.
İki gün davam edən konfransın bağlanış tədbirində iştirakçılar sertifikatla təltif olunublar.
Konfransa gələn yerli və xarici qonaqların muxtar respublikanın tarixi və turizm məkanlarına gəzintiləri də təşkil edilib.