Azərbaycandan IT üzrə seçilmiş ən yaxşı tələbə
Elmir Hacızadə “Huawei” şirkətinin həyata keçirdiyi qlobal layihənin Mərkəzi Asiya və Orta Şərq regionları üçün təşkil etdiyi raundda Azərbaycanın IT üzrə ən yaxşı tələbələrindən biri olaraq iştirak hüququ qazanıb. “Seeds for the Future” proqramı çərçivəsində gənclərə 5G, şəbəkə, bulud texnologiyası, süni intellekt və digər mövzularda “Huawei”də çalışan yüksəkvəzifəli mütəxəssislər tərəfindən təlimlər keçirilir. Layihə boyu komandalar ideyalar irəli sürür və həmin ideyaları təkmilləşdirmək üzərində işləyirlər. Komandalara yüksək səviyyəli mentorlar kömək edir. Layihənin sonunda artıq tamamilə hazırlanmış “pitch deck”də hər komanda öz layihəsi haqqında məlumat verir və təqdimatdan sonra hakimlər tərəfindən sual-cavab edilir. Nəhayət, 1-ci yerin qalibi qlobal yarışa vəsiqə qazanır. Layihə IT yönümlü olmaqla yanaşı, tələbələrə mədəniyyət mübadiləsi imkanı da yaradır.
“Proqram boyu Daşkənddə qalmayıb, Səmərqəndə və bir çox tarixi yerlərə səyahət etdik. Proqram müddətində həm təlimlərdə, həm də sosial fəaliyyətimizdə ən aktiv komanda kimi daim diqqət mərkəzində olduq. Layihə müddətində keçirilən “Social Media Takeover” müsabiqəsində bütün komandalar iştirak edirdi. Sosial mediada ən çox populyarlıq qazanan komanda olaraq Azərbaycanı bu müsabiqənin qalibi etdik”, – deyə Elmir vurğulayıb.
Məqsəd psixoloji problemi olan insanlara süni intellekt vasitəsilə kömək etməkdir
Elmir Hacızadə rəhbərlik etdiyi “Lumio” komandası ilə birgə mobil tətbiq layihəsi hazırlayıb. Tətbiq istifadəçilərə süni intellektlə inteqrasiya olunmuş videozənglərlə psixoloji dəstək verir. Mentorlar və hakimlər tərəfindən yüksək qiymətləndirilən layihə “Social Media Takeover”də qalib gələrək sosial mediada çox populyarlıq qazanan komanda olub: “Məqsədimiz süni intellektdən istifadə edərək psixoloji problemi olan insanlara kömək göstərməkdir. “Lumio” latınca “işıq” mənasını verir. İdeyamız da süni intellekt vasitəsilə mental problemli insanlara kömək etmək idi, bir növ onların pənah yolu olmaq idi. Belə ki, tamamilə süni intellektlə dizayn olunmuş psixoloqla mobil tətbiqin istifadəçiləri canlı danışa və məsləhət ala bilərlər. Bu problemlərdən əziyyət çəkənlərin həm insan psixologiyasına, həm də dünya iqtisadiyyatına belə zərər vura biləcəklərini, biznes modelimizi, marketə daxilolma strategiyamızı və maliyyə məsələlərini araşdırdıq. Mobil tətbiqdə istifadəçilər üçün süni intellekt tərəfindən fərqli görünüşlərə malik insanlar təklif olunur ki, depressiyada, mental problemli olan pasiyent uyğun olanı seçərək səmimi söhbət edə bilsin. Məxfilik strategiyalarından istifadə edilərək istifadəçilərin məlumatları gizli saxlanılır. Danışıqlar tamamilə süni intellekt üzərindən aparılır”.
Akademik və sosial nailiyyətlər
Elmir Hacızadə Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisasının 4-cü kurs tələbəsi və BANM-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədridir. 2021-ci ildə ali məktəbə 656 balla qəbul olub. Akademik nailiyyətlərindən danışan Elmir deyib: “Technest” təqaüdünün, BP və “Prosol”un birgə həyata keçirdiyi kibertəhlükəsizlik təqaüd proqramının qalibi seçilmişəm və həmin kurslardan birinciliklə məzun olmuşam. Bir sıra elmi konfranslarda iştirak edib birinci yerə yüksəlmişəm. SOCAR, “Caspian İnnovation Center” və “Cybernetics” milli kibertəhlükəsizlik şirkətində təcrübə keçmişəm. Eyni zamanda, NASA-nın “Human Exploration Rover Challenge 2023” müsabiqəsində Azərbaycanı təmsil edən ilk və tək ULVI komandasının üzvü olmuşam.
Elmirin öz üzərində daim çalışması onun sosial fəaliyyətinə heç də mane olmur: “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının AzMUN proqramı çərçivəsində BANM-də MUN (Model United Nations club- BMT Modeli Klubu) klubunun əsasını qoymuşam və hazırda kluba sədrlik edirəm. BMT Modeli klubu çərçivəsində həm BANM-dəki, həm də digər universitetlərdə təhsil alan tələbələr üçün BMT Modeli simulyasiya konfransları təşkil etməklə tələbələrin ictimai nitq və araşdırma bacarıqlarına töhfə verərək onların asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək göstəririk. Həmçinin bu yay Almaniyanın Münxen şəhərində keçirilən “International Youth Meeting”də (Beynəlxalq Gənclər Görüşü) Azərbaycanı layiqincə təmsil etdim, mədəniyyətimizi, tariximizi, adət-ənənələrimizi tanıtdım. Layihə dünya ölkələrindən 100-ə yaxın gənci əhatə edir. Potensialına, sosial və akademik nailiyyətlərinə əsasən yalnız 1 iştirakçıya təqaüd verilir. Bu təqaüdün qalibi mən oldum. Həmçinin Formula 1, Beynəlxalq Astronavtika Konqresi 2023, “HackBaku 2022” və digər layihələrdə könüllü qismində fəaliyyət göstərmişəm, xüsusən Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının keçirdiyi düşərgələrdə, görüşlərdə, tədbirlərdə aktiv iştirak etmişəm”.
Gələcək planlar
Elmir Hacızadə təhsilini dünyanın ən yaxşı ali təhsil müəssisələrində davam etdirib kibertəhlükəsizlik sahəsindəki biliklərini daha da zənginləşdirmək fikrindədir: “Daha sonra isə Vətənə qayıdıb, bilik və bacarıqları ölkəmizdə tətbiq edərək Azərbaycanda fəaliyyət göstərməyi planlaşdırıram”.