Bakalavr üzrə əyani formada təhsil alan tələbələr 4-cü, qiyabi formada təhsil alan tələbələr isə 5-ci kursun sonunda ixtisas üzrə təcrübə keçirlər.
Burada bir istisna qayda var ki, minimum bir il iş təcrübəsi olan tələbələr təcrübədən azad olmalıdırlar. Ancaq bəzi universitetlər qeyd olunan qaydanı nəzərə almırlar.
Sözügedən mövzu ilə bağlı Oxu.Az-ın redaksiyasına şikayət daxil olub. Tələbə qeyd edir ki, 15 il iş təcrübəsini əsas götürərək, təcrübədən imtina üçün müraciət edib. Müraciət edən tələbənin sözlərinə görə, ona universitetdən cavab olaraq bildirilib ki, təcrübə keçməli, hətta təcrübədən azad olunsa belə, təcrübə kreditinin ödənişini etməlidir.
Bəs görəsən, keçilməyən, imtina olunan təcrübəyə görə ödəniş edilməsi nə dərəcədə doğrudur?
Elm və Təhsil Nazirliyinin Mətbuat Xidməti mövzu ilə bağlı Oxu.Az-ın sorğusunu belə cavablandırıb:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 489 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə QAYDASI”nın 3.12-ci bəndinə əsasən, tələbənin təhsil aldığı dövrdə ixtisası üzrə əmək fəaliyyəti təhsil müəssisəsi tərəfindən kafedranın (fənn birləşmə komissiyasının) rəyi əsasında bu Qaydanın 3.17.1-ci (ayrı-ayrı ixtisaslar üzrə kadr hazırlığının xüsusiyyətlərini və bu Qaydanın tələblərini nəzərə alaraq, təcrübə komissiyalarını yaradır və onların tərkibini təsdiq edir) yarımbəndinə uyğun olaraq yaradılmış təcrübə komissiyası tərəfindən təcrübə kimi tanına bilər. Bu zaman əmək fəaliyyətinin hər bir həftəsi 1,5 kreditə bərabər tutulur”.
Təcrübədən azad olunduğu halda keçmədiyi təcrübəyə görə ödəniş tələb edilməsi məsələsinə isə nazirlik bu cavabı verib:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 4.6-cı bəndinə əsasən, ödənişli əsaslarla əyani təhsilalma forması üzrə ali təhsil müəssisəsinə qəbul olunan tələbəyə tədrisə tam cəlbolunma (“full time”) və ya qismən cəlbolunma (“part time”) növü üzrə təhsil almaq hüququ verilir. Bu halda tədrisə tam cəlb olunan (“full time”) tələbənin normativ təhsil müddətində illik təhsil haqqı tədris ilinə, tədrisə qismən cəlb olunan (“part time”) tələbə üçün isə bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun fərdi tədris qrafikinə əsasən götürdüyü fənlərin kreditlərinə görə müəyyənləşdirilir”.
Əlavə olunub ki, mövcud qanunvericiliyə əsasən, yalnız tədris planında nəzərdə tutulan kreditləri tam toplayan şəxslərə diplom verilə bilər:
“Əgər tələbə kreditlərini tam toplamayıbsa, bu zaman ona diplomun verilməsi mümkün deyil”.
Təhsil eksperti Qoşqar Məhərrəmov mövzu ilə bağlı danışarkən qeyd edib ki, universitetlərdə təcrübə məcburi dərslər kimidir:
“Yəni tələbə mütləq həmin təcrübə proqramını keçməlidir. Ola bilsin ki, bir tələbə 35 yaşındadır və uzun illər bakalavr oxuduğu sahə üzrə müxtəlif vəzifələri icra edib, amma yenə də həmin təcrübə keçilməlidir. Çünki bu, universitetin tələbidir. Bu tələb yoxdursa da, olmalıdır. Həmin insanın 15 illik təcrübəsinə universitet nəzarət etməyib, edə də bilməzdi. Ancaq universitet təcrübə proqramına nəzarət edir, mümkün qədər zamanla ayaqlaşan, dövrün tələbinə uyğun səriştələr qazandıran bir iş yerində təcrübə proqramını reallaşdırır”.
O vurğulayıb ki, universitet təcrübə təşkil edirsə, tələbələr bunu mütləq dəyərləndirməli və fürsəti əldən verməməlidirlər:
“Tələbənin əvvəlki təcrübələri burada köməkçi rol oynaya bilər. Universitetin təcrübə proqramı tələbənin kreditinin yerini tutmur. Tələbənin əvvəlki iş təcrübələri universitetin nəzarətində qazanılan təcrübələr olmadığından kreditdən azad olunmasına əsas götürülə bilməz.
Tələbə aldığı xidmətlərin qarşılığını ödəməlidir. Lakin universitet almadığı xidmətlərin qarşılığını ondan tələb edə bilməz. Bu addım iqtisadi münasibətlər baxımından düzgün addım olmaz”.
Məhərrəm Əliyev