Bakı şəhəri Müşfiqabad qəsəbəsində 286 nömrəli uşaq bağçası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmirdən sonra istifadəyə verilib.
Açılış mərasimində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər.
Çıxış edənlər yeni fəaliyyətə başlayan uşaq bağçasının kollektivinə uğurlar arzulayıblar. Dövlətin təhsilə olan diqqət və qayğısından bəhs edərək təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsindən, yeni istifadəyə verilən bağçalarda uşaqlara yaradılan şəraitdən danışıblar.
Həmçinin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş fəaliyyət istiqamətlərindən birinin məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin yaxşılaşdırılmasından ibarət olduğu nəzərə çatdırılıb.
Qeyd edək ki, yeni istifadəyə verilən 286 nömrəli uşaq bağçası 120 yerlikdir. Bağçada uşaqların təlim-tərbiyəsi ilə 12 tərbiyəçi və 6 texniki işçi məşğul olur.