Dərc olunub: 17.09.2024
Sentyabrın 12-də Bakı Slavyan Universiteti (BSU) və Təhsilin İnkişafı Fondu (TİF) arasında tələbələrin sosial və akademik həyatında yenilik yaratmağa yönəlmiş “TələbəPlus” kartı ilə bağlı müqavilə imzalanıb.

Müqavilə BSU-nun rektoru Anar Nağıyev və TİF İdarə Heyətinin sədri Elnur Nəsibov tərəfindən imzalanıb.

Qeyd edək ki, “TələbəPlus” layihəsi TİF, “Kapital Bank” və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin əməkdaşlığı çərçivəsində gerçəkləşdirilir və vahid tələbə kartlarının tətbiq edilməsi nəzərdə tutur, eləcə də cari tədris ilindən etibarən tətbiq olunan vahid tələbə kartı universitetə giriş-çıxış, debet, ödəniş kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim, güzəşt və keşbek imkanları təklif edir.

Müqavilənin əsas məqsədi tələbələrə təhsil müddətində bir sıra güzəştlərdən, xidmətlərdən və imkanlardan faydalanmaq imkanı verməkdir.

BSU-nun rektoru Anar Nağıyev çıxış edərək, bu görüşün TİF ilə üçüncü rəsmi görüşün olduğunu və bunun universitet ilə Fond arasında olan əməkdaşlığın davamlı inkişafının göstəricisi olduğunu qeyd edib. İlk rəsmi görüşün ötən ilin 13 iyun tarixində keçirildiyini xatırladaraq, bu tarixin BSU üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan rektor 2000-ci ilin 13 iyun tarixində Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən Bakı Slavyan Universiteti təsis edildiyini və bununla da universitet yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, təhsildə daha böyük məsuliyyətlərin daşıyıcısına çevrildiyini bildirib. Rektor çıxışında həmin tarixdə bağlanan müqavilə əsasında universitetin elmi-pedaqoji heyəti və tələbələrinin beynəlxalq İELTS imtahanına hazırlığını və təşviqini nəzərdə tutan layihə icra edilməyə başlandığını bildirib və layihə çərçivəsində İELTS imtahanında iştirak edən, yüksək nəticə göstərən akademik heyət üzvlərinə əlavə maliyyə dəstəyi təmin edildiyini vurğulayıb. Eyni zamanda, A.Nağıyev çıxışında İELTS imtahanında yüksək bal toplayan tələbələrdən biri Dövlət Proqramı vasitəsilə Böyük Britaniyanın nüfuzlu Sheffield Universitetində magistr təhsilini davam etdirmək hüququnu qazandığını qeyd edib.

Rektor Anar Nağıyev çıxışında Təhsilin İnkişaf Fondunun yeni “TələbəPlus” kartı layihəsi haqqında fikirlərini bildirərək, bu layihənin tələbələr və təhsil işçiləri üçün geniş imkanlar yaradan, rahat bir platforma formalaşdıracağını vurğulayıb. O, tələbə kartlarının yaradılmasının sosial dəstək çərçivəsində təhsilin müasirləşdirilməsinə yönəlmiş vacib bir addım olduğunu qeyd edib. Rektor həmçinin layihənin bütün ali təhsil sistemini əhatə etməsi ilə onun genişmiqyaslı olduğunu və bunun yalnız təhsilə deyil, həm də iqtisadiyyat üçün dəyər zənciri formalaşdırdığını xüsusi vurğulayıb.

Rektor çıxışının sonunda bütün layihələrə görə təşəkkürünü ifadə edərək, xüsusilə Təhsilin İnkişaf Fondu ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Gənc qızların təhsilinə dəstək” layihəsinin qızların inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

TİF İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışında son illərdə BSU-da aparılan dəyişikliklər, yeniliklər təhsil ictimaiyyətini sevindirdiyini və buna görədə rektor Anar Nağıyevə eləcə də, BSU kollektivinə öz təşəkkürünü bildirib. Sonra E.Nəsibov layihənin yaranma prosesi və bu istiqamətdə aparılan danışıqlar barədə məlumat verib. Fond rəhbəri layihənin əsas məqsədinin ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən bərabər şəkildə faydalanmalarını təmin etmək olduğunu bildirərək, ilkin mərhələdə 150 min tələbə kartının istifadəyə verilməsinin planlaşdırıldığını vurğulayıb. Elnur Nəsibov həmçinin qeyd edib ki, Fond öz tərəfdaşları ilə birgə alış-veriş mərkəzləri və tələbələr arasında populyar olan müxtəlif iaşə obyektlərində xüsusi güzəştlərin tətbiqi üçün 200-dən çox şirkətlə razılığa gəlib. Eyni zamanda, gələcəkdə bütün təhsil ictimaiyyətini əhatə edəcək bu kimi layihələrin həyata keçirilməsi istiqamətində planların olduğu da söhbət zamanı müzakirə olunub.

Bənzər yazılar