Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində, İqtisadiyyat və Humanitar Kollecdə və Qazax filialında 15 sentyabr – Bilik Günü münasibətilə tədbirlər keçirilib.
Tədbirlər müstəqil Azərbaycanın xilaskarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Gənc istedadlar” liseyində keçirilən tədbirdə çıxış edən liseyin direktoru Fuad Babayev müəllim və şagirdləri yeni dərs ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra liseyə yeni qəbul olunan V sinif şagirdləri vətənpərvərlik ruhunda şeirlər söyləyiblər. Tədbir ilk zəng sədaları ilə başa çatıb.
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə keçirilən tədbirdə çıxış edən Kollecin direktoru Səhər Orucova yeni tədris ilinin başlaması münasibətilə müəllim və tələbələri təbrik edib.
Kollec direktoru son illər Azərbaycan təhsilində qazanılan nailiyyətlərdən və əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən islahatlardan söhbət açıb. Bildirib ki, Azərbaycanda elm və təhsil islahatları, reallaşdırılan məqsədyönlü layihələr bu sahələrin tərəqqisinə əhəmiyyətli töhfə verir.
Sonra tədbir bədii hissə ilə davam edib.
Universitetin Qazax filialında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, filialın direktoru Arif Rüstəmov, rayon ictimaiyyəti, müəllim və tələbələr iştirak ediblər. Filialın direktoru Arif Rüstəmov müəllim və tələbələri yeni dərs ilinin başlaması münasibətilə təbrik edib, uğurlar arzulayıb.
Filialın tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri İradə Arıxova, I kurs tələbəsi Sürəyya Kazımlının valideyni Aynur Süleymanova, 602 balla BDU-nun Qazax filialının “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olmuş Surəyya Kazımlı, 600 balla elə həmin ixtisasa qəbul olmuş Aysu Yusubova çıxışlarında tələbələri təbrik edib, təhsil uğurları arzulayıblar.