Dərc olunub: 16.09.2024

Sentyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universtitendə (ADPU) 15 sentyabr – Bilik Günü və yeni tədris ilinin başlanması ilə bağlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin ifa olunmasından sonra tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetə yeni qəbul olunmuş tələbələri salamlayaraq onlara uğurlar arzulayıb.

Rektor qeyd edib ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticələrinə əsasən Pedaqoji Universitetin qəbul planı 99 faiz dolub. Diqqətə çatdırılıb ki, ölkədə aparılan davamlı və məqsədyönlü təhsil islahatlarının nəticəsində gənclərin müəllimlik peşəsinə marağı ildən-ilə artmaqdadır. Yüksək bal toplayan tələbələrin ixtisas seçimi zamanı ADPU-nu seçməsinin ənənəvi hal aldığını  vurğulayan prof. C.Cəfərov vurğulayıb ki, 2024/2025-ci tədris ili üzrə bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticələrinə əsasən 600-dən  yuxarı bal toplayan 13 nəfər ADPU-ya qəbul olunub.

Tələbələrə öz tövsiyyələrini verən rektor gəncləri yeniləşən dünyanın tələblərini nəzərə alaraq özlərini zamanın və əmək bazarının  tələblərinə uyğun formada yetişdirməyə, tələbəlik illərini səmərəli dəyərləndirməyə, peşəkar kadr kimi formalaşmaları üçün vacib olan dil və rəqəmsal bacarıqlarını inkişaf etdirməyə çağırıb.

Daha sonra 600-dən çox bal toplayaraq Pedaqoji Universitetə qəbul olunmuş tələbələr öz təəssüratlarını bölüşərək yeni tədris ili münasibəti ilə tələbə yoldaşlarını və professor-müəllim heyətini təbrik ediblər. Müəllimlik peşəsini seçmə məqsədlərindən danışan tələbələr gələcəyin peşəkar və səriştəli müəllimləri kimi formalaşmaq üçün əzmlə çalışacaqlarını bildiriblər.

Bənzər yazılar