Dərc olunub: 05.09.2024

 

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri elan olunub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, 2024/2025-ci tədris ili üçün tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 13 min 454 plan yeri üzrə aparılıb. İkinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə 11793 nəfərdən 39101 müraciət daxil olub.

Birinci və ikinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə ümumilikdə 39000 nəfərdən çox namizəd peşə təhsili almaq üçün müraciət edib.

Tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədə uğur qazanan şəxslər sentyabrın 5-dən 10-dək aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

-attestatın əsli;

-sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

-sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;

-şəxsiyyət vəsiqəsinin surəti;

-3 x 4 santimetr ölçüdə dörd ədəd fotoşəkil;

-hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

-şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Qəbulun II mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Peşə təhsil müəssisələrində boş qalmış plan yerlərinə tələbə qəbulunun apellyasiya mərhələsinin sentyabrın 12-13-də keçirilməsi nəzərdə tutulur.

Bənzər yazılar