Dərc olunub: 05.09.2024

2024/2025-ci tədris ili üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qəbul olmuş abituriyentlərin elektron qeydiyyatına kömək məqsədilə universitetdə operativ dəstək xidməti təşkil edilib.

ADPU-dan bildirilib ki, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi ilə Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi tərəfindən tələbə təşkilatlarıyla birgə təşkil edilən dəstək xidməti çərçivəsində elektron qeydiyyatdan keçməkdə çətinlik çəkən, eyni zamanda, müxtəlif səbəblərlə əlaqədar olaraq qeydiyyatında problemlər yaranmış abituriyentlərə yerində dəstək göstərilir. Elektron tələbə qeydiyyatının başlandığı gündən – avqustun 28-dən etibarən müvafiq şöbələrin əməkdaşları və universitetin tələbə təşkilatlarının könüllüləri tərəfindən 200-ə yaxın abituriyent yerində dəstək xidmətindən faydalanıb.

Eyni zamanda, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən elektron qeydiyyat, tələbə kreditinə müraciət, təhsil haqqından azad olunma və təhsil haqqına güzəştlə bağlı ADPU-nun rəsmi sayt və sosial şəbəkə səhifələrində ətraflı məlumatlar yayımlanıb, qeydiyyat problemləri ilə bağlı rəsmi sosial şəbəkə hesabları və zəng vasitəsilə şöbəyə daxil olan yüzlərlə müraciət operativ şəkildə cavablandırılaraq abituriyentlərə kömək göstərilib.

Qeyd edək ki, yerində dəstək xidməti elektron tələbə qeydiyyatı prosesi yekunlaşanadək davam edəcək.

Xatırladaq ki, ali təhsil müəssisələrinə elektron tələbə qeydiyyatı “portal.edu.az” platforması üzərindən aparılır və sentyabrın 6-dək davam edəcək.

Bənzər yazılar