Dərc olunub: 03.09.2024

 

Bakı İlahiyyat Kollecinin dini-mənəvi xidmət ixtisası üzrə boş qalan yerlərinə qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün 3 sentyabr saat 9:30-dan 8 sentyabr 17:30-dək Dövlət İmtahan Mərkəzinin (DİM) saytında linkə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Müsahibə sentyabrın 10-da Azərbaycan İlahiyyat İnstitutunda (ünvan: Məhəmməd Naxçıvani, 29) keçiriləcək. İştirakçılar saat 09:00-da şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.

Bu barədə  DİM-dən məlumat verilib. Bildirilib ki, müsahibələrin keçirilməsi məqsədilə DİM tərəfindən Dini-Psixoloji Komissiya (DPK) yaradılır. Dini-mənəvi xidmət ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər. Abituriyentlərin ümumi bilikləri, dini təsəvvürləri, psixoloji vəziyyətləri, yaradıcı təfəkkür imkanları xüsusi psixoloji metod əsasında müsahibə yolu ilə müəyyənləşdirilir. Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışları və dünyəvilik anlayışı, psixoloji parametrlərinin dini-mənəvi xidmət ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır. Müsahibənin nəticəsi məqbul və ya qeyri-məqbulla qiymətləndirilir. Dini mənəvi xidmət ixtisası üzrə müsabiqəyə “məqbul” qiymət alan abituriyentlər buraxılır.

Qeyd edək ki, ümumi qaydada qəbul (cari ilin məzunları – buraxılış) imtahanında topladıqları ümumi balı 40 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və daha yüksək olan abituriyentlər qeydiyyatdan keçərək müsahibədə iştirak edə bilərlər.

2024-cü ilin avqust ayında keçirilmiş müsahibələrdə iştirak edib qeyri-məqbul alan abituriyentlər təkrar müsahibəyə buraxılmır.

Bənzər yazılar