Bakı Mühəndislik Universitetinə (BMU) 2024/2025-ci tədris ili üçün bakalavriat səviyyəsinə qəbul üzrə yüksək göstəricilər qeydə alınıb. Universitetə builki qəbul planının iki dəfəyə yaxın artmasına baxmayaraq, bakalavriat səviyyəsi üzrə qəbul 95 faiz, o cümlədən IV və V qruplarda 100 faiz, II qrupda 98,4 faiz, I qrupda isə 89 faiz təşkil edib. Ali təhsil ocağını seçən abituriyentlərin 50 faizi dövlət sifarişi əsasında təhsil alacaq.
Birinci mərhələdən sonra universitetə 36 ixtisas üzrə ümumilikdə 2108 nəfər qəbul olub ki, bu da ötən illə müqayisədə iki dəfə artım deməkdir. Bu, BMU-nun tarixində bir ilkdir.
Bundan başqa, BMU-ya üstünlük verən yüksək ballı abituriyentlərin sayında da ötən illə müqayisədə iki dəfəyə yaxın artım müşahidə edilib. Qəbul olanların 265 nəfəri 500-dən yuxarı, 52 nəfəri isə 600-700 bal arasında nəticə göstərib. Yüksək nəticə göstərən abituriyentlərin seçdiyi ixtisaslar sırasında əsasən informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri, kimya mühəndisliyi, həmçinin logistika və nəqliyyat təhlükəsizliyi, kimya, maliyyə, biotexnologiya, sənaye mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, biznesin idarə edilməsi yer alıb. Ən yüksək balla BMU-ya qəbul olan abituriyent isə “Kimya mühəndisliyi” ixtisasını seçib.
BMU-nu seçən şəxslərin qeydiyyatı ilə bağlı zəruri informasiyalar universitetin saytında (https://beu.edu.az/az/announcement/baki-muhendislik-universitetine-qebul-olan-abituriyentlerin-nezerine-413) və sosial şəbəkə hesablarında yerləşdirilib. Ali təhsil müəssisələrinə qəbul olanlar avqustun 28-dən sentyabrın 6-dək (saat 18:00-dək) elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Avqustun 28-dən sentyabrın 2-dək isə boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.
Bu il BMU-nun bakalavriat səviyyəsində ayrılan plan yerlərindən 1540-ı Azərbaycan bölməsi (əyani), 220-si qiyabi təhsil forması, 525-i isə ingilis bölməsi (əyani) üçün nəzərdə tutulub.