Dərc olunub: 16.08.2024

Bakıda, Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında yerləşən Heydər Əliyev adına parkda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Bir peşənin sirri” festivalı keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, artıq beşinci dəfə baş tutan festivalda həm paytaxtda yerləşən, həm də regionlardan olan peşə təhsili müəssisələri təmsil olunub.

Festivalın açılışında agentliyin direktoru Ceyhun Kərəmov peşə təhsilinin cəmiyyət üçün əhəmiyyətini vurğulayıb və bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıb. Agentlik rəhbəri qeyd edib ki, peşə təhsili gələcəyin peşəkar kadrlarının hazırlanmasında mühüm rol oynayır və bu sahəyə göstərilən diqqət ölkənin iqtisadi inkişafı üçün vacib amildir.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Həsənova belə tədbirlərin gənclərin peşə seçiminə müsbət təsir göstərdiyini qeyd edib.

Festivalda qonaqlara paytaxtı və regionları təmsil edən peşə məktəblərinin turizm, mədəniyyət, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər təqdim edilib. Tələbələrin əl işləri onların peşələrinə olan marağını və ustalıq səviyyələrini nümayiş etdirib. İştirakçılar arasında keçirilən müxtəlif yarışlar (məsələn, meyvə salatının hazırlaması, konturların səliqəli rənglənməsi və s.) həm əyləncəli, həm də maarifləndirici xarakter daşıyır. Bu yarışlar ziyarətçilərə peşə təhsilinin praktik tərəflərini daha yaxından tanıma imkanı verib və iştirakçılara hədiyyələr təqdim olunub.

Festivalı izləyənlər yalnız peşə təhsili ilə bağlı məlumatlar əldə etməklə kifayətlənməyib, həm də fərqli sahələrdə ustad dərslərində iştirak ediblər. Saç düzümü, makiyaj, rəngli saplarla əl işləri, kokteyl hazırlanması kimi master-klaslar qonaqların böyük marağına səbəb olub. Bu dərslər peşə təhsilinin nə qədər geniş istiqamətlər üzrə təkliflər təqdim etdiyini bir daha nümayiş etdirib.

Bu festival gənclər arasında peşə təhsilinə marağın artmasında və onların gələcək peşə seçimində mühüm rol oynamaqla yanaşı, cəmiyyətin bu sahəyə olan diqqətini dəstəkləyir. Tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gəncləri, valideynləri, ümumiyyətlə, bütün maraqlı tərəflərin bu prosesə cəlb etməkdir.

Bənzər yazılar