Dərc olunub: 16.08.2024
Azərbaycan ilə Belarus arasında peşə təhsili sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Belarus Respublikasının Peşə Təhsili İnstitutu (RİPO) arasında imzalanmış anlaşma memorandumu çərçivəsində RİPO-nun direktoru Valeri Qolubovski Azərbaycana səfər edib. Səfər çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyində görüş keçirilib.

Agentlikdən  bildirilib ki, görüşdə iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Görüş zamanı qida məhsullarının istehsalı və alternativ enerji qurğu və avadanlığının istismarı üzrə ixtisasların müəyyənləşdirilməsi, həmçinin müvafiq kadr hazırlığı aparılan müəssisələrin təyin edilməsi məsələləri müzakirə edilib. Belarusun bu sahədəki təcrübəsindən faydalanmaq məqsədilə mühəndis-pedaqoji və inzibati idarəetmə heyətinin qarşılıqlı təcrübə mübadiləsində iştirak etməsi nəzərdən keçirilib.

Daha sonra Belarusun peşə təhsili sisteminin ümumi strukturu, təsnifatın formalaşması və peşə təhsilinin idarə edilməsində müvafiq nazirliklərin rolu ilə bağlı ətraflı müzakirə aparılıb. Görüşdə prioritet istiqamətlər üzrə əməkdaşlıq və təcrübə mübadiləsi sahəsində konkret addımlar atılması qərara alınıb.

Səfər çərçivəsində RİPO-nun direktoru Valeri Qolubovski Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə də baş çəkib. İnstitutun direktoru “Belarus Respublikasında peşə təhsili: yanaşmalar və nailiyyətlər” mövzusunda seminar təşkil edib.

Qonaq, həmçinin Cəlilabad və Lənkəran Dövlət Peşə Təhsil mərkəzlərində olub.

Bu səfər Azərbaycan ilə Belarus arasında peşə təhsili sahəsində təcrübə paylaşımı və gələcək əməkdaşlıq layihələri üçün möhkəm baza yaratmaq məqsədilə həyata keçirilib.

 

Bənzər yazılar