Son vaxtlar mətbuatda təhsil ekspertləri və mütəxəsisləri kolleclərin bu günü, gələcək statusu ilə bağlı müxtəlif məqalələrlə çıxış edir.
Orta ixtisas təhsil müəssisələrinin fəaliyyəti və onların perespektivi ilə bağlı gedən müzakirələrdə kolleclərin ciddi nüfuza sahib olmadığı, əmək bazarının tələblərinə cavab vermədiyi daha çox vurğulanır. Bu sahədə təhsilin inkişaf göstəriciləri də mütəxəssislər tərəfindən aşağı dərəcədə qiymətləndirilir. Bütün bu deyilənlərə onların maddi texniki təchizatının zəif olması, tədris olunan ixtisas fənnlərinə dərs vəsaitlərinin çətinliklə tapılması məsələsini də əlavə etmək olar.
Təbii ki təhsil dövlətin bünövrəsini təşkil edən əsas amillərdən biridir və bu sahənin beynəlxalq standartlara cavab verməsi savadlı alimlərin,hərbi mütəxəssisin, mühəndisin, həkimin yetişdirilməsu deməkdir. Bu baxımdan yeni metod və mütərəqqi qanunların qəbul edilib tətbiq edilməsi çox önəmlidir.
Bəs bu sahə ilə bağlı dəyərli təhsil ekspertlərimiz nə təklif edir? Səslənən əksər fikirlər aşağı-yuxarı müəyyən qədər yaxınlıq təşkil edir. Beynəlxalq standartları və dünya təcrübəsindən çıxış edərək əksər dövlətlərdə orta ixtisas təsnifat pilləsinin olmaması yaxud Ali təhsil müəssisələrində mərhələli təhsil sisteminin tətbiq edildiyini vurğulayırlar.
Azərbaycanda fəaliyyət göstərən kolleclərin əksəriyyəti bölgələri təmsil edir. Baxmayaraq ki bölgələrdə bəzi kolleclər birləşərək regional status daşımağa başlayıb.Eyni zamanda baş nazir Ə.Əsədovun 8 oktyabr 2021 qərarı ilə bəzi kolleclər publik hüquqi şəxs starusu alaraq unverstetlərin tabeliyində fəaliyyət göstərir.
Əslində rayonlarda olan kolleclərin imkanlarının genişləndirilməsi daha vacibdir.Nəzərə alsaq ki,orta ixtisas təhsil müəssisələrini seçən tələbələr maddi imkanı o qədər də yüksək olmayan ailələri təmsil edir və övladlarının xərclərinin qarşılanması baxımından daha yaxın məsafədə olan kolleclərə üstünlük verməsi başadüşüləndir Bütün bunlarla bərabər bilirik ki kolleclərə seçim edən şəxslər məktəblərdə yüksək nəticələri olmayan, daha böyük iddialarla çıxış etməyən təbəqəni əhatə edir. Rayonlarda kolleclərin fəaliyyət göstərməsi yüzlərlə insanın işlə təminatı ilə bərabər bu ərazidə fəaliyyət göstərən digər şəxslərədə gəlir əldə etmək imkanları yaradır.
Bəs kolleclərin səviyyəsini necə yüksəltmək olar? İlk növbədə bu təhsil müəssisələrin maddi-texniki təchizatla təminatı yüksəldilməli, ixtisaslara uyğun yeni laboratoriyalar qurulmalı və dərs vəsaitləri ilə təmin edilməlidir.
Ali təhsil müəssisələri ilə kolleclərin ixtisasları təkrarlanmalı deyil,əmək bazarına uyğun yeni ixtisas təsnifatı hazırlanmalıdır. Kadr hazırlığı ilə bağlı regionlarda fəaliyyət göstərən dövlət müəssisə və təşkilatları ilə müqavilələr bağlanmalı, tələbələrin praktik təcrübə keçməsi üçün yeni metodlar qəbul edilməlidir. İş yerləri mütləq ali təhsil tələbi ilə çıxış etməli deyil. Bəzən kolleclərdən gələn tələbələr daha hazırlıqlı və ixtisası mənimsəmiş olur. Ona görə də bəzən belə tələblər onlara iş tapmaqda çətinlik yaradır.
Publik hüquqi şəxs statusu alan kolleclər iş adamları cəlb olunmalı, yeni layihələrin hazırlanması və həyata keçirilməsində iştirak etməlidir.
İnanıram ki təhsilin bu sahəsi idarəetmə təcrübəsi olan insanlar hesabına inkişafın yeni mərhələsinə qədəm qoyacaq.
Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin müəllimi: İ.Yusifov