Dərc olunub: 29.06.2024

“Şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi ilk növbədə müəllimin üzərinə düşür. Müəllim çox güclü varlıqdır. Təhsilalanın inkişafı, savadlı və səriştəli şəxs kimi formalaşması müəllimin təsirindən, onun akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır. Bu baxımdan müəllim hazırlığı və müəllim əməyinə qiymət verilməsi istiqamətində müəyyən addımlar atılmalıdır. Bu sahədə işlər davam etdirilməkdədir”.

Bunu Publika.az-a açıqlamasında təhsil mütəxəssisi Nadir İsrafilov deyib.

O qeyd edib ki, müəllim pedaqoji prosesdə həlledici qüvvədir:

“Hələ bir müddət əvvəl Azərbaycan Respublikasının İnkişaf Konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resurslarının inkişaf etdirilməsi ön plana çəkilmişdi. Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Qanunda nəzərdə tutulan qaydada sertifikatlaşdırmaya cəlb olunurlar”.

Ekspert bildirib ki, bu prosedurun məqsədi kimlərisə işdən azad etmək olmamalıdır:

“Ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılmasına ehtiyac var. Sertifikasiya ilə bağlı qaydalar təkmilləşib, bundan sonra da təkmilləşəcəyi istisna olunmur. Təkmilləşmə o həddə qədər davam etməlidir ki, sertifikasiya proseduru müəllimlər üçün diskomfortla müşayiət olunan narahatlıq və narazılıq halına deyil, səbirsizliklə gözlənilən özünə inam, özünə güvən hissinə çevrilsin. Nəzərə alsaq ki, hər il təxminən 35 min müəllimin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub və 2026-cı ilə qədər bütün müəllimlər prosesdən keçəcək, deməli qaydalarda təkmilləşmə və yeniləşmə işlərinə də zərurət yaranacaq. Bu proseduru bu dərəcədə dilə-dişə salmaq, zəif göstəricilərdə günahkar axtarmaq vəziyyətdən çıxış yolu deyil. Keçmiş günahkarlar kimdir? Yəqin ki, bir çoxları bilməmiş deyil ki, əvvəllər Müəllimlər İnstitutu kimi tanınan müəssisə bir müddət əvvəl Müəllimləri Təkmilləşdirmə İnstitutu kimi fəaliyyət göstərirdi. 2000-ci ildə adını dəyişdirib, Azərbaycan Müəllimləri İnstitutu qoydular. Gəncədə, Qazaxda, Qubada və digər rayonlarda 12 filialı yaradıldı. Şübhəsiz ki, ucqar filiallarda lazımı nəzarət olmadı. Amma biz bunu başqa istiqamətə yönəldib yenidən hazırlanma kursları açdıq”.

 

Təhsil mütəxəssisinin sözlərinə görə, kimya, biologiya, coğrafiya müəllimləri, hətta baytarlar, zootexniklər, tibb bacıları və digər peşə sahibləri kursları bitirib, ibtidai sinif müəllimi oldular:

“Bundan başqa, illərdir diaqnostik qiymətləndirmə keçirdik. Əgər diaqnostik qiymətləndirmə nəticəsində bu insanların müəllim peşəsinə uyğun olmadığı müəyyən edilməliydisə, onda niyə ibtidai sinif müəllimlərinə 6-8 saat yığma dərs verib təhsildə illərlə saxladıq? Niyə təkcə dərs saatını azaltmaqla kifayətləndik? Bizim sanki ali məktəblərə gücümüz çatmır. Hər dəfə orta məktəbləri bu kimi problemlərdə ön plana çıxarırıq. İstər bakalavr, istər magistratura pilləsində illərlə oxuyan MİQ-dən (Müəllimlərin işə qəbulu üzrə müsabiqə-red.) 0 bal toplayırsa, bunun hesabını ali təhsil müəssisələrindən, kollec rəhbərlərindən soruşan varmı? Halbuki qanunvericilikdə təhsilin keyfiyyətinə görə məsuliyyət nəzərdə tutulub, amma bir dəfə hansısa ali məktəbin adı çəkilmir ki, bu müəssisə niyə “zay kadr” yetişdirir. Bu cür məsələlərin kütləvi surətdə ictimailəşdirilməsi müəllim adına xələl gətirir.

Bu gün üçün nə qədər problem olsa da, bu cür faktların açıqlanması onsuz da sarsılmış müəllim nüfuzuna zərbə vurur, geniş ictimaiyyətdə bütövlükdə müəllim haqqında mənfi imic formalaşdırır. Savadsızlıq və şəristəsizlik üzündən bir gündə iki xəstəni öldürən həkimlərimiz də var. Heç adını çəkən var? İstənilən ixtisas üzrə müəllimlərin faktiki göstəriciləri bu statistikanın kütləvi şəkildə ictimailəşdirilməsindən daha çox xidməti istifadə üçün əhəmiyyətlidir. Riyaziyyat müəllimlərinin daha yüksək göstəricilərə nail olması heç də ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin üzərinə kölgə salmaq anlamına gəlmir. Kollec bitirənlərin universitet bitirənlərdən daha yüksək bal toplaması halları da az deyil. Onun günahı nədir ki, onun təhsili ali deyil? Müəllimlik əzablarla doludur. O, həm də uğurlarla boldur. Gəlin, bir az əzablarımız barədə düşünək, amma daha çox uğurlarımıza yer verək”.

Bənzər yazılar