Dərc olunub: 27.06.2024
Yayın isti günlərini yaşayırıq. Buna baxmayaraq işləyəm valideyinlər hələ də istirahətə çıxmayıb. Məktəblər bağlanıb, uşaqlar yay tətilinə buraxılsa da. Uşaqların tətilə çıxması da valideynlərin məsuliyyətini daha da artırıb. Yay tətilinin rəngarəng, maraqlı və səmərəli təşkili məhz valideynlərin üzərinə düşür. Bəs, uşaqlar yay tətilini necə keçirməlidirlər?

Əvvəllər uşaqların yay tətilini səmərəli keçirə bilmələri üçün yay düşərgələri var idi. Uşaqlar üçün tədris ilinin sonunda pioner düşərgələri fəaliyyət göstərirdi. 1990-cı illərdən sonra bu düşərgələr dağılmağa başladı. Bunun əsas səbəbi düşərgələrin binalarında məcburi köçkünlərin məskunlaşmasıdır. İndi bu düşərgələr yox vəziyyətindədir.
Mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov Moderator.az-a danışdı.
“Danılmaz faktdır ki, istirahətin və asudə vaxtın təşkili uşaqların istər fiziki, istərsə də mənəvi-psixi sağlamlığı nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Sosiallaşma baxımından əvəzolunmaz şərait həm də valideynlər üçün övladlarına görə arxayınçılıq yaradır. Düşərgələrin uşaqların təlim-tərbiyəsi, zərərli vərdişlərdən uzaqlaşması, məşğulluğu və səmərəli fəaliyyətə qoşulması baxımından çox böyük və müstəsna əhəmiyyəti hələ də danılmaz olaraq qalmaqdadır. Orada şagirdlər özlərinə dost tapırdılar, idman və hərbiyə dair bacarıq və vərdişlərə yiyələnirdilər, nizam-intizama alışırdılar.
O da məlumdur ki, uzun müddətli gərginlikdən sonra istirahətlə yanaşı kollektivçilik, təşkilatçılıq, birgəyaşayış prinsipləri yüksək əhval-ruhiyyəyə, bu isə öz növbəsində təhsilin səmərəliliyinə və keyfiyyətinə müsbət təsir göstərən amillərdəndir. Yarışlar, viktorinalar, disputlar, ekskursiyalar, daha nələr, nələr… Eyni zamanda bu düşərgələr, bir növ hərbi xidmətə hazrlığın, fiziki, mənəvi və hərbi-vətənpərvərlik tərbiyəsinin də sınanmış bir forması idi. Uşaqların şeypurun səsi ilə vaxtında yuxudan durması, yatması, qidalanması rejimlə tənzimlənirdi. Tonqallar, məşəllər, Bayraq önündə düzülüş, Vətənə, doğma torpağa sədaqət andları və s. bütün tərbiyə aspektləri baxımından əhəmiyyətli idi”.
Ekspert qeyd etdi ki, bir çox iri müəssisələrin və təşkilatların olduğu kimi yerli təhsil şöbələrinin də belə düşərgələri var idi:
“80-ci illərin sonu, 90-ci illərin əvvəllərində rəhbərlik etdiyim Bakı şəhəri Nəsimi rayon Təhsil şöbəsinin düşərgəsi də təsadüfdənmi, zərurətdənmi Nabranda yerləşirdi. Təhsil müəssisələrinə məxsus digər belə düşərgələr Qubada, Şüvalanda və Respublikanın digər füsünkar guşələrində “Qərənfil”, “Qağayı”, “Cırtdan” və digər adlarla fəaliyyət göstərirdi. Əgər kiminsə şəhərdən kənara çıxmağa imkanı yox idisə, orta məktəblərdə şəhər tipli müəyyən düşərgələr təşkil olunurdu. Bildiyim qədər o illərdə 50-dən çox uşaqların yay düşərgəsi, istirahət ocağı olub. Onlardan 16-sı Xəzər sahillərində, digərləri isə bölgələrdə fəaliyyət göstərirdi.
2000-ci ilin əvvəllərinə qədər uşaqların asudə vaxtının səmərəli təşkili üçün Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi yay düşərgələri təşkil edirdi. Müəyyən müddətdən sonra belə düşərgələrin təşkili bu dövlət qurumlarının balansından da çıxarıldı. Ali təhsil ocaqları üçün demək olar ki, bu məsələ həll olunub. Universitetlərin özlərinin ayır-ayrı bölgələrdə yay istirahət mərkəzləri var. Məsəl ilə bağlı bir müddət həmkarlar konfederasiyası, sonra isə Mədəniyyət və Turizm Nazirliyi belə bir məsələ qaldırıb. Parlamentdə məktəb turizminin inkişaf etdirilməsi məsələsinin müzakirə olunacağı barədə də xəbərlər yayılmışdı”.
Nadir İsrafilovun fikrincə qanun çərçivəsində ölkədə uşaq istirahəti üzrə dövlət standartları və onun təsnifatı müəyyənləşməlidir:
“Sənəddə uşaq istirahəti üzrə dövlət standartlarında “Uşaq istirahəti yerlərinin tərbiyə prosesinin və uşaqların asudə vaxtının təşkili üçün zəruri olan inventar və avadanlıqla, uşaq əyləncə vasitələri ilə təminatı normativləri”, “Uşaq istirahət yerlərinin ərazisində uşaqların istirahət üçün yerləşdirilməsi normativləri”, ” Uşaqların fizioloji tələbatlarına uyğun qida ilə təmin edilməsi normaları” və s. nəzərdə tutulurdu.
Ancaq hələlik ortada bir mexanizmi yoxdur, təşəbbüs kimi qalır. Hətta bu işin özəl şirkətlərə həvalə edilməsi təklif olunurdu. Lakin özəl şirkətlərinin bunu nə dərəcədə həyata keçirə biləcəyi sual doğurur. Mövcud olan düşərgələrin qiymətləri isə əhalinin geniş təbəqəsi üçün kifayət qədər əlçatan deyil. Uşaqlar bizim gələcəyimizdir, gələcəyi isə qorumaq borcumuzdur. Uşaq uşaqlıq həyatın yaşamalıdır və uşaq kimi böyümədir. Demək olar ki, şagirdlər yay görmür, asudə vaxt tapan kimi kompüter salonlarına gedib müxtəlif oyunlar oynamaqla özlərinə təsəlli tapırlar.Təbii ki, bu da onların sağlamlığına və tərbiyəsinə təsirsiz ötüşmür. Məktəblilərin yay düşərgəsi məsələsi geniş şəkildə ictimailəşməli, problemin üstünə gedilməlidir.
Ölkədə hələ 1998-ci ildə qəbul olunmuş “Uşaqların hüquqları haqqında” qanunun 25-ci maddədə qeyd olunur: “Hər bir uşağın istirahət və asudə vaxtından istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdən kənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısının alan tədbirlər görməlidir. Dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək, mədəni həyata və yaradıcılıq fəaliyyətinə qovuşmasını təmin etmək məqsədilə məktəbdənkənar müəsisələrin, sağlamlıq ocaqlarının və digər istirahət yerlərinin geniş şəbəkəsini yaradır, inkişaf etdirir, bu obyektlərdən pulsuz və güzəştli istifadə qaydalarını müəyyən edir.” İstənilən halda nəsə etmək lazımdır. “Uşağın tərbiyəsinə onu tanımaqla başlamalı, onun öz bacarıqlarını kəşf etməsinə kömək etməliyik…
Hər şey ondan başladı ki, Sovet təhsilindən imtina edəndən sonra “pioner” sözünə qarşı sanki bir qıcıq yarandı. Halbuki, Uşaqların, məktəblilərin asudə vaxtının təşkili ilə bağlı məsələ həllini orada tapardı. Pioner düşərgələrinin fəaliyyəti tədris ili başa çatan kimi aktuallaşardı. Düşərgələr tək kollektiv dincəlmək yox, eləcə də uşaqların sosial həyatını, ictimai şəxsiyyət kimi formalaşmağını, rejimli həyat tərzini aşılayırdı. Bu günkü təhsil sistemi elə bil məktəblini universitetə daxil etmək üçün yetişdirir, hər şey buna hesablanıb.Təhsil müəsisəsi tək bilik vermək yox, öz yetirmələrini tərbiyə, şəxsiyyətə çevrilmək dərsi də verməlidir. 2013-cü ildə MM-də uşaqların istirahət hüququ ilə bağlı 25 maddədən ibarət qanun layihəsi müzakirəyə çıxarılsa da, bu günə qədər ondan səs- soraq yoxdur.
Sözsüz ki, maddi imkanı olan uşaqlar üçün istənilən yerdə istirahət etmək problem deyil. Fakt odur ki, əyləncə mərkəzində keçirilən bir neçə saatlıq zaman belə aztəminatlı ailələr üçün əlçatan deyil. Bu gün “Uşaqların istirahətinin və asudə vaxtının səmərəli təşkil edilməsi haqqında Qanun”unun aqubəti qeyri-müəyyəndir. Fakt odur ki, ölkədə uşaqların istirahət hüququ elə öz ailəsi tərəfindən “tanınır”. Başqa sözlə, valideyn ailə büdcəsindən övladı üçün gəzinti, əyləncəni əlindəki maddiyyata uyğun edir”.

Bənzər yazılar