Dərc olunub: 26.06.2024

“Hazırda Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə Azərbaycan məktəblərinin sayının artırılması, soydaşlarımızın dilimiz, tariximiz, mədəniyyətimiz və ümumilikdə ölkəmiz haqqında daha geniş informasiyalar əldə etməsi üçün ardıcıl addımlar atır. Bütün bunlarla yanaşı, istər məktəblərin, istərsə də kursların fəaliyyətində Azərbaycan həqiqətləri, Qarabağla bağlı həqiqi informasiyaların dünya ictimaiyyətinə çatdırılması əsas hədəflərdən biridir”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib. Onun fikirincə, bu gün dil, əməl birliyi mobilliyin mühüm elementidir:
“Buna nail olmaqla yeni platformalarda irəliləmək mümkündür və məsələnin daha uğurlu həllinin təkcə Komitənin fəaliyyəti ilə məhdudlaşdırmaq olmaz. Strateji Yol Xəritəsinin mahiyyəti də məhz buna xidmət edir. Bu məsələnin daha geniş miqyas almasına səfirliklər, imkanlı iş adamları, hər bir vətəndaşımız, o cümlədən də xaricdə təhsil alan tələbələrimiz və qürbətdə yaşayan, işləyən soydaşlarımız səfərbər olunmalı, əllərindən gələni etməlidirlər. Bizim məktəblərlə xaicdəki həftəsonu məktəblər arasında körpü yaradılması da ümumi işə töhfə olardı. Prezident İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, bununla yanaşı, ölkəmiz haqqında daha geniş məlumatın yayılması vacibdir. Ölkə başçısının bu çağırışına cavab olaraq dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı çalışmalıdır ki, milli və dövlətçilik maraqlarımız ətrafında daha sıx birləşsin, hər bir soydaşımız müstəqil, qüdrətli Azərbaycan dövlətini öz yanında görsün. Bu məsul və şərəfli missiyanın yerinə yetirilməsində vətəndaşlarımızla yanaşı, xaricdə yaşayan soydaşlarımızın da üzərinə məsuliyyətli yük düşür”.
Təhsil eksperti bildirib ki, sözügedən məsələlərlə bağlı vəzifələr qanunvericilikdə öz əksini tapıb:
“Bu Qanuna əsasən Azərbaycan Respublikasının dövlət orqanları xaricdə yaşayan azərbaycanlılara öz mədəni irsinin və dilinin qorunub saxlanmasında və inkişaf etdirilməsində, öz ana dilində təhsil almaq imkanının həyata keçirilməsində yardım göstərir və bu məqsədlə tədbirlər görür, xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən məktəblərin tədris-metodik və maddi-texniki təminatına və inkişafına, eləcə də həmin məktəblər üçün kadrların hazırlanmasına yardım göstərir”.
N.İsrafilov əlavə edib ki, dünyada gedən qloballaşma prosesi, xalqlar arasında sürətli inteqrasiya meyllərinin güclənməsi diaspor quruculuğu sahəsində daha effektiv işlər görməyi qaçılmaz edir:
“Ölkə başçısının siyasi kursu son dövrlərdə diaspor hərəkatını gücləndirib, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr daha da möhkəmlənib. Diasporla əlaqələrin möhkəmləndirilməsi və xaricdə yaşayan soydaşlarımızla etibarlı körpülər qurulmasının mühüm həlqələrindən biri də müxtəlif ölkələrdə Azərbaycan dili məktəblərinin açılmasıdır. Bu məktəblər dilimizi, milli-mənəvi dəyərlərimizi yaşadır və təbliğ edir. Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dilini unutmaması, soydaşlarımız arasında dilimizin yaşaması üçün davamlı işlər görür”.
Təhsil eksperti bu gün xaricdə böyüyən nəslin Azərbaycana daha da bağlı olması məqsədilə müxtəlif ölkələrdə xeyli sayda həftəsonu məktəblərin olduğunu vurğulayıb:
“Xarici ölkələrdə Azərbaycan dilində şənbə və bazar günləri fəaliyyət göstərən bu məktəblərdə uşaqlara Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, incəsənəti tədris olunur. Belə məktəblər ən çox azərbaycanlıların yaşadığı keçmiş MDB məkanındadır. Belə məktəblər hazırda Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda da fəaliyyət göstərməkdədir. ABŞ və bəzi başqa ölkələrə nəzər saldıqda şahidi oluruq ki, Floridada, Nyu-Yorkda, Bruklində, Kaliforniyada, Torontoda, Ottavada, Londonda Azərbaycan dilli məktəbi həmvətənlərimizə doğma dilini, tarix və mədəniyyətini öyrədir”.
Ekspert qeyd edib ki, xaricdə fəaliyyət göstərən Azərbaycan dilli məktəblərin müasir mənzərəsinə gəldikdə, qonşu Türkiyədə Zəhra Ana Yardımlaşma və Həmrəylik Dərnəyi, Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyi, Azərbaycan Təhsil və Kültür Dərnəyinin nəzdində Azərbaycan məktəbləri fəaliyyət göstərir:
 
“Bütün bunlarla yanaşı, istər məktəblərin, istərsə də kursların fəaliyyətində Azərbaycan həqiqətləri, Qarabağla bağlı həqiqi informasiyaların dünya ictimaiyyətinə çatdırılması əsas hədəflərdən biridir”.
 
Jalə

Bənzər yazılar