SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun Çinin “Huawei” şirkətinin “Gələcəyin toxumları” (Seeds for the Future) proqramının bağlanış mərasimində çıxışı dinlənilib.
Bu barədə BANM-dən məlumat verilib. Bildirilib ki, rektor E.Qasımov çıxışında Bakı Ali Neft Məktəbi ilə “Huawei” şirkətinin əməkdaşlığının sıx olduğunu, şirkətin Azərbaycandakı sosial layihələrində BANM-in mühüm yer tutduğunu vurğulayıb. O xatırladıb ki, “Huawei” şirkəti ilə Bakı Ali Neft Məktəbi arasında anlaşma memorandumu imzalanıb, şirkət BANM-də tədris laboratoriyasının qurulmasına dəstək olub, Azərbaycanda ilk dəfə bu ali məktəbdə “Huawei IT Akademiyası” yaradılması barədə qərar verilib.
E.Qasımov qeyd edib ki, Bakı Ali Neft Məktəbinin tələbələri “Huawei” şirkətinin təşkil etdiyi müsabiqələrdə, layihələrdə fəal iştirak edir və uğur qazanırlar.
Tədbirdə şirkətin layihələrində fəal iştirak edən, yarışlarında qalib olan BANM-in informasiya təhlükəsizliyi ixtisasının tələbəsi Roman Tolstoşeyev təqdimatla çıxış edib.





