Dərc olunub: 26.01.2023

Müxtəlif sosial şəbəkələrdə və xəbər saytlarında Astara rayonunun Burzubənd kənd tam orta məktəbinin direktoru Turan Rəfiyev tərəfindən həmin məktəbin müəlliminin şiddətə məruz qalması başlığı  ilə yayılan məlumatı aydınlaşdırmaq məqsədi ilə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə  təhsil sektoru tərəfindən 26 yanvar 2023-cü il tarixində araşdırılma aparılmışdır.    

Regional idarədən Mektebgushesi.az -a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilmişdir ki, son bir  ildə Burzubənd kənd tam orta məktəbində fəaliyyət göstərən pedaqoji və texniki heyətlə direktor arasında heç bir zidiyyətli insident müşahidə olunmamış və qeydə alınmamışdır.  Turan Rəfiyev direktorların işə qəbul müsabiqəsində  keçid balını toplayaraq, müsahibə mərhələsini keçmiş və Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmri ilə 02.04.2015-ci il tarixdən Burzubənd kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin edilmişdir. Məktəbin bialogiya müəllimi Əmirov Vidadi Əhməd oğlu ilə direktor Turan Rəfiyev arasında 2022-ci ildə şəxsi zəmində münaqişə baş vermişdir  və yaranmış vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmuşdur. Hüquq-mühafizə orqanları tərəfindən aparılmış araşdırma nəticəsində heç bir cinayət  əməlinin və şiddət göstərmə faktının olmadığı müəyyən edilmişdir. Həmin dövrdə tərəflər arasında barışıq əldə edilmişdir. Hər iki tərəfin verdiyi izahatına əsasən hazırda direktor Turan Rəfiyev və müəllim Vidadi Əmirov  arasında heç bir münaqişəli vəziyyət yoxdur.  Kollektivin böyük bir hissəsi ilə görüş zamanı pedaqoji və texniki heyət məktəb   direktorunun fəaliyyətindən razı olduğunu bildirmişdir.

Eyni zamanda  Astara şəhər F.Əliyarov adına 6 saylı tam orta məktəbin direktoru Ülviyyə Bayramova ilə həmin məktəbin kargüzarı arasında yaranan münaqişə ilə bağlı xəbər saytlarında yer alan məlumata aydınlıq gətirmək üçün Astara rayonu üzrə təhsil sektoru əməkdaşları tərəfindən  təkrar araşdırılma aparıldı.

Bayramova Ülviyyə Aydın qızı direktorların işə qəbul müsabiqəsindən keçərək Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmri ilə 03.02.2020-ci ildən Astara şəhər F.Əliyarov adına 6 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir.

Məktəbin kargüzarı Məmmədova Validə Məcid qızı direktora oğlu Nəcəfov Səid Halik oğlunun  işə götürülməsi ilə bağlı müraciət etmişdir. Ülviyyə Bayramova məktəbdə yaranacaq vakant yerə qaydalara uyğun olaraq şəhid ailə üzvlərindən, qazi və  müharibə iştirakçılarından  müraciət edən olmayacağı təqdirdə Validə Məmmədovanın oğlunun işlə təmin olunmasına köməklik göstərəcəyini bildirmişdir. Lakin məktəbdə yaranmış vakant yerə şəhid ailəsi üzvünün götürülməsi Validə Məmmədovanın direktora qarşı münasibətinin dəyişməsinə səbəb olmuşdur. Validə Məmmədova müxtəlif dövlət orqanlarına şikayət məktubları yazaraq, direktoru rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham etmişdir. Şikayət məktubları qanunamüvafiq olaraq araşdırılmış, məktəbdə vəzifə səlahiyyətlərindən  sui-istifadə,  rüşvətxorluq  və korrupsiya hallarının olmadığı müəyyən edilmişdir. Direktor Ülviyyə Bayramova dəfələrlə əsassız olaraq şərəf və ləyaqətini təhqir etdiyinə görə  Validə Məmmədova barəsində   hüquq-mühafizə orqanlarına müraciət etmişdir.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Bənzər yazılar