Dərc olunub: 21.01.2023

Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1981-ci il təvəllüdlü Elşən Mirzəcanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

DİN-in Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev  bildirib ki,  “O, təcrübəli idi, çünki oğurluq və digər cinayətkar əməllərinə görə həbsxana görmüşdü”.

Şübhəli şəxs dörd gün ərzində bir neçə dəfə axtarışın istiqamətini dəyişməyə çalışıb:

“Polis əməkdaşları onun tutulması üçün 159 vətəndaşdan məlumat toplayıb, 57 şəhər kamera görüntülərini araşdırıb. Xarici görkəmini, hətta yerişini də dəyişməsinə baxmayaraq, saxlanıldı”.