Məncə, xalqın mənəvi dəyəri onun ziyalı mühitinin çəkisi ilə düz mütənasibdir. Yəni,bir xalq var olduğu müddətcə dünya siyasət tarixinə, hərb tarixinə, elm, mədəniyyət, ədəbiyyat, incəsənət tarixinə nə qədər töhfələr bəxş edə bilibsə, qədər də böyük xalq hesab edilir. Bu məqaləmizdə söhbət açacağımız şəxs də Azərbaycan ədəbiyyat tarixinin ağırçəkili Şıxlılar nəslindəndir. Hərb tariximizdə “Artilleriya allahı” kimi iz buraxan Əliağa Şıxlinski nəslindən olan, ədəbiyyatımızda milli özünüdərk, özünəqayıdış epoxasının qurucuları olan məşhur 60-cılar nəslinin əsas simvollarından İsmayıl Şıxlının layiqli davamçısı Elçin Şıxlıdır. Oxucu kütləsi tərəfindən daim yüksək dəyərləndirilən məqamlardan biri də odur ki, Elçin Şıxlı İsmyıl Şıxlı kölgəsi altında yazıb-yaratmağa çalışmamışdır.Əksinə, bu məqam onun çiyinlərinə daha çox məsuliyyət qoymuşdur, onun daha şəffaf yazıb-yaratmasına rəvac vermişdir. İsmayıl Şıxlı kimi Elçin Şıxlınının da yaradıcılıq yoluna çıxışı müəllimlik peşəsindən keçib gəlir. Lakin bu onların nə xarakterindəki, nə də yaradıcılıq yolundakı yeganə oxşarlıq deyil. Eyni adda hekayə və məqalələrinin olması da əsas oxşarlıqları deyil. Ziyalı təbəqəmizin bu iki sanballı qələm sahibinin bir-birinə bənzədiyi daha mühüm məqamlar var:
İlk olaraq onu qeyd etmək istəyərdim ki, Elçin Şıxlı jurnalistika məktəbimizin mötəbər fiqurlarından olsa da, əsas yazı üslubu publisistik üslub olsa da, onun cümlələrindəki bədiilik, bədiiliyə meyllilik ədəbi istedadın ona genetik şəkildə ötürüldüyünün göstəricisidir. Elçin bəyin yazılarında bədii ifadə və təsvir vasitələrindən mükəmməl şəkildə istifadə, publisistik örpəyə bürünmüş bədiilik oxucunu təəccübləndirməyi bacarır. Nümunə üçün onun yazılarındakı cümlələrdən bir neçəsini seçmişəm:
“Bakı küləyi yenə özündən çıxmışdı”. “Sosial şəbəkələr xalq yaradıcılığı nümunələri ilə aşıb-daşırdı”. Və yaxud bu cümlə: “Qarşısındakı azadlıq qoxuyan uçurumun genişliyinə baxırdı”. Hətta Elçin Şıxlının məqalələrinin toplusu kimi dərc edilən kitabın adı da özündə fəlsəfilik və bədiiliyi eyni zamanda ehtiva edir. Kitab belə adlanır: “Sükutdan sitat”.
Digər oxşar cəhət xalq təəssübkeşliyi məsələsidir. İsmayıl Şıxlı qələmə aldığı əsərlərində oxucunu xalqın milli mənşəyi, taleyi, ən əsası da mental dəyərləri barəsində düşündürməyi bacarır. Elçin Şıxlı da yazılarında dönə-dönə bu xalqın öz dəyərini, potensialını tanımamasını kədərlə ifadə edir.
Bunlarla yanaşı, İsmayıl Şıxlının məşhur Məni itirməyin hekayəsinin qəhrəmanı olan Vicdan Elçin Şıxlının məqalələrində də əsas istinad mənbəyidir. İsmayıl Şıxlı bədii düşüncəsinin əsas mövzusu olan milli-mənəvi, əxlaqi dəyərlərin deqredasiyası mövzusu analoji olaraq Elçin Şıxlınının da yazılarında, müsahibələrində ən çox toxunduğu, bəhs etdiyi mövzulardandır.
İsmayıl Şıxlı “Namərd gülləsi” hekayəsində onun şəxsi üçün də xarakterik olan milli dəyərlərimizdən birini bədii düşüncənin predmetinə çevirir: əsərin baş qəhrəmanın Niftalı koxa namərd gülləsi ilə yaralandığı zaman Qaçaq Kərəmdən xahiş edir ki, onu özü vursun. Niftalı koxanın dilindən verilən “Kişini kişi öldürər, gədə-güdə yox” frazası əslində elə İsmayıl Şıxlının şəxsi ideologiyası ilə üst-üstə düşür. Təəccüblü deyil ki, Elçin Şıxlı üçün də bu mövzu həmişə aktualdır. Elçin Şıxlı müsahibələrində bu gün KİV-nin milli dəyərlərə laqeydliyinə dönə-dönə toxunur. Televiziya ekranlarından, sosial şəbəkələrdən birbaşa olaraq həyat yoldaşları ilə bağlı videolar yayan kişilərə, cəmiyyətin əxlaqını korlamağa hesablanmış olayların yayılmasına münasibət bildirən zaman bütün bunların Azərbaycan xalqının mental dəyərlərinin zədələməsinə gətirib-çıxaracağını ürək yanğısıyla qeyd edir.
Maraqlıdır ki, bir çox jurnalist həmkarından fərqli olaraq Elçin Şıxlı məqalələrinin heç birini məsləhət tonunda yazmır. Jurnalist peşəsinin tələblərinə uyğun olaraq cəmiyyətdəki qüsurları, çatışmazlıqları sadə, aydın və kəskin şəkildə tənqid edir. Həm də bu tənqid cəsarətli xarakteri ilə İsmayıl Şıxlı qələmini xatırladır. İsmayıl Şıxlı sovet dönəmində qələmə aldığı “Dəli Kür” romanında elə həmin rejimin qüsurlarını göstərirdisə, Elçin Şıxlının yazılarında tənqidin zaman-zaman hakimiyyətin üst dairələrinə qədər yönələ bilməsi onun da qələminin sərbəstliyindən xəbər verir. Onu da qeyd edək ki, Elçin Şıxlı cəmiyyətdəki nöqsanları göstərən zaman tərəfkeşlik etmir, bütün qüsurların səbəbi kimi ancaq bir təbəqəni nişan vermir. Cəmiyyətdəki problemin kökünü hərtərəfli, dərindən araşdırır. Məqalələri, yazıları ilə jurnalistikanın həm maarifləndirmə, həm də informasiya vermə funksiyalarını şərəflə daşıyan Elçin bəyin fərdi üslubu zənginliyi ilə seçilir. Onun yazı tərzi sadə oxucunu elmi, publisistik, bədii üslubların qarışıq tərzi ilə ələ almağı, ən əsası isə düşündürməyi bacarır. Elçin Şıxlının yaradıcılığı mövzuların rəngarəng, əlvan olması ilə maraq oyadır. O öz oxucusuna gah Yellostoun Milli parkının fauna və florasından söhbət açır, gah Amerika quzğunları fəsiləsinə aid olan “And kondoru” adlı quşdan danışır.Gah da Sovet işğalına qarşı 1920-ci ildə Gəncədə baş vermiş xalq üsyanının yatırılmasında erməni “fədakarlığı”ı barəsində çox az bilinən həqiqətlərindən söhbət açır. Amma onun yaradıcılığının, analoji olaraq baş redaktoru olduğu qəzetin prioritet mövzuları həmişə Azərbaycan xalqı, dövləti üçün həyati əhəmiyyət kəsb edən mövzulardır. “Ayna” qəzetinin nəşr edildiyi gündən etibarən səhifələrində əks olunan aparıcı mövzular Qarabağ problemi, Xəzər nefti, Cənubi Qafqazın geopolitikası kimi mühüm məsələlər olmuşdur.
Hadisələrə münasibət bildirən zaman təmkinli tərzi, geniş təhlil bacarığı, yazdıqlarının, söylədiklərinin istinad olaraq mütləq şəkildə faktlara söykənməsi kimi cəhətlər İ.Şıxlı kimi Elçin Şıxlı üslubunu da digər həmkarlarından fərqləndirən cəhətlərdəndir. İsmayıl Şıxlı müharibə mövzusunda qələmə aldığı “Cəbhə gündəlikləri” əsərində müharibə haqqında necə zəngin məlumata sahibdirsə, “Ölən dünyam” romanında sürgün taleyi yaşayan soydaşlarımıza qarşı münasibətldə necə təəssübkeşdirsə, Elçin bəy də Fin təhsili barəsində silsilə yazılar zaman, Azərbaycan təhsili ilə müqayisəli təhlillər aparan zaman analoji olaraq məlumatlıdır, siyasi məsələlərə şərh verdiyi zaman təmkinlidir, təəssübkeşdir.
Bu qələm sahiblərini birləşdirən cəhətlərdən biri də səmimilik, həyat həqiqətlərinə sədaqət prinsipidir. İsmayıl Şıxlı Ömər koxa, Cahandar ağa kimi obrazlar yaradan zaman mütləq mənfi və ya mütləq müsbət obrazlar yaratmağa çalışmamışdı. Onun qəhrəmanları real insanlardır. Müsbət və mənfi cəhətləri eyni zamanda özündə birləşdirən səmimi insanlar… Elçin Şıxlını da oxuculara, tamaşaçılara sevdirən onun məhz həqiqətlərə, həqiqiliyə sadiqliyidir. Təkcə ona görə yox ki, Elçin müəllim yaxşı bilir ki, ekran süniliyi götürmür. Həm də (əsas da!) ona görə ki, səmimilik və mərdlik ona irsən ötürülən dəyərdir.
Bu iki fenomen şəxsin cəhətlərindəki paralellik nümunələrinin sayını istənilən qədər sadalamaq olar. Amma ən son və ən əsas cəhət kimi onu qeyd etmək lazımdır ki, Azərbaycan ədəbiyyat nəhəngi olan İsmayıl Şıxlı və Azərbaycan jurnalistika məktəbiinin əsas dayaqlarından olan Elçin Şıxlını birləşdirən ən başlıca cəhət şəxsiyyət bütövlüyü məsələsidir. Yazılarında mərdlik, kişilik kimi cəhətləri önə çıxaran bu əfsanələr həmin cəhətin şəxsi nümunələridir desək, yanılmarıq. Biz bunu İsmayıl Şıxlının şəxsi nümunəsində 80-ci illərdə sovet quruluşuna etiraz etdiyi zaman gördük. Elçin Şıxlının şəxsində isə buna “Ayna” qəzetinə qarşı münasibət kəskinləşdiyi vaxtlarda həbs edilən əməkdaşını müdafiə etdiyi zaman şahidlik etdik .
Bu il Elçin Şıxlının 65 yaşı tamam olur. İsmayıl Şıxlı yolunun şərəfli davamçısı, Azərbaycan jurnalistika məktəbinin odunu sönməyə qoymayan həqiqi və dəyərli ziyalımız, sizə uzun ömür, bu şərəfli və çətin yolda uğurlar arzu edirəm. Qələminiz daim iti, parlaq olsun, “Ayna”larınız həmişə işığa açılsın!
Kəmalə Bayramova
ADPU-nun Quba filialının müəllimi