Dərc olunub: 15.06.2022

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 15 İyun – Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa keçirilib. Əvvəlcə universitet rəhbərliyi əlamətdar bayram münasibətilə ümummilli lider Heydər Əliyevin ali təhsil müəssisəsinin foyesində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Dəyirmi masanı giriş nitqi ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, təxminən 30 il bundan öncə yenicə müstəqilliyini qazanmış respublikamızda yaranmış siyasi-iqtisadi və hərbi gərginlik, torpaqlarımızın mənfur düşmən tərəfindən işğal edilməsi fonunda siyasi hakimiyyətdə olanların səriştəsizliyi və şəxsi ehtirasları ucbatından ölkə vətəndaş qarşıdurması həddinə çatmış, Respublikanın parçalanması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir mürəkkəb və taleyüklü tarixi situasiyada qədirbilən və müdrik Azərbaycan xalqının təkidli tələbləri ilə o zaman Naxçıvanda məhdudiyyətlər içərisində öz fəaliyyətini davam etdirən Heydər Əliyev Bakıya gəldi və Milli Məclisin sədri kimi ölkədə iqtisadi-siyasi sabitliyin bərpası istiqamətində təxirəsalınmaz və ardıcıl tədbirlərin icrasına başladı. Bununla da xalqımız və dövlətimiz fəlakətə düçar olmaqdan, müstəqilliyin itirilməsi təhlükəsindən qurtulmuş oldu.


Rektor vurğulayıb ki, xalqımız bu tarixi günü əziz tutaraq Milli Məclisin qərarı ilə dövlət bayramı kimi özünün Milli Qurtuluş Günü olaraq qeyd edir.
Tədbirdə çıxış edənlərdən Universitetin tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov, İbtidai təhsil fakültəsinin dekanı professor Fərrux Rüstəmov da Milli Qurtuluş Gününün tarixi-ictimai əhəmiyyətindən söz açaraq müstəqillik tarixinin gənclərə aşılanmasının önəminə diqqət çəkiblər.
Qeyd edək ki, tədbirdə Pedaqoji Universitetin rəhbərliyi, müvafiq struktur bölmələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.