1 iyun uşaq günü münasibətilə
Ulu öndər Heydər Əliyev “Mən həyatımın, bu günümün, gələcəyimin də xoşbəxtliyini, səadətini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” – deyirdi. Azərbaycan Respublikasının ümummilli lideri, bu unudulmaz kəlamını 5 yanvar 2012-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Konstitusiyanın 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında uşaq bağçalarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasını, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək məqsədilə sərəncam imzalamışdır. Bu gün Naxçıvan Muxtar Respublikasının hər bir regionunda, hətta şəhər binalarının qabağında belə, uşaqların vaxtlarının səmərəli və şən keşməsi üçün düşünülmüş şəkildə şərait yaradılmışdır. Çünki uşaq öz uşaqlığını oyunda qurur, oyunda tapır. Bu mənada ailədə və ya bağçada uşağın şən, fiziki cəhətdən gümrah və intellektual olmasını şərtləndirən növlərdən biri də oyundur. “Oyun” sözünün kökü “oy”dur və ta qədimdən indiyədək türkdilli xalqların əksəriyyətində “ağıl”, “fikir”, “düşüncə” anlamını ifadə etmişdir.
Oyun bəşəri inkişafın ən qədim və mühüm vasitələrindəndir. Oyunun fəlsəfi, psixoloji, pedaqoji, bioloji, folklor və mədəniyyətşünaslıq baxımından öyrənilməsi göstərir ki, o, “möcüzələr möcüzəsi”dir. Mərhum pedaqoq Yusif Talıbov qeyd edirdi ki, “oyun uşaqlarda müşahidəçilik, səy, çətinlikləri aradan qaldırmağı bacarmaq, düşünmək kimi qabiliyyətlər tələb edir. Oyun uşaqları sevindirir. Bu sevinc ya yaradıcılıq, ya da qabiliyyət sevinci ola bilər. Oyun uşaqların iradəsini inkişaf etdirir”. Təbii ki, burada da ailə və uşaq bağçaları yada düşür. Çünki uşaqla hər bir valideyn və ya tərbiyəçi rütbəsindən asılı olmayaraq oynamalı, uşağın oyununa düzgün rəhbərlik etməyi səy və səbirlə bacarmalıdır. Çünki mədəni davranış qaydalarının tərbiyə edilmə¬sində oyun mühüm amildir. Uşaq oyunu mənşəyinə, təbiətinə və məzmununa görə ictimai xarakterlidir.
Uşaq oyunları da bir neçə qrupa bölünür: manipulyasiya (3 yaşadək uşaqlarda əl hərəkətləri) oyunları; süjetli oyunlar (uşaq müəyyən aktiv rollarda – yaşlı adam, heyvan və ya maşın kimi çıxış edir, passiv rolu isə oyuncaqlar görür); hərəkətli oyunlar (qaçmaq, tullanmaq və s. üzrə yarış, müəyyən qaydası olan, o cümlədən milli oyunlar və s.); didaktik və ya zehni oyunlar (hesablama, rəqəm və hərfləri tanıma, oxu, müxtəlif stolüstü oyunlar, tapmacalar, krossvordlar və s.). Bu kimi oyunlar uşaqların dərketmə fəaliyyəti və yaradıcılığının inkişafına kömək edir. Bir sıra uşaq oyunları milli mahiyyət daşıyıb, nəsildən-nəslə keçir (məs. milli oyunlarımızdan “Vur nağara, çıx qırağa”, “Güdü-güdü”, ”Çoban və canavar”, ”Qarğasan, civə”, “Bənövşə”, “Mər-mərə”, “Gizlin paç”, “Hola-hola”, “Dirə-döymə”, “Beş daş”, “Südlü sümük”, “Eşşək beli”, “Üstdən hoppanma”, “Xan gizir”, “Çövkən”, “Dava-dava” və ya “Qayışa girmə” və s.) Həmçinin bu kimi oyunlar həm də uşaqların nitqlərini inkişaf etdirmək, ətraf aləmi başa düşmələrinə və nəcib əxlaqi sifətlərə yiyələnmələrinə yardım göstərmək nöqteyi-nəzərdən də böyük əhəmiyyət kəsb edir. Belə oyunlardan Azərbaycanın görkəmli pedaqoqu Əliheydər Həşimov sanki özünün uşaq vaxtı oynadığı və doymaq bilmədiyi oyunları xatırlayaraq yazırdı: Bir qism kasıb Azərbaycanlı uşaqlarının oyuncaqları əsas etibarı ilə çubuqdan, çəkicdən, aşıqdan, taxta parçalarından, şüşə qırıntısından, kibrit qutusundan, piləkdən, daşdan, əldəqayırma gəlincikdən və s. bu kimi şeylərdən ibarət olub. Öz oyuncaqları ilə uşaqlar başlıca olaraq böyüklərin əməyini, işini təqlid etmişlər. Məsələn, 3-5 yaşlı uşaq, təxminən, 1 metr uzunluğunda çubuğu “minməklə” sağ əlinə isə daha gödək bir çubuq almaqla həmin çubuqların birindən “at”, obirindən isə “qamçı” yerində istifadə edir; qarpız qabığından “vəl qayırıb” ucuna ip bağlayır və onu həyətdə arxasınca çəkib dövrə dolanmaqla “xırman döyür”, “vəl sürür”, kibrit qutusundan, yaxud nazik taxtadan tərəzi qayırıb oynayır; iki kiçik çöpü sapla bir-birinə bağlayıb ona əsgi dolamaqla “gəlincik düzəldir”, “yüyrük qayırıb onu yatırdır, gəlinciyə qulluq edir”, gödək-gödək çöp və kiçik-kiçik taxta parçalarından, həmçinin daş və palçıqdan “ev tikir”, mumdan və şüşə qırıntısından özünə “çaynik, samovar, stəkan-nəlbəki qayırıb çay qaynadır”, bir parça çörəkdən, qənddən, yaxud peçenye doğranmışından “çörək hazırlayır”, baçı qardaşını və ya qonşu evdən olan yoldaşını həmin çaya və ya xörəyə “qonaq çağırır”; özündən kiçik uşağı belinə alıb özünü at rolunda hesab edərək ora-bura yüyürür və ya balaca uşağı ipə bərkidilmiş taxta üstünə qoyub çəkir, “qoşqu heyvanın yerinə qoyub” hərdən bir öz hərəkət və ya səsində həmin heyvanı təqlid edir…
Dahi çex pedaqoqu Yan Amos Komenski uşaq həyatını oda bənzədərək deyirdi ki, küləksiz od yanmadığı kimi, oyunsuz da uşaq böyüyüb inkişaf edə bilməz. Oyun uşaqlarda şən əhval-ruhiyyə, sevinc, fantaziya və xəyal yaşadır. Oyunsuz uşaq həyatı yoxdur, oyun uşaqların tərbiyə məktəbidir. Y.A.Komenski məşhur “Ana qucağı məktəbi” adlı əsərində uşaq həyatını altı ilə bölür və hər ili ətraflı təhlil edərək göstərir ki, valideynlər uşaqlarla birgə oynamalı və onların oyunlarını istiqamətləndirməyə xüsusi əhəmiyyət verməlidir. Komenski fikrini maraqlı bir misalla ümumiləşdirir: “Belə nəql edirlər ki, məşhur yunan sərkərdəsi Femistoklun öz uşaqları ilə qum topaları olan meydançada at-at oynaması yoldan keçən bir gəncin heyrətinə səbəb olur. Necə? Böyük sərkərdə uşaqlarla at-at oynayır? Femistokl bunu hiss edir və həmin gəncə yaxınlaşıb belə deyir: ata olana kimi bu gördükləri heç kimə demə”.
Oyun prosesində uşaqlar oyunun qaydalarına əməl edir, çətinlikdən qorxmur, yoldaşlarına tabe olmağı və ya əmr etməyi öyrənir. Bonapart Napoleonun hüsn-təsirinin qüvvəti hələ balaca vaxtlarından özünü büruzə verirmiş. Yoldaşları Napoleondan qorxub ona tabe olardılar. Deməli sonralar milyonlarla adamlar onun əmrinə hazır olaraq ölüm şərbətini içdikdə həmin uşaqlıqda büruzə verilən qüvvəyə tabe olurmuşlar. Bütün Avropanı titrədən Teymurləng də hələ uşaq vaxtında yoldaşları ilə oynadıqda onları iki yerə bölüb bir-biri ilə dava elətdirərmiş və özünü də əmir adlandırıb sərkərdə olarmış. Və yaxud məşhur alman şairi Şillerin də dünyada tanınmasına, böyük ad qazanmağına ümdə səbəb anası Yelizaveta olub. Bu qadın oğluna oynamaq, oxumaq və yazmaqdan savayı bir xeyli məlumat da verib. Tövrat səhifələri ilə tanış edib, ədəbiyyat tarixinə, şairlərə dair biliklər verib, şeirlər öyrədib, onların qüsurlarını və gözəl tərəflərini də bildirib. Oğlunu məşğul etmək üçün almanların milli-mənəvi dəyərlərini daşıyan hekayələr və nağıllar da oxuyarmış. Bu minval ilə əlbəttə ki, Şillerin ədəbiyyata olan həvəsi daha da artacaqdı.
Böyük Hötenin də anası oğluna artıq etina edər, vaxtının çoxunu onunla oynamaqla bərabər hekayə oxumağa da sərf edərmiş. Bunun nəticəsi olaraq balaca Höte də yoldaşlarını toplayıb özünün təlif etdiyi oyun oynayar və ya hekayələr nağıl edərmiş.
Bir zamanlar “Bütün ölkələrin proletarları birləşin” məşhur devizinin dahi rəhbəri sayılan Karl Marks da bir ata kimi, uşaqları ilə saatlarla oynayar, uşaqlarla birlikdə kağızdan düzəltdiyi gəmiləri su ilə dolu ləyənə buraxarmış. Gəmilər bir-biri ilə toqquşanda uşaqların sevincinə səbəb olurmuş. Bu kimi misallardan onlarla sadalamaq olar.
Güründüyü kimi, oyunda uşaqlar dünyanı dərk edir, onların qabiliyyəti təşəkkül tapır. Oyun çox böyük işıqlı pəncərədir, həmin pəncərədən uşağın mənəvi aləminə ətraf aləm haqqında təsəvvürlərin, anlayışların həyatverici axını daxil olur. Deməli, bu kimi oyunlar və təmrinlər uşağın gələcəkdə artıq bir fərd kimi deyil, bir şəxsiyyət kimi formalaşmasına daha böyük təsir göstərmiş olur. Köhnə psixologiya dərsliklərində yazılırdı: Əgər uşaq aynaya baxıb özünü tanıyırsa, demək o şəxsiyyətdir. Artıq bundan sonra uşağın hər bir hərəkətinə, hər bir davranışına, hətta verdiyi hər bir yerli və ya yersiz suallara yorqunluq hiss etmədən və ya bezikmədən daha artıq diqqət və qayğıyla yanaşmalıyıq. Çünki dünyaya təzəcə göz açan körpə görüb eşitdiklərini öyrənir. Uzun müddət tez-tez gördüyü adamların hərəkətlərini təqlid edir. Beləliklə, ailə və bağça tərbiyəsinin xüssusiyyətlərini uyğun olaraq uşaqlarda uzun əxlaqi və qeyri əxlaqi keyfiyyətlərin əsası qoyulur.
Məşhur pedaqoq Suxomlinski də oyunun uşaqlar qarşısında açdığı geniş aləmdən bəhs edərək yazırdı ki, oyunda uşaqların qarşısında dünya açılır, şəxsiyyətin yaradıcı qabiliyyəti açılır. Oyunsuz dolğun, məzmunlu əqli inkişaf yoxdur. Oyun çox böyük işıqlı pəncərədir: həmin pəncərədən uşağın mənəvi aləminə ətraf aləm haqqında təsəvvürlərin, anlayışların həyatverici axını daxil olur.
Çox təəssüf ki, bir sıra ailələrdə və eləcə də uşaq bağçalarında qüsurlara da rast gəlmək mümkündür. Elə valideynlər, tərbiyəçilər var ki, öz rahatlığı naminə körpə uşağın bir az kənara və ya qaranlıq bir yerə getməsinə razı olmur, “məfhumi” qüvvələrlə qorxudur, hədələyirlər. “Orda it var səni tutacaq, yaxud qaranlıqda cin, pişik, sican var səni yeyəcək” kimi düşünülməmiş sözlərlə uşaqların mənəvi aləminə zərbə vurmuş olurlar. Hələ vaxtilə bu kimi mənəviyyatımıza yaraşmayan hallara Hüseyn Cavid öz sərt etirazını belə bildirirdi: “Uşaq iki-üç yaşında qaranlıq guşəyə gedəndə valideynləri tərəfindən cinlər, divlər, ifritələr vasitəsi ilə qorxudulur, təhdid edilir. Biçarə, zavallı körpənin isə bütün mənəviyyatı alt-üst olur. Otuz yaşına gələndə belə, uşaqlıqda keçirdiyi o qorxunc kölgələri bir türlü başından çıxara bilmir”. Bu gün çağdaş Azərbaycanın müasir valideynləri, tərbiyəçiləri bu kimi mənəvi sifətlərə zəlillik gətirəcək vərdişlərə imkan və şərait yaratmaqdan təmamən uzaq olmalıdır.
Yekun olaraq qeyd edək ki, əgər hər bir valideyn və ya bağçadakı tərbiyəçi bu gün beşikdə “hıçqıran uşağı” ilk aylardan təmrinlərlə və oyunlarla düzgün əlaqələndirə bilərsə, təbii ki, o uşaq sabahın dahisi ola bilər. Çünki oyun hər şeylə maraqlanmaq, biliyə səy göstərmək odunu yandıran qığılcımdır.
Kamal CAMALOV
Pedaqogika elmləri doktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Naxçıvan Müəllimlər İnstitutu