İnsani münasibətlərin tərbiyə məktəbi adlandırdığımız ailə cəmiyyətin ilkin özəyidir. Kiçik bir dövləti xatırladan ailədə fəzilət və qəbahət münasibətlər zəminində səciyyələnir. Ər-arvadlıq həyatının başlanğıc mərhələsi; ər-arvadın ailə həyatı haqqında təsəvvürləri; nikah motivlərinin uyğunluğu; mühit dəyişkənliklərinə adaptasiya problemi və s. ailə həyatını və fəaliyyətini şərtləndirən amillərdir. Qloballaşan müasir dünyada ailə kiçik sosial qrup kimi yeni xarakter almağa başlamışdır. Bu kimi xarakterlərin formalaşması, təzahür etməsi psixologiya üzrə fəlsəfə doktoru, dosent Nuralı Çələbiyevin “Azərbaycan ailə modeli qloballaşma və millilik kontekstində” (Bakı: ADPU-nun nəşriyyatı, 2021, 526 səh.) adlı monoqrafiyasında tədqiq-təhlil süzgəcindən keçirilmişdir.
Monoqrafiya giriş, iyirmi iki paraqrafı özündə birləşdirən beş fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Monoqrafiyanın elmi redaktoru psixologiya elmləri doktoru, prof. Ramiz Əliyev, rəyçiləri respublikanın tanınmış alimləri prof. A.N.Abbasov, prof. R.F.İbrahimbəyova, fəlsəfə elmləri doktoru A.İ.Əsədov, prof. Q.N.Qəhrəmanova, dos.C.Q.Alıyev müsbət rəylər vermişlər.
Öncə qeyd edək ki, əsər ağır elmi zəhmətin məhsuludur. Əsərdə Azərbaycan ailə modelinin etnopsixoloji genezisi, qloballaşma prosesinin mahiyyəti, onun milli xüsusiyyətlərə və Azərbaycan ailə modelinə təsiri, ailə həyat tərzinin modelləşməsi zəminində meydana çıxan sosial-psixoloji problemlər, o cümlədən ailə həyatının müxtəlif mərhələlərində ər-arvad, qayınana-gəlin, övlad valideyn münasibətlərinin xarakteri, ailədaxili konfliktlərin determinantları, onların doğurduğu sosial-psixoloji problemlər tədqiqatçı-alim tərəfindən etnopsixoloji aspektdə müqayisəli təhlilə cəlb edilmişdir.
Bildirilir ki, ailə həm bioloji, həm psixoloji, həm də canlı sosial orqanizmdir. Odur ki, ailənin həyatından söhbət gedərkən, həmişə onun hər bir üzvünün həm ailədə, həm də ailədənkənar mühitdə davranışını, onun sosial, hüquqi və əxlaqi nəticələrini nəzərə almaq lazım gəlir.
Nuralı Çələbiyev əsərin də adından göründüyü kimi “qloballıq” anlayışını haqlı olaraq bir sıra əlamət və meyarlara istinad edərək, dörd qrupa ayırır: birincisi, qlobal kimi dəyərləndirilən problemlər xəyali deyil, real olub, sivilizasiyanın və bəşəri mövcudluğun əsasları üçün ciddi təhlükə yaradan, olduqca təhlükəli və aktual bəşəri problemlərdir; ikincisi, onlar bütün millət və xalqların, son nəticədə bəşəriyyətin mənafe və maraqlarını ifadə edir; üçüncüsü, onlar həm ictimai, həm də təbii xarakterli prosesləri əhatə etdiyindən cəmiyyət həyatının və insan fəaliyyətinin bütün sahələrinə nüfuz edir; dördüncüsü isə onların regional həlli yalnız bütün ölkələrin, bütün millət və xalqların kollektiv səyləri nəticəsində mümkündür.
Həmişə aktual olacaq monoqrafiyada tədqiqatçı alim qeyd edir ki, müasir dünyada qloballaşmanın qaçılmaz və dominant təsiri altında bütün ölkələrdə “şəxsiyyət və cəmiyyət”, “cəmiyyət-ailə” və “ailə-ailə üzvləri” dixotomiyasında qarşılıqlı münasibətlərin yeni sistemi formalaşır, mənəvi dəyərlər sistemi dəyişmələrə məruz qalır, milli ailə dəyərlərinin məzmununda sıçrayışlarla müşayiət olunan ziddiyyətlər dərinləşir.
“Azərbaycan ailə modeli qloballaşma və millilik kontekstində” adlı monoqrafiyaya dərin nüfuz edən psixoloq – alim ailədə davranış normalarının tənzimlənməsində qeyri-hüququ normalar kimi əxlaq, din, adət və ənənələrə əsaslanan qaydalar (məsələn, qulluq, nikahaqədərki davranış, ərlə arvad arasında hakimiyyət və vəzifə bölgüsü, ailədə böyük-kiçiyə, ata-anaya münasibət, ailənin asudə vaxtının təşkili və s.) mühüm rol oynayır qənaətindədir. Pedaqoji-psixoloji-etik istiqamətdə elmi şərh verən tədqiqatçı qeyd edir ki, normalar da adət-ənənələr kimi zaman keçdikcə dəyişir və onlar arasındakı fərqlər ailə həyatının dövrü mərhələlərindən asılı olaraq özünü daha aydın büruzə verir. İndiki nəsillərdə qəbilə həyat tərzindən qalmış bir çox patriarxal ənənələr (məsələn, qızların qaçırılması, yalnız qan qohumluğu olanlardan qız alıb-vermə, qadınların sosial statuslarının aşağı səviyyədə olması, qadınlara qarşı zorakılıq və s.) sosial təkamülə, davamlı insan inkişafına mane olan əsas amillərdir.
Nuralı Çələbiyev monoqrafiyada patriarxal ənənələrdən sayılan qız qaçırılması ilə bağlı oxucuların marağına səbəb ola biləcək xalq bayatılarından nümunələr də gətirmişdir:
Əzizim bir Digah var,
Bir Alpan, bir Digah var.
Bizdə qız qaçırmazlar
Düz ilqar, düz nikah var [Bax: səh.100].
Dərin elmi axtarışlar, araşdırmalar və təhlillər sayəsində ərsəyə gəlmiş monoqrafiyada o da göstərilir ki, bütün dünyada olduğu kimi Azərbaycanda da ailənin həyat və fəaliyyətində, struktur və funksiyalarında yeni təmayüllər meydana gəlir, ailə-nikah münasibətlərində, onun etnik xarakteristikasında neqativ dinamika müşahidə olunmaqdadır.
Bildiyimiz kimi, tarixən Azərbaycan ailəsi xalqımızın milli mental dəyərləri sistemində öncül mövqedə olmuş, sosial məişət həyatının ayrılmaz hissəsi hesab olunmuşdur. Xalqımızın milli-mənəvi dəyərləri ilk növbədə məhz ailə müstəvisində yaranmış, qorunub saxlanmış və nəsildən-nəslə ötürmüşdür. Tarixi inkişafın müxtəlif mərhələlərində Azərbaycan ailə sistemi müxtəlif təsirlərə məruz qalsa da, özünəməxsus təməl, fundamental xüsusiyyətləri hifz edib saxlamış və müasir dövrədək yaşatmağa nail olmuşdur. Tədqiqatçı- alim həmçinin qeyd edir ki, xalqımızın tarixən formalaşmış ailə modelində milliliklə bəşəriliyi, ənənəliklə müasirliyi, qədim Şərqlə və müasir Qərb mədəniyyətinin ən pozitiv cəhətlərini sintez etmişdir. Bizim can atdığımız dəyərlər ənənələrə, müasirliyə, Şərqə və Qərbə aid olan hər şeydə ən gözəl mənəvi və maddi mədəniyyət nümunələri ehtiva etməlidir. Bütün bu xüsusi cəhətləri inteqrasiya etməklə biz mənəvi və əxlaqi dəyərlərin yaradılması və tətbiqi üçün daha dolğun zaman formalaşdırırıq. Bu baxımdan, N.Z.Çələbiyevin də qeyd etdiyi kimi, milli ailə modelimiz milli-mənəvi dəyərləri qoruyub saxlayan, davamlı şəkildə zənginləşdirən, yalnız mütərəqqi bəşəri adət və normaları qəbul edən və ikrah doğuran mürtəce meylləri rədd edən spesifik, unikal bir sistemdir.
Monoqrafiyada ailədə dini dəyərlər də geniş tədqiqat obyektinə çevrilmişdir. Göstərilir ki, hər bir xalqın dini dəyərləri onun milli dəyərləri sistemində aparıcı təsirə malikdir. Dini dəyərlər xalqımızın dünyagörüşündə, dini abidələrində, dini bayram və mərasimlərində, ailə həyat tərzində, mədəniyyətində, etnik psixologiyasında, düşüncə və davranışında dərin kök salmışdır. Məhz buna görə də, milli-mənəvi dəyərlərin tərkib hissəsi kimi İslami dəyərlər tarixən xalqımızın ailə məişətində güclü təsirə malik olmuş və bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Müsəlman adət və ənənələri insanların geyimində, zərərli vərdişlərə münasibətində, qidasında, yaşlılara, uşaqlara, qadınlara, ailə başçısına münasibətində və s. yüzilliklər boyu hakim rola malik olmuşdur və olmaqdadır.
N.Z.Çələbiyev haqlı olaraq qeyd edir ki, müasir Azərbaycan ailəsində ər-arvad konfliktləri, məsələn deyək ki, yaşlı nəsil ilə liberal təfəkkürlü gənc nəsil arasında kəskin fikir ayrılıqlarından irəli gələn konfliktlərin dərinləşməsi tendensiyası da ciddi sosial-psixoloji problem kimi narahatlıq doğurur. Müəllif həyacan təbili çalaraq yazır ki, qloballaşan müasir dünyada sürətlə genişlənən liberal dəyərlər, ifrat azadlıq, asosial fərdlərin eqoistik motivləri, qedonizm, yad mədəniyyətlərin və dəyərlərin imitasiyası gənc nəslin fərdi həyat üslubuna, etnik şüura, ənənəvi Azərbaycan ailəsinin təməl yaşam prinsiplərinə ciddi zərbə vurmaqdadır. Halbuki, nikah insan həyatında ali, əvəzolunmaz sosial və mənəvi-psixoloji dəyərlərdən biridir. Ailənin təşkilində birinci yerdə mənəvi-emosional təhrik və ehtiraslar (sevgi), ikinci yerdə isə qarşılıqlı simpatiya, dünyagörüşü və maraqların ümumiliyi, hörmət, zahiri cəlbedicilik, tənhalıqdan qaçış, nəsli davam etdirmək instinkti, başqaları qarşısında borc və məsuliyyət hissi, valideynlərin arzusu kimi mühüm motivlər durur. Bu cəhətlər ər-arvad münasibətlərində qarşılıqlı gözlənilərsə, deməli belə, ailə möhkəm təməl üzərində qurulmuş ailədir və xoşbəxt ailədir. Lakin nikahda olan cütlüklər (ər-arvad olacaq gənclər) öz vəzifələrini düzgün başa düşmürsə, qarşılıqlı münasibətlərin qorunub saxlanması naminə güzəştə getmirsə, səbirli və dözümlü olmursa, bir-birlərinə qarşı hörmət və qayğıkeşliklə yanaşmırsa, bu zaman konfliktlərin meydana çıxması qaçılmazdır.
Psixoloq-alim N.Z.Çələbiyev ailədə baş verən konfliktlərin determinantlarının çoxsaylığından bəhs edir. Bu çoxluq sırasına ər-arvad cütlüyündən birinin eqoistik ustanovkası, mənəvi, intellektual və emosional uyğunsuzluq baxımdan qeyri-bərabər, erkən, tələsik nikahlar, məhəbbət çatışmazlığı, tərəflərdən birinin “parazit” və istehlakçı həyat üslubu, kişi şovinizmi, simbiozun konpensator mexanizminin pozulması kimi konfliktlər işıqlandırılmışdır.
Psixologiya üzrə fəlsəfə doktoru, dosent Nuralı Çələbiyevin “Azərbaycan ailə modeli qloballaşma və millilik kontekstində” adlı monoqrafiyasında 358 mənbə və pedaqoji ədəbiyyatdan istifadə etmişdir. Tədqiqatçı-alim gərgin əməyi sayəsində qarşıya qoyduğu problemin mahiyyətini, qoyuluşunu və tədqiq olunma vəziyyətini öyrənmiş, məqsədə çatmaq üçün tədqiqat metodlarının yerini düzgün müəyyənləşdirmiş, Azərbaycan ailə modelinin qloballaşma və millilik kontekstlərini elmi-pedaqoji, psixoloji əsaslarla şərh etmiş, Azərbaycan xalq pedaqogikasından, etnopsixologiyasından, görkəmli maarifçi və mütəfəkkirlərdən gətirilən fikir və ideyaları, ciddi yazı nümunələrindən istifadənin yeni imkanları və optimal yollarını üzə çıxarmış, elmi şəkildə əsaslandırmış, bu sahədə çox əhəmiyyətli elmi nəticələr əldə etmişdir.
Görkəmli alim, yazıçı, pedaqoq Süleyman Rəhimov yazır ki, “Heç kəs bizə qadağan etmir ki, əyyaş atanı, yastığını dəyişən ananı, tərbiyəsiz yeniyetməni, israfçını, mənsəbpərəsti, qınından çıxıb qınını bəyənmən tısbağanı, xəyanətkarı, canini, cinayətkarı göstərməyək, rüsvayçılıq süqutuna mıxlamayaq!”. Psixoloq alim N.Z.Çələbiyev də bu ənənəyə sadiq qalaraq, Azərbaycan ailə modelində baş verən fəzilət və qəbahətləri pedaqoji, etnopsixoloji istiqamətdə elmi şərhlə işıqlandırmışdır.
Psixologiya üzrə fəlsəfə doktoru, dosent Nuralı Çələbiyevi “Azərbaycan ailə modeli qloballaşma və millilik kontekstində (müqayisəli-etnopsixoloji tədqiqat)” adlı sanballı əsəri münasibətilə təbrik edir və ona bir daha elmi yaradıcılıq işlərində uğurlar və nailiyyətlər arzulayırıq!
Kamal Camalov
Naxçıvan Müəllimlər İnstitutu,
Pedaqogika elmləri doktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi