Dərc olunub: 27.05.2022

Mayın 26-da Azərbaycan Dillər Universitetində 28 May – Müstəqillik günü ilə bağlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi.  Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu misilsizdir. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov məruzə ilə çıxış edib. Qeyd olunub ki, Şərqdə ilk dəfə olaraq, demokratik, dünyəvi dəyərlərə əsaslanan müstəqil respublikanın yarandığı bütün dünyaya bəyan edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.
Regionşünaslıq kafedrasının müəllimi Lamiyə Namazova Qafqaz İslam Ordusunun AXC-nin ərazi bütövlüyü uğrunda apardığı mübarizə tarixinə nəzər salıb. Gəncədə hökümətin qurulması və Bakının azad edilməsindən söhbət açılıb.
Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Sevda Məhərrəmova AXC-nin maliyyə-pul siyasəti kontekstində çıxış edib.
Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Şəfəq Abdullayeva Azərbaycan-Gürcüstan ərazi mübahisələrinin həllində iqtisadi faktorlara toxunub. Söylənilib ki, bu faktorlar qarşılıqlı iqtisadi əməkdaşlıq və sülhə nail olma istiqamətində ön plana çıxmışdır.

Bənzər yazılar