Dövlət İmtahan Mərkəzində (DİM) biologiya, tarix və coğrafiya fənləri üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının birinci mərhələsinin üçüncü məşğələsi keçirilib.
Bu barədə DİM-dən məlumat verilib. Hazırlıq kursları DİM-in əsas inzibati binasında əyani formada, regiondan olan iştirakçılar üçün isə onlayn keçirilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrantlar iştirak ediblər.
Moderatorlar – biologiya fənni üzrə Nailə Əliyeva, tarix fənni üzrə Hafiz Cabbarov və coğrafiya fənni üzrə isə Nərminə Seyfullayeva ali təhsil müəssisələrinə qəbul imtahanları üçün situasiya və mənbə tapşırıqlarının və onların meyarlarının hazırlanması barədə təqdimatla çıxış ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kurslarının dördüncü məşğələsi növbəti həftə keçiriləcək.