Dərc olunub: 16.12.2021

 

“Bakı Gənclər Klubu” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 15 sentyabr –15 dekabr 2021-ci il tarixlərində həyata keçirdiyi “Bir ölür – min dirilərik-2!” adlı layihənin icrasını yekunlaşdırıb. Layihənin icrası Biləsuvar və Füzuli rayonlarında həyata keçirilmişdi.

Layihənin məqsədi – Vətən müharibəsi zamanı dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçüləmizi qısametrajlı filmlər vasitəsilə cəmiyyətə tanıtmaq və gənclərimizdə qəhrəman obrazları yaratmaq idi.

Layihənin icrası zamanı 3 qısametrajlı filmin çəkilişi həyata keçirilmişdir. Bu məqsədlə çəkiliş qrupu Biləsuvar rayonunun Xırmandalı, Nərimankənd, Nəsimi və Vətən müharibəsi zamanı qızğın döyüşlər getdiyi Füzuli rayonuna səfərlər təşkil etmiş və Alxanlı, Şükürbəyli kəndlərində çəkilişlər həyata keçirmişdir. Çəkilişlərdə rabitəçi, hərbi həkim və xüsusi təyinatlı döyüşçülərin həyatı, Vətən torpağının müdafiəsinə qalxması, Vətən müharibələri zamanı həyata keçirilən əməliyyat və döyüşlər, qızğın döyüş gedən məkanları və gənc nəslə tövsiyyələr öz əksini tapmışdır. Layihənin yekunu olaraq Biləsuvar rayonu H. Əliyev Mərkəzində rayon icra başçısı Faiq Qürbətov, qazi, yerli ictimaiyyət və gənclərin iştirakı ilə hazırlanmış 3 qısametrajlı filmin təqdimatı keçirilmişdir. Hazırlanmış video-çarxlar gələcəkdə gənclərimizin vətənpərvər ruhda böyüməsində, həmin qəhrəmanları gənclər və cəmiyyət tərəfindən tanıdılmasında və gənc nəsildə yeni müasir qəhrəman obrazların yaranmasında rolu olacaq.

“Bakı Gənclər Klubu” İctimai Birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “Bakı Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), “GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və “Azərbaycan Kiber İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür.