Şəhid qanı axmayan torpaqdan Vətən olmaz! Bir ata min əziyyətlərlə böyütdüyü oğluna, nə böyük arzular bəsləmişdi. Lakin şəhid atası olduğu üçün mətinliyi, vətənpərvərliyi bu hisslərin hamısına qalib gəlir. Başını dik tutub, göz yaşlarını ovundurmağa çalışır. Dindirəndə həzin bir səslə pıçıldayır: “Onlarla belə oğul fəda edərəm Vətən uğrunda, təki Vətən sağ olsun”. Gənc övladını torpağa tapşıran, heç bir təsəlli ilə ovunmayan ana da “Vətən sağ olsun”, – deyir, oğlunun muzeyində sərilən bayrağımızdan, onun xatirəyə dönmüş şəkillərindən təskinlik tapır. Ziyarətinə gələn hər kəs baş əyir məzarının önündə, “səninlə fəxr edirik, Azərbaycan əsgəri, şərəflə qorudun Vətəni” deyir. Bax, şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Belə qəhrəmanlardan biri də Şəhid Ramid Əliyevdir.

25 iyul 2021–ci il tarixində Lənkəranlı gənclərdən bir qrupu – Sosial Xidmətlər Agentliyinin 13 saylı filial müdiri Ramin Hüccətov, Dini Qurumlarla İş üzrə Dövət Komitəsinin Lənkəran bölgəsi üzrə nümayəndəsi Emin Həmidli, İnsan Hüquqları üzrə Müvəkkilin(Ombudsman) Cəlilabad Regional mərkəzinin rəhbəri Ziya İsmayılov, LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi Cəmil Quliyev Lənkəran rayonu İstisu qəsəbəsində şəhid Ramid Əliyevin ailəsi ilə görüşmüşlər. Ailənin problemləri və qayğıları ilə maraqlanan gənclər I Qarabağ və 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən lənkəranlı döyüşçülərin qəhrəmanlıqlarından danışıblar. Şəhid atası İstisu qəsəbə tam orta məktəbinin Coğrafiya müəllimi Kamal Əliyev lənkəranlı gənclərə minnətdarlığını ifadə etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə cəsur döyüşçü Ramid Əliyev ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Əliyevlərin yaşadığı evdə şəhid Ramid Əliyevin xatirəsinə muzey yaradılıb. Ramid erməni silahlı qüvvələri tərəfindən atılan mərminin partlaması nəticəsində qəhrəmancasına şəhid olmuşdur. Lənkəranlı gənclər İstisu qəsəbəsi kənd qəbiristanlığında şəhid Ramid Əliyevin məzarı önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.

Bənzər yazılar