Bu günlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin dekan müavini, dosent Xankişi Məmmədovun ADPU-nun 100 illik yubileyinə həsr olunmuş “ADPU – 100 Fizika fakültəsi” adlı yeni kitabı işıq üzü görüb. Layihənin rəhbəri ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov, elmi redaktoru Fizika fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi, dosent Arzu Daşdəmirov, elmi məshətçisi fizika-riyaziyyat elmləri doktoru, prof. Edil Eyvazovdur. Kitaba prof. Vaqif Nəsirov, f.ü.e.d., dos. Cahangir Hüseynov, prof. Şükür Əlizadə, prof. İsa İsmayılov, dos. Sevinc Cəlilova, dos. Səadət Musayeva və dos. Kamil Abbasov rəy verib.
Pedaqoji Universitetin Fizika fakültəsinin tarixi ilə bağlı yazılan bu kitabda fakültənin keçən 100 il ərzindəki fəaliyyətindən söhbət açılır, keçmişinə və bu gününə nəzər yetirilir. Kitab, həmçinin, Azərbaycan fizika elminin tarixini öyrənmək baxımından da çox əhəmiyyətlidir.
Kitab ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovun “Ön söz”ü ilə açılır. Prof. C.Cəfərov qeyd edir ki, ölkəmiz üçün zəruri olan elmi və pedaqoji kadrların yetişdirilməsində Fizika fakültəsinin xüsusi çəkisi və özünəməxsus payı vardır. Bunu biz fakültənin keçdiyi yüz illik yola nəzər salanda daha aydın və dəqiq görə bilirik.
Əsərdə fakültənin tarixi üç mərhələdə (1921-1927, 1927-1968 və 1968-2021) tədqiq edilmiş, fakültənin görkəmli məzunları, gənclərə örnək olan məzunlar, fakültənin bu günü haqqında maraqlı məlumatlar verilmişdir. Kitabı oxuduqca, Fizika fakültəsinin fəaliyyəti ərzində qazandığı uğurlar daha çox diqqət cəlb edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan təhsil islahatları fonunda 100 illik yubileyinə hazırlaşan Azərbaycan Dövlət Pedaqoji Universitetinin zəngin ənənələrinin daha da inkişaf etdirilməsi, müasir dövrün durmadan artan çoxsaylı tələblərinə layiqli cavab verməyi bacaran gənc müəllim kadrlarının hazırlanmasında ADPU-nun bütün strukturları kimi Fizika fakültəsinin də böyük rolu var. Bu baxımdan dəyərli tarixi və elmi tədqiqat əsəri kimi dos. X. Məmmədovun kitabı 100 illik yubileyə xüsusi töhfələrdən biridir.
ADPU-nun mətbuat katibi Cavid Hüseynov