Dərc olunub: 18.05.2021

 

Mayın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Agcabədi Filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “MÜASİR GƏNCLƏR VƏ ELMİ İNNOVASİYALAR” mövzusunda Tələbə Elmi Cəmiyyətinin (TEC) XV konfransı keçirilib.

Konfransın plenar iclasını giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsini anmaq üçün bir dəqiqəlik sükut elan edib. Direktor Ümummilli Liderin Azərbaycan təhsili və elminin inkişafındakı misilsiz xidmətlərindən danışıb. Sonra dos. M.Məcidov konfrans iştirakçılarını plenar iclasın gündəliyi ilə tanış edib və söz məruzəçilərə verilib.

Filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov “Heydər Əliyev: Azərbaycanda təhsil və elm” mövzusunda, tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” mövzusunda, filialın TEC sədri, “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, k.t.ü.f.d. Fazil Cəfərov isə “Tələbə elmi-tədqiqat işlərinin perspektivləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Plenar iclasdan sonra bölmələr üzrə tələbə elmi-tədqiqat işlərinin müdafiəsi başlanılıb. “Riyaziyyat, informatika və fizika”, “Tarix və coğrafiya”, “Azərbaycan dili və ədəbiyyat”, “Pedaqogika, psixologiya və tibbi biliklər” bölmələrində keçirilən konfransda tələbə elmi-tədqiqat işlərinin müdafiəsində hər bir bölmədə fərqlənən tələbələr I, II və III yerlərə layiq görülərək diplom və sertifikatlarla təltif olunublar.

ADPU-nun mətbuat katibi Cavid Hüseynov