Mektebgushesi.az -ın keçirdiyi virtual sorğu başa çatıb. 

Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır?Mektebgushesi.az internet portalının təhsilin modernləşməsinə, islahatların gedişiatına hesablanan növbəti sorğusunun bu mövzunu əhatə etməsi heç də təsadüfi deyildi. İstəsək də, istəməsək də koronovirus pandemiyası səbəbindən yaşamağa məhkum olunduğumuz karantin şəraitində distant təhsilin ön plana keçməsinin təhsil sahəsində müəyyən “boşluq” yaradacağı şübhəsi portalın kollektivini bu addımı atmağa sövq etdi. Axı söhbət xalqımızın gələcəyinin baza prinsiplərini yaradıb-qoruyacaq təhsildən gedir. Düşündük ki, bizlər bu boşluğun daha “dərinliklərə” nüfuz etməməsi üçün əlimizdən gələn nələri reallaşdıra bilərik?

Əlbəttə ki, həvəsləndirici və həvəsləndirici qədər də yaddaşları silkələyən, təfəkkürləri qəflət yuxusuna getməyə qoymayan üsulları ön plana çəkməyi hədəfləməyə üstünlük verdik. Bu sırada daha geniş sferaları əhatə edən tədbirlər əsasən təhsil cameəsinin öz üzərinə düşür. Amma bizim dəfələrlə təkrarlanaraq hər dəfəsində özünü daha uğurlu forma və məzmunda doğruldan “sorğular” modelimiz də müasir təhsilin yaranmasına öz töhfələri ilə yaddaşlarda dərin izlər buraxmışdı. Beləliklə, artıq hamılıqla virtual dünyanı mənimsəmiş müəllim-tələbə kontingentini və onlarla bərabər bütün ölkə əhalisini cəlb edərək müəyyən mənada bir araya gətirəcək sorğunu reallaşdırmaq qərarına gəldik. Bu dəfə kolleclər arasında distant təhsilin keyfiyyət göstəricilərini aydınlaşdırmaq istədik. Paralel olaraq onu da müəyyənləşçdirmək istədik ki, kolleclərimizdən hansılar tələbələrini daha çox yada salır, tədrislə məşğul olur, hansılar bu həyati vacib işi sadəcə yola verir, hansılar ümumiyyətlə təhsillə bağlı media qurumlarında gedən məlumatlardan, bu tipli sorğulardan belə bixəbərdir.

Yeri gəlmişkən, təhsil islahatlarının durmadan getdiyi bir dönəmdə,  hətta “özünü doğrultmayan, sadəcə büdcədən vəsait məsrəf etməklə yalnız öz mövcudluğunu qoruyan kolleclərin başının üzərini “Domokl qılıncı” aldığı, onların qapadılaraq funksiyalarının universitetlərin bakalavriat pilləsinə verilməsinin vacibliyi” kimi mühüm amillər meydana çıxdığı bir dövrdə kollec kollektivlərinin təhsilə münasibətlərinin konturlarını müəyyən etmək də gündəmdədir. “Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır” kimi obyektiv sorğuların bu seçimlərdə də öz təsirini göstərəcəyi şübhəsizdir.

Anbaan dəyişən nəticələr

Bəs Mektebgushesi.az internet saytının “mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır” mövzusunu əhatə edən sorğunun gedişiatı necə izlənildi və nəticələr barədə. Yuxarıdakı qeydlərdə müəyyən mənada eyham vurduğum kimi, sorğunun başlanğıc günlərində kolleclər arasında bir o qədər də rəqabət hiss olunmadı. Baxmayaraq ki, biz rəqabət mühiti üçün bütün şəraiti yaratmışdıq. Həmişə olduğu kimi, bir İP-dən yalnız bir dəfə səs verməyin mümkünlüyü, portalın səhifəsində sorğu ilə ilgili bütün bilgilərin yerləşdirilməsi, məlumatlarda kolleclərimizə müraciətlər və s. Bütün bunları geniş ictimaiyyətin sorğumuza cəlb olunması və qeyd etdiyim kimi “distantlığını” bəhanə etməklə arxa planda təhsilin özünü yada salmaq üçün təşviqat kimi düşündük. Sorğunun davam etdiyi sonrakı günlərdə xoşməramlı niyyətimiz baş tutdu. Belə ki, bir sıra kolleclərdəki vəziyyəti dəyərləndirərərək onlara rəğbət bəsləyənlərin arasında əsl yarışma başlandı. Hətta gün ərzində kolleclərin sıradakı yerlərində baş verən aşağı-yuxarı dəyişikliklər bir sıra kolleclərdə dərslərin distant olsa da keçirildiyini, başqa sözlə distant təhsil sınağından doğrudan da uğurla çıxdığını isbatlayırdı.

Amma təəssüf ki, digər sorğularımızda olduğu kimi yenə də qəflət yuxusunda olan kolleclərimizin də varlığını ortaya çıxardı “mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır” nidalı sorğumuz. Belə qənaətə gəlmək olardı ki, ən aşağı faizlə sorğumuzda səs alanların bir çoxu bəlkə də distant təhsili fürsət bilərək ümumiyyətlə dərs prosesini dayandırıblar?! Nəticədən çıxış edərək belə bir şübhəyə əsaslarımız yarandı. Yəni necə ola bilər ki, onların ən azı kollektivləri – pedaqoq və tələbələri belə daim təhsillə bağlı yazılarla çıxış edən mektebgushesi.az-ın sorğusundan bixəbər olsunlar. Sorğuda geridə qalsalar da belə, ən azından onlar kontingentlərinin sayı qədər səs ala bilərdilər. İndi soğunun nəticələrinə nəzər saldıqda siz özünüz də bu qənaəti bölüşmüş olacaqsınız, əziz oxucular!

Sorğunu 3433 səslə tamamlayan pedaqoqlar

Beləliklə  sorğunun nəticələrinə diqqət edək. Sorğuda 10.603 respondent iştirak edib. Nominasiya üzrə birinci yerin qalibi çox yüksək səs fərqilə (32%, 3. 433 səs) Azərbaycan Dövlət Pedaqoji kollecidir. Bu kollec özündən sonra gələn ikinci yerin qalibi Bakı Biznes və Kooperasiya kollecini (19%, 2. 013 səs) 1420 səs fərqilə qabaqlayır. İlk üçlüyü 17%, 1. 813 səslə Bakı Dövlət İqtisadiyyat və Humanitar kolleci tamamlayır. İlk beşlikdə isə həmçinin 14% – 1. 454 səslə Bakı Dövlət Sosial-İqtisadi kolleci və ardıcıl olaraq 4% – 462 səslə Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleci qərarlaşıb. Yeri gəlmişkən keçmiş sorğularımızdan birində də Şirvan Dövlət İqtisadiyyat və Humanitar kollecinin qalib olması bu təhsil ocağının aktivlər sırasında yer aldığını təsdiqləyir.

Sorğunun gedişi zamanı ilk üçlüyə düşənlərin arasında belə demək mümkünsə “ölüm-dirim savaşı” gedib. Son günlərdə bu qaliblər elə bir müstəvidə biri digərini təqib edib ki, bəzən onların rəqabəti sanki virtual deyil, üz-üzə durubmuşlar görüntüsünü yaradaraq nəticələri saniyələrlə biri digərini üstələməklə dəyişilib. Bu, əlbəttə ki, onların kollektivlərinin öz kolleclərinin imicinə münasibətinin və eləcə də həmin kolleclərə ictimaiyyətin münasibətinin müsbət göstəricisidir. Bu, bizlərə də sevinc hissi bəxş edir ki, pandemiyaya baxmayaraq təhsilimizi qoruyanlar, onu hətta distant formada da yüksək səviyyədə tədris edənlərimiz var. Deməli, bir ildən artıq distant təhsil mexanizmi dövrünü yaşamağımıza baxmayaraq, xalqımızın işıqlı gələcəyi bütün çətinliklərə rəğmən tamamilə sual altına düşməyibmiş…

“Görüş” filminin “Kamilləri”…

Amma bu da faktdır ki, təhsilin nəinki modernləşməsini, onunla bağlı baş verən prosesləri müvafiq media qurumlarından heç izləməyənlər də varmış. Görünür sonuncu yerləri bölüşən belə kolleclərin kollektivləri – müəllim-tələbə heyəti heç orda işləyib-təhsil aldıqlarının fərqində də deyillər. Bəlkə hörmətli təhsil ekspertlərinin “özünü doğrultmayan kolleclərin funksiyalarının universitetlərin bakalavriat pilləsinə verilməsi” barədə proqnoz-təkliflərinin doğrudan da artıq zamanıdır?!.. Bəlkə xalqmızın gəlirləri hesabına kiminsə yerini tutaraq yaşayan belə kolleclərə daha heç ehtiyac qalmayıb?!.. Cədvəlin sonunda öz yerlərini “bərkitmiş” belə kolleclərimizi elə onların aldığı bir-iki səslərə müvafiq şəkildə qiymətləndirməyi sizlərin ixtiyarınıza buraxırıq, əziz oxucular! Onların düşdüyü durum məşhur “Görüş” filminin personajı Kamilin motosikllə karikaturasını yadımıza salır…

…Düşünmək zamanıdı. “Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır” sorğumuz çox nəsnələri ortaya qoymuş oldu.

Nəzirməmməd Zöhrablı

P.S. Qalibləri təbrik edirik. Onlarda distant təhsilin necə təşkil olunmasını işıqlandıran yazılarımızı izləyin.

Mövcud durumda hansı kollec distant təhsil sınağından uğurla çıxır?

Sorğu 25.04.2021 tarixdə 00 : 00-da yekunlaşıb.

Nəticələr:

Azərbaycan Dövlət Pedaqoji kolleci (32%, 3. 433 səs)

Bakı Biznes və Kooperasiya kolleci (19%, 2. 013 səs)

Bakı Dövlət İqtisadiyyat və Humanitar kolleci (17%, 1. 813 səs)

Bakı Dövlət Sosial-İqtisadi kolleci (14%, 1. 454 səs)

Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleci (4%, 462 səs)

Şamaxı Dövlət Regional kolleci (4%, 443 səs)

Masallı Dövlət Regional kolleci (2%, 174 səs)

Azərbaycan Maliyyə-İqtisad kolleci (1%, 154 səs)

Bakı Humanitar kolleci (1%, 94 səs)

Şuşa Humanitar kolleci (1%, 87 səs)

Ağcabədi Pedaqoji kolleci (1%, 69 səs)

Bakı İdarəetmə və Texnologiya kolleci (0%, 46 səs)

Ağdam Dövlət Sosial-İqtisadi Kolleci (0%, 41 səs)

Astara Pedaqoji kolleci (0%, 37 səs)

Ağdaş Dövlət Humanitar kolleci (0%, 33 səs)

Bakı Neft-Energetika kolleci (0%, 31 səs)

Bakı Texniki kolleci (0%, 20 səs)

Bakı Dövlət Rabitə və Nəqliyyat kolleci (0%, 20 səs)

Şəki Dövlət Regional kolleci (0%, 16 səs)

Milli Konservatoriyası nəzdində Musiqi kolleci (0%, 15 səs)

1 nömrəli Bakı Tibb kolleci (0%, 15 səs)

2 nömrəli Bakı Baza Tibb kolleci (0%, 13 səs)

Lənkəran Dövlət Humanitar kolleci (0%, 13 səs)

Sumqayıt Özəl Orta İxtisas kolleci (0%, 12 səs)

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat kolleci (0%, 11 səs)

Qazax Dövlət Sosial-İqtisadi kolleci (0%, 10 səs)

Sumqayıt Tibb kolleci (0%, 9 səs)

Quba Dövlət Sosial-İqtisadi kolleci (0%, 8 səs)

Sumqayıt Dövlət Texniki kolleci (0%, 8 səs)

Ağdam Musiqi kolleci (0%, 6 səs)

Sabirabad Dövlət Sosial-İqtisadi kolleci (0%, 5 səs)

Gəncə Dövlət Regional kolleci (0%, 5 səs)

İncəsənət kolleci (0%, 4 səs)

İsmayıllı Dövlət Humanitar və Texnologiya kolleci (0%, 4 səs)

Bərdə Dövlət İdarəetmə və Texnologiya kolleci (0%, 4 səs)

Zaqatala Dövlət İdarəetmə və Texnologiya kolleci (0%, 4 səs)

Bakı Qida Sənayesi Kolleci (0%, 4 səs)

Şəki Tibb kolleci (0%, 3 səs)

Şəki Musiqi kolleci (0%, 3 səs)

Göyçay Dövlət İdarəetmə və Texnologiya kolleci (0%, 3 səs)

Gəncə Musiqi kolleci (0%, 2 səs)

Tovuz Dövlət Sosial-İqtisadi kolleci (0%, 1 səs)

Sumqayıt Musiqi kolleci (0%, 1 səs)

Ümumi səslər: 10. 603

Bənzər yazılar