İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq hərbi qələbəsi ölkəmizin tarixinin, bütövlükdə dünyanın ən mühüm hadisələrindən biri oldu.
Bu savaşın ən böyük özəlliyi, əlbəttəki, öz haqq işi uğrunda mübarizə aparan xalqımızın üzləşdiyi beynəlxalq təzyiqlərə, ikili standartlara baxmayaraq, ərazi bütövlüyünü təmin etməsidir. Digər tərəfdən, 44 günlük döyüşlərin nəticəsi olaraq Ermənistanın 30 ildən artıq davam edən işğal siyasətinə sonqoyulması müasir dünyada bu tip problemlərin həlli ilə bağlı ən gözəl nümunədir.
44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünü təsdiqi kimi qəbul edildi.
Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliy əvəzsiz töhfədir. Savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir.
Bu müddət ərzində düşmənə sarsıdıcı zərbə vurmaqla yerdə və havada üstünlük qazanan Silahlı Qüvvələrimiz “məğlubedilməz erməni ordusu” mifini dağıtdı və Ermənistan hakimiyyətini 44 gün ərzində 3 dəfə atəşkəs dilənməyə və nəhayət, təslim olmağa vadar etdi. 44 gün davam edən II Qarabağ Müharibəsi zamanı işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, daha dəqiq desək 1949-cu il Cenevrə Konvensiyaları və Əlavə Protokollarını kobud surətdə pozaraq Azərbaycanın mülki əhalisini və mülki obyektləri atəşə tutaraq, müxtəlif cinayətlər törətdi. Beynəlxalq humanitar hüquq normaları münaqişə zamanı qadınlara, uşaqlara, tibbi ekipaja, ümumilikdə, mülki əhaliyə qarşı hücumu qadağan etsədə işğalçı tərəf həmişəki kimi dövlətlərarası normanı heçə saydı, beynəlxalq arenada silahlı münaqişlərin aparılması ilə bağlı yekdiliklə qəbul edilmiş bütün qaydaları (“Jusinbello” – silahlı münaqişə ilə əlaqədar tətbiq olunan hüquq normalanın məcmusu) bütün dünyanın gözü qarşısında birmənalı pozdu. II Qarabağ Müharibəsi ərzində düşmən Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb mülki əhalini, mülki obyektləri ağır artilleriyadan atəşə tutaraq terror əməllərindən çəkinməyib. Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində 93 dinc sakin həlak olmuş, 407 nəfər yaralanmış, 3000-dən çox yaşayış evi yararsız vəziyyətə düşmüşdür.
44 günlük İkinci Qarabağ müharibəsi arxada qalsada onun nəticələri, ən əsası Ermənistanın müharibə dövründə də beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymaması geniş şəkildə müzakirə olunmaqda, hazırlanan hesabatlarda öz əksini tapmaqdadır. Diqqət çəkən məqam istər müharibədən əvvəl, istərsə də müharibənin gedişi zamanı işğalçı Ermənistana dəstək olub hesabatlarında onu haqlı, Azərbaycanı isə haqsız tərəf kimi qeyd edən beynəlxalq hüquq müdafiə təşkilatlarının müharibədən sonra reallıqları etiraf etmələri, həqiqətlərə həqiqət gözü ilə baxmalarıdır.
Azərbaycan 30 ilə yaxın dövrdə dünyadan nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrasını, beynəlxalq hüquq normalarına əməl olunmasını gözlədi. Hələ
ötən əsrin 90-cı illərinin əvvəllərində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçı qüvvələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılması öz əksini tapmışdı. 30 ildə bu qətnamələrin icrası istiqamətində hər hansı addım atıldımı? Dövlətimizin başçısı İlham Əliyev dəfələrlə ən yüksək tribunalardan bəyan edirdi ki, kağız üzərində qalan qətnamələrin icrasına böyük ehtiyac var. Amma dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları görməzdən və eşitməzdən gələrək yenədə ikili siyasətlərini davam etdirməkdədilər. Sonda nəticə necə oldu? Azərbaycan Ordusu dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində işğala son qoydu, yeni tarix yazdı, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu əməldə təsdiqlədi, ən əsası dünyanın xarici siyasətini dəyişdi. Bir daha dünyaya çatdırıldı ki, bu prinsiplər bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalı və vahid icra mexanizmi müəyyənləşdirilməlidir.
Düşmən ölkənin müdafiə nazirinin dediyi kimi, Azərbaycan Ordusunun kəmiyyət və resurslar baxımından güclü, əsgər və zabitlərimizin isə yüksək peşəkarlığı, mübarizə əzmi işğalçının geri çəkilməsinə, döyüşdə təslim olmasına gətirib çıxardı.
Firavan Əlizadə,
BDU-nun Hüquq fakültəsinin IV kurs tələbəsi