Dərc olunub: 07.01.2021

 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlovun “Qurani-Kərim əlifbası” və “Qurani-Kərim təcvidi” adlı kitabları nəşr olunub.

“Qurani-Kərim əlifbası” kitabı Quran qiraəti tədrisinin birinci mərhələsində istifadə olunacaq ədəbiyyatdır. Kitabın əvvəlində Qurani-Kərimin tarixi haqqında geniş məlumat verilir. Daha sonra hərflərin adları, məxrəcləri, xüsusiyyətləri və onların əvvəldə, ortada, sonda yazılışı barədə ətraflı bəhs olunur. Həmçinin hərflərin məxrəcləri əlifba sırasına uyğun surətdə qeyd edilir.

Vəsaitdə hərflərin hərəkələrlə, sükunlu, təşdidli, tənvinli oxunuşu ilə bağlı ayr-ayrı izahlı hissələr mövcuddur.

Ədəbiyyat numunəsində Məd və Müqəttəə hərfləri barədə geniş hissə, daha sonra Namaz duaları və Qurani-Kərimin surələri öz əksini tapır.

Kitab hazırlanarkən digər müsəlman ölkələrinin, eləcə də ölkəmizdə 1992-2018-ci illərdə fəaliyyət göstərmiş Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin təcrübəsindən istifadə olunub.

“Qurani-Kərim təcvidi” kitabı isə Quran qiraəti tədrisinin ikinci mərhələsində istifadə olunacaq ədəbiyyatdır. Nümunədə əvvəlcə təcvid elminin tərifi, məqsədi, hökmü haqqında məlumat verildikdən sonra, Quran oxuyarkən ortaya çıxacaq xətalar və bu xətaların ibadətə təsiri haqqında bəhs olunur. Bundan sonra ənənəyə uyğun olaraq məd, idğam bəhsi, sakin nun və tənvinə aid hökmlər, sakin mimin hökmləri, hərfi-tərifə aid hökmlər, ra hərfinə aid hökmlər, səktə, vəsl və vəqf, işmam, imalə, təshil kimi təcvid qaydaları nəzəri surətdə izah olunur, Qurani-Kərimdən götürülmüş misallarla təsvir edilir. Təcrübəyə əsasən bəzi qaydaların daha aydın başa düşülməsi və asan yadda qalması üçün onlar sxemlər üzrə sıralanır.

Hər iki kitabın hazırlanmasında Azərbaycan, ərəb və türk dillərində olan mənbələrdən istifadə olunub.

Bənzər yazılar