Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi üzrə tərəfdaşların onlayn görüşü təşkil edilib.
Görüş BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib. Qeyd edək ki, tədbir ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilən “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi üzrə tərəfdaş qurumların nümayəndələrinin qatıldığı “ZOOM” platforması üzərindən onlayn formada təşkil olunub.
Görüşdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfiri Li Litzenberqer, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan nümayəndəliyinin direktoru Jaydev Sinx, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov iştirak ediblər.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev çıxış edərək, birgə əməkdaşlıq və gələcəkdə nəzərdə tutulan layihələr barədə danışıb.
Daha sonra Aİİ rektoru Aqil Şirinov çıxış edərək, Aİİ-nin yaranması, fəaliyyəti, ali məktəbdə tədris prosesi, ixtisaslar barədə geniş məlumat verib. Qeyd edilən layihə çərçivəsində həyata keçirilən ingilis dili kurslarınn fəaliyyətini yüksək qiymətləndirdiyini nəzərə çatdırıb.
ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberqer söz alaraq, rektor A.Şirinovu doğulduğu Kəlbəcərin işğaldan azad olunması münasibətilə təbrik edib. Səfir, həmçinin birgə əməkdaşlığın gələcək üçün mümkün perspektivlərindən də bəhs edib.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan nümayəndəliyinin direktoru Jaydev Sinx ABŞ universitetləri ilə Aİİ arasında əməkdaşlıq əlaqələrinin qurulması üçün birgə əməkdaşlıq aparılması variantlarından danışıb.
Görüşdə tərəfdaşlar mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb, yerli dayanıqlılığın artırılmasına töhfə verəcək birgə səylər üzərində işləri davam etdirməyə hazır olduqlarını vurğulayıblar.
Qeyd edək ki, Aİİ-də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində ödənişsiz onlayn ingilis dili kursları keçirilir. Pandemiya şəraitində onlayn aparılan ingilis dili dərslərində beş qrup üzrə ümumilikdə 50 nəfər iştirak edir. İştirakçılar, əsasən, Aİİ-də fərqli pillələr üzrə – bakalavriat, magistratura və doktoranturada təhsil alan tələbələrdən ibarətdir.