Dərc olunub: 05.11.2020

Xəzər Universiteti dünya ölkələrində olan 60-dan çox tərəfdaşına, o cümlədən İtaliyanın Bolonya, Kaliforniya Dövlət, Yaponiyanın Doşişa, İngiltərənin Midlseks, Fransanın Monpelye, Avstraliyanın Ballarat, Varşava İqtisadiyyat universitetlərinə, Niderland Biznes Akademiyasına və digər ali təhsil müəssisələrinə Azərbaycanın öz torpaqlarını Ermənistan ordusunun işğalından azad etmək uğrunda apardığı Vətən müharibəsi ilə əlaqədar müraciət ünvanlayıb.

Bu barədə Mektebgushesi.az -a universitetdən məlumat verilib.

Müraciətdə bildirilib ki, keçən əsrin 90-cı illərinin əvvəlində Ermənistan Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı ətrafındakı 7 rayonla birlikdə işğal edib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsi haqqında qəbul etdiyi dörd qətnamə sonrakı illərdə icrasız qalıb. ATƏT-in ABŞ, Fransa və Rusiyadan ibarət yaratdığı Minsk qrupu da ötən 28 il ərzində həmin qətnamələrin icrasına nail olmayıb, yaxud buna səy göstərməyib. Havadarlarına arxalanan Ermənistan bu ilin iyul ayından başlayaraq Azərbaycanın digər ərazilərini zəbt etmək üçün hərbi təcavüzə başlayıb, lakin ordumuzun əks-hücum əməliyyatları nəticəsində torpaqlarımızın müəyyən hissəsi düşməndən azad edilib.

Qeyd olunub ki, Ermənistan müvafiq beynəlxalq konvensiyaları cinayətkarcasına pozaraq, Azərbaycanın döyüş bölgələrindən uzaqda yerləşən şəhər və kəndlərinə bomba və raket atəşləri yağdıraraq, mülki əhalinin, o cümlədən ahılların, qadın və uşaqların qətlə yetirilməsinə səbəb olur.

Müraciətin sonunda Azərbaycanın ədalətli mübarizəsini, haqq işini dəstəkləmək çağırışı ifadə olunub.