Dərc olunub: 05.10.2020

“1990-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz Dağlıq Qarabağı müvəqqəti olaraq itirdik. Mən bugünkü müsahibədə müstəqilliyə qədər bəzi məqamları dilə gətirdim ki, Azərbaycan ictimaiyyəti bu hadisələri unutmasın, gənc nəsil də bunu bilsin. Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Bu gün mövcud olan Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Bu haqda kifayət qədər tarixi sənədlər var. İkinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” – Silahli Qüvvələrin Ali baş Komandanı İlham Əliyev.

Vətəninə bağlı olan, ürəyi Azərbaycanla döyünən hər bir vətəndaşın bu sözlər qarşısında qürur hissi keçirdiyinə əminəm. Uzun illərdir ki, tarix kitablarından, televiziya və radio verilişlərindən ermənilərin xalqımıza yaşatdığı o dəhşətli günləri oxuyur, dinləyir, izləyirik.

1991-ci ildən başlayaraq ermənilər Azərbaycana qarşı ərazi iddiaları ilə müharibə elan etdilər və həmin ilin sentyabr ayının əvəlində qondarma “Dağlıq Qarabağ Respublikası” yaratdılar. Yaratdılar, amma necə? İnsanları doğma yurd-yuvasından didərgin salaraq, uşaqları, qadınları vəhşicəsinə öldürərək, dinc əhalinin canı, qanı bahasına torpaqlarımızı mənimsədilər. Amma yenə də kifayətlənmədilər. Müxtəlif illərdə – 2014-cü ilin yayında, 2015-ci ilin sentyabrında, 2016-cı ilin aprelində, 2020-ci ilin iyulunda dəfələrlə atəşkəsi pozdular.

2020-ci il sentyabr ayının 27-si Ermənistan-Azərbaycan arasında başlayan və hazırda davam edən torpaqlarımızın azadlığı uğrunda mübarizədə Azərbaycanın şanlı ordusu öz gücünü, qüdrətini düşmən ordusuna layiqincə göstərir. Prezident İlham Əliyev ölkədə qismən səfərbərlik elan etsə də, minlərlə gənc, eləcə də yaşlı nəslin nümayəndələri könüllü şəkildə bu mübarizədə iştirak etməyə hazır olduqlarını bildiriblər. Müharibə və onun nəticələri nə qədər ağır olsa da, xalqımız qorxmur, mərd oğullarımız

gülə-gülə, sevinc hissi ilə, cəsarətlə düşmənlə üzləşməyə gedir. Uzun illərdən bu günə qədər torpaq uğrunda canını fəda edən igid şəhidlərimizin, gözü yaşlı analarımızın, atalarımızın, yarım qalan sevgilərin, ata-ana qayğısından məhrum olan körpələrimizin, yurdundan, isti ocağından didərgin düşən insanlarımızın qisasını almağa gedir bizim vətənpərvər oğullarımız.

Vətənin dar günündə mənəvi dəstəyimizi əsirgəmir, birlik nümayiş etdirir, gecə-gündüz cəbhədə düşmənlə üz-üzə vuruşan əsgərlərimiz üçün dualar edirik. Çox yaxın günlərdə zəfər xəbərlərini alacağımıza, üçrəngli şanlı Azərbaycan bayrağının Qarabağ səmasında qürurla dalğalanacağına inanırıq!

Azərbaycan xalqı sənin görüşünə tələsir, Qarabağ!

Leyla Zərbəliyeva,

BDU-nun Jurnalistika fakültəsinin magistrantı

Bənzər yazılar