Şimal bölgəsində pedaqoji kadr hazırlığı məqsədilə 1943-cü ildə yaradılan Quba Dövlət Müəllimlər İstitutunun varisi hesab olunan filial 1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialı, 2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı, 2015-ci ildən isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı kimi fəaliyyət göstərir. Qubanın ən səfalı məkanında 2,5 hektar ərazidə iki və üç mərtəbəli 2 tədris binası, 38 otaqdan ibarət 70 tələbə üçün nəzərdə tutulan ikimərtəbəli yataqxana binası, 300 kvm-lik yeməkxana binası və böyük idman çeydançası filialın geniş maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksinə – kampusa malik olduğunu göstərir.

Azərbaycanın şimal bölgəsində mədəni həyatın inkişafında müstəsna əhəmiyyətli ali təhsil ocağı olan ADPU-nun Quba filialında 6 ixtisas – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, İbtidai sinif müəllimliyi və Təhsildə sosial-psixoloji xidmət, Məktəbəqədər təlim və tərbiyə ixtisasları fəaliyyət göstərir. 2020\2021-ci ildən isə İngilis dili müəllimliyi ixtisası da əlavə edilir. Bakalavriatura təhsili alan 1000-ə yaxın tələbəyə 83 nəfər professor-müəllim heyəti təhsil verir. Nizam-intizamın yüksək olduğu, tələbə-müəllim işinin şəffaf qurulduğu filialda 43 nəfər tədris köməkçi, 20 nəfər xidmətedici heyət də fəaliyyət göstərir. Əməkdaşların maddi rifah halı daim yaxşılaşma istiqamətində dəyişir. Belə ki, 2019-cu il ərzində filial əməkdaşlarının əməkhaqları orta hesabla 30% artırılıb, əməkdaşlara bacarıqlarına əsasən onları iş prosesinə, filialdakı komanda ruhuna motivə etmək məqsədi ilə filial rəhbərliyi tərəfindən mükafatlar Diplom və fəxri fərmanlar verilib. Bu səbəbdən də təkcə aidiyyəti strukturların deyil, bütün kollektivin səyi nəticəsində müxtəlif beynəlxalq və yerli tədbirlərə, layihələrə, ilklərə imza atılır, tədbirlərin keyfiyyət və kəmiyyəti artırılır.

Filialda bir Pedaqoji fakültə və üç kafedra – Ədəbiyyat və dillər, Pedaqoji və ictimai fənlər, Təbiət fənləri və onun tədrisi metodikası kafedraları, dekanlıq fəaliyyət göstərir. Hər il kafedra müəllimlərinin elmi məqalələri, kitab, dərslik, proqram və monoqrafiyaları işıq üzü görür, filial əməkdaşlarının elmi istiqamətdə inkişaf monitorinqi aparılır. Filialın elmi və pedaqoji kadr potensialında professorlar, elmlər və fəlsəfə doktorları, baş müəllimlər, alimlər, gənc doktorant və dissertantlar yer tutur. Hazırda ADPU-nun Quba filialında professor-müəllim heyətinin elmi tədqiqat işlərinə cəlb edilməsi sahəsində xeyli uğurlu nəticələr əldə edilmişdir. Əməkdaşlarımız qısa müddətdə müxtəlif beynəlxalq və respublika səviyyəli konfrans və simpoziumlarda iştirak etmiş, məqalə və elmi əsərlər çap etdirmiş, xarici ölkələrdə təhsil təcrübəsi əldə etmiş, müxtəlif respublika səviyyəli layihələrdə iştirak etmişlər.

Bundan əlavə filialın Ümumi şöbəsi, Kitabxana şöbəsi, İnformasiya Kommunikasiya Texnologiyaları şöbəsi Tələbə və tədrisin idarə edilməsi şöbəsi, Mühasibatlıq şöbələrində də filialdaxili əməkdaşlıq prinsipləri qorunur, tələbə-gənclərin, ümumi filialın mənafeyi naminə rəhbərliyin tapşırıq və tövsiyələrinə əməl edilməklə birlikdə iş həyata keçirilir.

ADPU-nun Quba filialının yeni hədəfləri, qarşısında duran vəzifələr, məqsədlər və bu məqsədlərlə bağlı fəaliyyətinin hansı keyfiyyət və kəmiyyət dəyişikliklərində baş verdiyini bilmək üçün təkcə elə geridə qoyduğumuz tədris ilində filialın direktoru dosent Yusif Alıyevin ideya, təşəbbüs və göstərişlərinə əsasən həyata keçirilən innovativ və çoxşaxəli yeniliklərə nəzər salmaq kifayət edər.

Belə ki, filialda həyata keçirdiyi layihələr – istər imtahanların mərkəzləşdirilmiş, daha müasir və təkmilləşdirilmiş qaydada aparılması, filialda tələbə-gənclərin fəallığının təmin edilməsi məqsədi ilə və Elmi Şuranın qərarları ilə yaradılan klubların “Conversation Club”, “Kitab klub”, “Psixologiya klubu”, “Facetoface” Psixologiya klubu, “Talant” İncəsənət (ART) klubu, filialda fəaliyyət göstərən 3 fəal tələbə təşkilatının TGT, THİK və TEC-nin arasında əməkdaşlığın nizama salınması məqsədi ilə yaradılan Tələbə Koordinasiya Şurasının, akademik Azad Nəbiyev adına “Bilgə ocağı”nın yaradılması, tələbələrin yaşadıqları evlərdə və yataqxanada onlarla ziyarətlərin təşkili, tələbələrin, əməkdaşların elmi və yaradıcı potensiallarının üzə çıxarılması məqsədi ilə yeni şuraların – Doktorant və Gənc Tədqiqatçılar Şurasının yaradılması, filialda Universitet-Kollec-Lisey klasterinin fəaliyyəti, AMEA-nın Mərkəzi Elmi Kitabxanası və regionun ən baxımlı kanalı olan “Qafqaz” TV ilə memorandumların imzalanması, filialın kitabxana fondunun zənginləşdirilməsi, filialda yenidənqurma, təmir və bərpa işlərinin aparılması, fiberoptik intetnet şəbəkəsinin gücləndirilməsi, yeni tipli 20 ədəd kompüterdən ibarət Kompyuter-informasiya auditoriyasının istifadəyə verilməsi, əməkdaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması yönümdə atılan addımlar, tələbələrin elmə marağının gücləndirilməsi məqsədi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümündə Fənn Olimpiadasının keçirilməsi, filialda Elmi Şuranın qərarı ilə tələbələr üçün “Adlı təqaüd”lərin – Ümummilli lider Heydər Əliyev adına ali təqaüd, müvafiq ixtisaslar üzrə Fətəli xan adına, Abbasqulu ağa Bakıxanov adına, Səməd Vurğun adına, Nadir İbrahimov adına, Kübra Fərəcova adına, Badisəba xanım Köçərli adına təqaüdlərin təsis edilməsi, milli vətənpərvərlik ruhunda tərbiyəvi tədbirlərin keçirilməsi, istərsə də maddi-texniki bazanın yaxşılaşdırılması, yeni tipli auditoriyaların, müasir standartlara uyğun tələbə yeməkxanasının istifadəyə verilməsi, 19060 nüsxə kitab fondu olan filial kitabxanasında həmçinin kompyuterlərin genişzolaqlı fiberoptik internet xəttinə qoşulması, 92 adda 204 nüsxəyə yaxın dərslik, dərs vəsaitləri və xarici ədəbiyyatların alınaraq kitabxana fondunun zənginləşdirilməsi, digər sosial tipli layihələrin icrasına başlanılması, Tələbə Gənclər Təşkilatının sədr və sədr müavinlərinə büdcə hesabına maaş təsis edilməsi və sair görülən ilk işlər bir daha onu deməyə əsas verir ki, filial yeni mərhələyə qədəm qoyaraq artıq ilk və uğurlu addımlarını atmışdır.

“COVID-19” – Koronavirus infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün ali təhsil ocaqlarında tibbi-profilaktiki və dezinfeksiyaedici tədbirlərin intensivləşdirilməsi məqsədi ilə ADPU-nun Quba filialında da 3 mart 2020-ci il tarixdən tədris, təlim-tərbiyə prosesi müvəqqəti olaraq dayandırılmışdır. Bu səbəbdən filialda keçirilməli olan, təxirə salınmış tədbirlər, filial tarixində ilk dəfə olaraq direktor dosent Yusif Alıyevin təşəbbüsü ilə məsafədən – onlayn formatda həyata keçirilməyə başlanılaraq bir sıra yeni layihələr icra edilmişdir ki, tələbə və əməkdaşların asudə vaxtı, evdə qaldıqları müddətdə təhsildən, özünüinkişafdan uzaqlaşdırmasın, əksinə daha fərqli uğurlara imza atılsın. Tələbələrin tədris və təlim fəaliyyətindən geri qalmamaları üçün dərslər internet üzərindən müxtəlif proqramlarla tədris edildi, bununla yanaşı isə həm də ADPU-nun Quba filialı və “Qafqaz” TV-nin birgə əməkdaşlığında “TELEMÜHAZİRƏLƏR” adlı dərs-verilişlə daha ali məktəblər içərisində bir ilkə imza atıldı, filialın müəllimləri (Aysel Şeydayeva, Nübar Bayramova, Yusif Abayev, Eyvaz Şeydayev, Pərvanə Rzayeva, Kəmalə Bayramova, Mürvət Əliyev, Təhminə Əliyeva, Elnarə Axundova, Aygün Şıxbabayeva, Xudyar Daşdəmirov) rəhbərliyin dəstəyi ilə uğurla bu layihəni həyata keçirməyi bacarmışdılar.

Filialda ilk dəfə olaraq həyata keçirilən “İstedadlarımızı tanıyaq”, “Onlayn tədbirlər” , “Onlayn qonaq”, “Ustad dərsləri” layihəsi çərçivəsində tələbə-gənclərə pandemiya dövründə məsafədən olsa belə bir olmağın, komanda ruhunda fəaliyyətdə olmağın sirli yolları göstərildi.

Filialın direktoru dosent Yusif Alıyev ilk dəfə olaraq onlayn şəkildə təşkil olunmuş bir neçə tələbə qruplarının qonağı oldu, daha sonra tanınmış təlimçi Orxan Şahbaz, Elvin Dadaşsoyla “Zoom” proqramı vasitəsilə möhtəşəm marketinq təlim saatı baş tutdu. Hər bir görüşdə hər dəfə 100-dən artıq tələbə və əməkdaşlarımız iştirak edibn. Daha sonra bu layihələrdə “Çapar” jurnalının baş redaktoru Dilqəm Əhməd, DQİDK-nın Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov qonaq qismində iştirak etdi. Laçın rayonumun işğal günündə Qarabağ qazisi Natiq Mehdiyevlə onlayn görüş keçirildi.

Pandemiya dövründə tələbələrin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, elmi inkişafı da xüsusi diqqətdə saxlanılmış, yeni ideyalar icra edilmişdir. Hamısını sadalamaq imkanımız olmasa da “Virusla döyüşən həyatımız!” adlı filial rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən layihədə iştirak bizləri bir daha doğru seçim etdiyimizə əmin qıldı.

Layihə çərçivəsində aşağıdakı tərkibdə münsiflər heyəti yaradılmış və seçilən qalib esselər “Azərbaycan müəllimi” qəzetində işıq üzü görmüşdür.

professor Mahirə Nağıqızı, professor, Ramazan Qafarlı, dosent Məti Osmanoğlu, dosent Vüqar Zifəroğlu, dosent Şəmil Sadiq və peşəkar jurnalist Sarvan Bəhluloğlunun münsif olduğu müsabiqə bir sıra məqamlarda, əsasən də tələbələrin yaradıcı işlərinin belə dəyərli ziyalılar tərəfindən qiymətləndirilməsi çox əhəmiyyətli idi.

Filialda pandemiya dövründə həyata keçirilən yeniliklər bununla yekunlaşmadı, dəyərli millət vəkillərimiz (Qənirə xanım Paşayeva, Sadiq Qurbanov), respublikanın müxtəlif rayonlarının hörmətli YAP təşkilat sədrləri (Ramiz Göyüşov, Yusif Abidov) dünyanın və respublikamızın bir neçə reytinqli universitetlərinin professor və müəllimləri ilə onlayn görüşlər, təlim və beynəlxalq seminarlar təşkil edildi, tələbə-gəncləri maraqlandıran suallara cavab tapıldı.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşəbbüsü və təşkilatçılığı ADPU-nun rektoru professor Cədər Cəfərovun dəstəyi ilə dünyanın 6 ölkəsinin 11 universiteti bir ortamda araya gələrək filial tarixində möhtəşəm ilkə imza atıldı. Belə ki, may ayının 14-də ADPU-nun Quba filialı dünyanın əksər ölkələrində ali təhsilin onlayn formada həyata keçirilməsini nəzərə alaraq bu sahədə qarşılıqlı təcrübələrin öyrənilməsinə böyük ehtiyac olduğundan ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq onlayn seminara ev sahibliyi etdi. “Zoom” proqramı platforması üzərindən təşkil edilən Beynəlxalq onlayn Seminarda Almaniyanın Rostok Universitetinin, Türkiyənin Ankara Universiteti və Qazi Universitetinin, Amerikanın San Diego Dövlət Universitetinin Gürcüstan bölümünün, Qırğızıstanın Qırğızıstan Təhsil Akademiyasının, Şimali Kipir Türk Cümhuriyyətinin Girne Amerikan Üniversitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Texniki Universitetinin təhsil sahəsində tanınmış məruzəçilərin və Naxçıvan Müəllimlər İnstitutunun, Bakı Dövlət Universitetinin Qazax filialının, ADPU-nun filiallarının nümayəndələri iştirak etdi.

ADPU-nun Quba filialının Doktorant və Gənc Tədqiqatçılar Şurasının (DGTŞ) təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş “28 May – Azərbaycanın istiqlaliyyət imzası” adlı onlayn elmi konfrans keçirməklə daha bir ilk uğura imza atmağı bacardı.

15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar keçirilən “Qayıdışdan qurtuluşa” adlı onlayn elmi-praktik konfrans da respublika səviyyəli idi. Konfrans filial tarixində ilk dəfə olaraq Quba Rayon İcra Hakimiyyəti nümayəndələrinin, respublikanın tanınmış alim və ziyalılarının, siyasətçilərinin, Quba rayonunun ictimai-siyasi həyatında önəmli yer tutan struktur rəhbərlərinin də iştirakı ilə geniş tərkibdə keçirilib.

Bütün bu görülən işlərin isə yalnız bir məqsədi var idi, filialın ümumi inkişafı, gənclərin dövlət, cəmiyyət üçün yararlı kadr kimi yetişdirilməsi, onların dünyagörüşünün formalaşdırılması. Və nəticə də əldə edildi. Belə ki, 172 nəfər məzun olan tələbələrimiz sırasından magistratura imtahanlarında uğurlu nəticələr göstərərək, filial tarixində ilk dəfə olaraq filialın 1 əməkdaşı və 9 tələbəsinin magistratura imtahanlarında uğur əldə edərək müxtəlif universitetlərə qəbul oldu.

ADPU-nun Quba filialında görülən işlərlə əlaqədar qarşıya qoyulan məqsədlər nəinki region, eləcə də respublika, hətta beynəlxalq miqyaslı tədbirlərlə əhatələnir. Filial daim inkişaf etməyi, təkmilləşməyi qarşıya məqsəd kimi qoymuşdur, inanırıq ki, gələcəkdə bizləri seçəcək abituriyentlər onlara istiqamətlənmiş bütün bu səmərəli fəaliyyətdən yararlanacaqlar.

Aysel Şeydayeva. ADPU-nun Quba filialının direktor müavini.

Bənzər yazılar