Rusiya Fedarasiyası Baş nazirinin müavini Tatyana Golikova universitetləri yeni dərs ilinin əvvəlində yenə distant təhsildən istifadəyə hazır olmağa çağırdı. T. Golikova bildirdi ki, koronavirusun yayılması kontekstində ölkəni payızda nə gözlədiyi hələ məlum deyil, universitetlər distant təhsili davam etdirməyə hazır olmalıdır.
T. Golikova bildirib: “Bu barədə danışmaq istəməzdim, amma vəziyyəti proqnozlaşdırmaq çətindir, payızda bizi nə gözlədiyini bilmirik, biz hər şeyə hazır olmalıyıq. Əlbətdə ki, yazda qazandığımız təcrübəni nəzərə alacağıq. Payız-qış dövrünə daha hazırlıqlı şəkildə keçmək istəyirik. Golikova bu fikri Rusiya Rektorlar Şurasının idarə heyətinin iclasında demişdir. O qeyd edib ki, Rusiyadakı universitetləri payizda distant təhsilə tam hazır olmalıdırlar.
Bizdən fərqli olaraq RF universitetlərinin distant təhsilin tətbiqi üzrə 20 illik təcrübəsi var id. Maddi-texniki, kadr, proqram- metodiki və pedaqoji təminat məsələlərini onlar çoxdan həll ediblər. Bununla belə RF universitetləri distant təhsilin kütləvi istifadəsi zamanı çətinliklərlə rastlaşdı.Bəs bizdə vəziyyət necədir? Bizim universitetlər 20 illik baykotdan sonra zorən distant təhsilə başlamalı oldular. Heç bir hazırlıq olmadan- maddi-texniki, kadr, proqram- metodiki və pedaqoji təminat məsələləri həll edilmədən onlayn təhsil prosesi başladı. TN-nin rəsmisi isə müsahibəsində deyir ki, ” pandemiya gözlənilmədən gəldiyi üçün distant təhsilə gözlənilmədən keçdik”. Yaxşı, bəs 2009-cu ildən “Təhsil Qanununda” distant təhsil forması haqqında bənd olduğu halda niyə bu bu günə qədər bu sahədə iş aparılmayıb, heç olmasa hüquqi- normativ baza yaradılmayıb görəsən?
TN universitetlərə bir məktub yollamaqla, Teams MS proqramından istifadə edərək tədrisi qurun- kimi tövsiyyə verməklə kifayətləndi. Əslində isə bizim təhsil sisteminin tətbiq etdiyi onlayn dərslər distant təhsil deyildi. Praktik istifadə edilən distant texnologiyanın tətbiqi ilə tədris və imtahan prosesinin təşkili üzrə hüquqi normativ bazamız hələ yoxdur.
Bunları yazmaqla, TN-nin məmurlarına xatırlatmaq istəyirəm ki, 20 ilə boşuna verdikdən sonra, heç olmazsa bu qarşıdakı 3 aydan səmərəli istifadə edin, yeni dərs ilindən daha mükəmməl tədris prosesi qurun, normativ baza yaradın, yeni dərs ilində tələbələrlə bağlanan təhsil xidməti müqaviləsində müvafiq korreksiyalar edin. 20 il təkliflərə məhəl qoymadınız, bu gün barı eşidin. Çünki, “…Təhsil milləti gələcəyidir ” (Heydər Əliyev).