1. Fənn üzrə imtahan təyin olduğu gün ərzində keçirilməli və başa çatmalıdır. İmtahan gün ərzində yekunlaşmazsa, bu barədə rektorluğa və İT Departamentinə müəllim tərəfindən məlumat verilməlidi.
2. Təhsilalan imtahan günü saat 9:00-da linkə daxil olaraq fənn üzrə imtahan biletini seçməlidir. Sistem tərəfindən verilmiş imtahan biletinin nömrəsi dəyişdirilə bilməz.
3. Tədris qrupundakı təhsilalanların sayı elektron jurnaldakı sıralamaya uyğun olaraq 6 nəfərdən ibarət olmaqla dəstələrə bölünür və hər bir dəstəyə imtahan vermək üçün 1 saatı keçməmək şərti ilə vaxt təyin edilir.
4. Təhsilalan imtahan günü müəllimin təyin etdiyi vaxtda onlayn qaydada imtahana qoşulmalı və seçdiyi biletin suallarını cavablandırmalıdır.
5. İmtahan prosesi yalnız “Microsoft Teams” platforması vasitəsilə və müəllim tərəfindən qeydiyyata alınmaqla keçirilməlidir.
6. Qeydiyyata alınmayan tələbənin nəticəsi imtahanda “iştirak etmədi” kimi qiymətləndiriləcəkdir
7. Aktiv sillabus əsasında Unibooka yerləşdirilmiş suallara istinad etməklə, müəllimlər tərəfindən çətinlik dərəcəsinə görə 5 qrupa siniflənmiş imtahan sualları müəllimlər tərəfindən 27.05.2020-ci il tarixinədək Unibook-a yerləşdirilməlidir.
8. İmtahana qoşulan təhsilalana seçdiyi imtahan biletinin sualları müəllim tərəfindən göstərildikdən sonra, ona fikirləşmək üçün 20 dəqiqə vaxt verilir. Təhsilalanlar imtahan biletindəki sualları növbəliliyi gözləmək şərtilə cavablandırmalıdır.
9. Aralıq qiymətləndirməni aparmaq məqsədilə müəllim tərəfindən imtahan biletindəki sualların hər biri üzrə ən azı 1 sual verilməlidir.
10. Biletdə “məsələ həlli” tipli sual olarsa, bu suallar müəllim tərəfindən təhsilalana ünvanlanacaqdır
11. Fənn üzrə imtahan 2019/2020-ci tədris ilinin yaz semestrinin əvvəlində tədris qrupuna təhkim olunmuş müəllim tərəfindən qəbul olunacaqdır.
12. Onlayn rejimdə imtahan götürmək imkanı olmayan müəllimin imtahanı təyin olunduğu gün kafedra müdiri tərəfindən əvvəlcədən müəyyən olunmuş və İT Departamentinə təqdim edilmiş müəllim tərəfindən götürülə bilər. Bu məqsədlə imtahan götürəcək müəllimin adı və soyadı kafedranın protokol xidməti tərəfindən İT Departamentinin məsul şəxsinə mail vasitəsilə göndərilməlidir. Bu mail kafedra müdirinin maili kimi qəbul olunacaqdır
13. Təhsilalanların imtahan nəticələri imtahan başa çatdıqdan sonra 24 saat ərzində Unibook-da yerləşdiriləcəkdir
14. Alt və fərdi qruplar üçün onlayn imtahan prosesi imtahan sessiyasının son həftəsində təşkil olunacaqdır və imtahan kafedra müdirinin təyin etdiyi fənn müəllimi tərəfindən keçiriləcəkdir
15. Onlayn imtahanların nəticəsindən narazı olan təhsilalanların müraciətləri apelyasiya komissiyası üzvləri tərəfindən video qeydiyyata əsasən araşdırılacaqdır.
16. Onlayn imtahanda iştirakdan imtina etmiş təhsilalan səbəbi göstərilməklə ərizə ilə rektora müraciət edə bilər. Cari təqvim ili avqust ayında fənn müəllimi tərəfindən həmin təhsilalana 3 həftəlik icmal mühazirə, 1 həftəlik məsləhət saatları ayrılacaqdır və təhsilalana İT Departamentinin 09.2020-ci il tarixinə qədər təşkil etdiyi imtahanda iştirak etmək imkanı veriləcəkdir.
17. Bütün təhsilalanların cari qiymətləndirilməsi 30-50 balla (30 bal bütün tələbələrə və 0 – 20 bal təqdimata (sərbəst işlərə) görə, aralıq qiymətlləndirilməsi isə 0 – 50 balla (5 suallı imtahan biletində hər suala görə 0 – 10 balla) qiymətləndirilir. Tələbələrin onlayn tədrisdə aktivliyə və midtermlərə görə topladıqları bal (0 – 10) imtahan zamanı əvvəlcədən müəllimlər tərəfindən nəzərə alınacaqdır. Tələbələrə imtahan zamanı ən azı 17 bal toplamaq kimi tələb qoyulmayacaqdır.
18. Dövlət imtahanı, buraxılış işi və magistrlik dissertasiyalarının müdafiəsi Təhsil Nazirliyinin 20.05.2020-ci il tarixli, 01-11-522/15 nömrəli təlimatı məktubuna uyğun şəkildə həyata keçiriləcəkdir.