Dərc olunub: 10.05.2020

Məlum olduğu kimi, 2019-cu ilin dekabrından Çində həyatı iflic edən “Covid-19” sürətlə bütün dünyaya yayıldı. Nəticədə planetimizin iqtisadi və siyasi baxımdan ən güclü ölkələri ilə yanaşı Azərbaycanda da bütün sahələr ciddi zərər gördü. Bu sahələrdən ən vacibi isə gələcəyimizin qarantı olan təhsil sistemidir. Və hal-hazırda ölkənin təhsil sistemi bu çətinliyin öhtəsindən gəlməkdədir. Milli təhsilimizin bir parçası olan ADPU-nun Quba filialında isə hadisələr tam əksinə inkişaf edir. Burada təlim-tədris, tərbiyə prosesi nəinki ləngiməyib, hətta artan təcillə daha böyük sürət alaraq, qarşısında daha yeni üfüqlər açaraq inkişaf edir. Filialda rəhbərliyin təşəbbüsü ilə görülən işlərə bir gənc kimi, tələbə kimi münasibət bildirmək bizim vətəndaşlıq borcumuzdur. Çünki əgər rəhbərlik, kollektiv birgə olub, biz tələbələrin gələcəyi üçün qüvvələrini səfərbər edirsə bizlər gələcəyin davamçıları olaraq bu gedişata münasibətimizi açıq ortaya qoymalıyıq, təhlillər aparmalıyıq.


Belə ki, ölkə üzrə internet təminatı zəif olan tələbələrin onlayn dərslərə qoşula bilməməsi aktual problem oladuğu halda, filialımızın direktoru dosent Yusif Alıyev öz əmək haqqından 400 azn ayıraraq maddi imkanları zəif olan tələbələrin hesablarına internet paketləri yükləmiş və filialın bütün tələbələrinin bərabər şəkildə onlayn dərslərə qoşulmasına şərait yaratmışdır. Onlayn dərslərdən əlavə olaraq, filial tələbələri ADPU-nun Quba filialı və “Qafqaz” TV-nin birgə əməkdaşlığı ilə ərsəyə gəlmiş “Telemühazirə” adlı dərs-verilişin də yaratdığı imkanlardan faydalanırlar. Qeyd edim ki, dosent Yusif Alıyevin təşəbbüsü ilə daha əvvəldən yaradılmış bu əməkdaşlıq bağları “Telemühazirə” layihəsi çərçivəsində müxtəlif fənnlər üzrə əlliyədək mühazirə videoları çəkilmiş və “Youtube” sosial şəbəkəsi ilə yanaşı filialın saytında da (https://adpuquba.edu.az/video) yerləşdirilib və bu proses davam etməkdədir.
Hər zaman olduğu kimi, belə həssas anlarda da tələbələrin asudə vaxtlarının səmərəli təşkilinin qeydinə qalan rəhbərlik silsilə onlayn tədbirlərin keçirilməsi təcrübəsindən də yararlanmışdır və effektiv nəticə əldə etmişdir. Biz bu tədbirlər arasında “Virusla döyüşən həyatımız” adlı onlayn esse müsabiqəsini xüsusilə vurğulamalıyıq. Çünki müsabiqəyə respublikanın müxtəlif ali məktəblərindən alim və professorlar, peşəkar jurnalistlər münsif qismində dəvət almışlar. Bundan əlavə olaraq, direktor Yusif Alıyevin təşəbbüsü və direktor müavini Aysel Şeydayevanın təşkilatçılığı ilə “Online qonaq” layihəsi çərçivəsində tələbələrin “Zoom” proqramı vasitəsi ilə tanınmış təlimçi Orxan Şahbazla görüşü, “Online təlim” layihəsi çərçivəsində isə biznes-trener Elvin Dadaşsoyla, Nəcəf Allahverdyevlə təlim saatı təşkil edilmişdir. Həmçinin “WhatsApp” sosial şəbəkəsi üzərindən, filial rəhbərliyinin təşəbbüsü və tələbələrin səyi ilə filial kollektivinin böyük hissəsinin fəal iştirak etdiyi “İntellektual Quba gənci”, “ADPU-Quba Kitab Klubu”, “Gələcəyin müəllimi”, “Universal komanda” kimi qruplar yaradılmışdır.
Tanınmış psixoloq Nəcəf Allahverdiyevlə tələbələrin vebinar formatda görüşünü təşkil etməklə isə direktor Yusif Alıyev hər sahədə tələbəsinə dəstək olduğunu sübut etmiş oldu. Görüş əsnasında karantin rejiminin yarada biləcəyi psixi sıxıntılar və onlardan yayınmağın yolları haqqında dəyərli fikirlər bölüşüldü.


Onu da qeyd edək ki, filialımızda “Zoom” və “Microsoft Teams” kimi proqramlardan istifadə edərək onlayn dərslərin yüksək səviyyədə təşkil olunması və bununla yanaşı onlayn təlim və tədbirlərin mütəmadi və sıx qrafiklə keçirilməsi filialımızda peşəkar hazırlıq səviyyəsinin yüksəkliyindən və rəqabətə davamlılığından xəbər verir.
Biz qısa zamanda böyük işlər görmüşük, hətta sadalananlar sadəcə görülən işlərin, qarşıda icrası gözləyən layihələrin sadəcə 1/100-dir və bununla da filial olmağımıza baxmayaraq nəhəng universitetlərlə açıq rəqabətə girməyi bacarmışıq. Lakin hədəflərimiz bununla bitmir, qarşıda daha böyük hədəflər və daha çox görəcəyimiz işlər var. Sevindirici haldır ki, bu yolda bütün müəllim və tələbə kollektivi böyük canfəşanlıqla vahid məqsəd uğrunda çalışır. Hamımız Yusif Alıyev olmağı bacarsaq, ondan öyrəndiyimiz qarşılıqlı əməkdaşlığı və komanda ruhumuzu inkişaf etdirə bilərsək, mütləq surətdə respublikanın ən güclü ali təhsil məktəbi olacağıq.
Bizlər sadəcə olaraq bir söz deyə bilərik, Azərbaycan gəncləri olaraq təhsilimizin inkişafının, bizlərin gələcəyinin belə etibarlı və əmin əllərdə olması bizləri hədsiz sevindirir, gələcəyə ruhlandırır. Vəzifə borcunuz olsa da, bizləri səmimi qəlbdən düşündüyünüz üçün təşəkkür edirik, dəyərli Yusif Alı Afşar.

ADPU-nun Quba filialının TEC-in sədr müavini Azər Zahirov
ADPU-nun Quba filialının TGT-nin sədr müavini Səyyad Nəcəfov

Bənzər yazılar