Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Mühəndis sistem və qurğularında ekologiya məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Açılış mərasimində bir sıra dövlət qurumlarının nümayəndələri, respublikanın ali təhsil müəssisələrindən tanınmış alimlər, xarici ölkələrdən gələn qonaqlar iştirak ediblər.
Mektebgushesi.az xəbər verir ki, AzMİU-nun Elmi işlər üzrə prorektoru Arif Şərifov mərasimi giriş sözü ilə açaraq elmi konfransın əhəmiyyətinə toxunub, konfransın bu gün bütün bəşəriyyəti düşündürən ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın pozulması, ekoloji təhlükəsizliyin təmin edilməsi kimi ciddi problemlərə həsr olunduğunu diqqətə çatdırıb. Prorektor bildirib ki, konfrans çərçivəsində alimlər mövzü ətrafında fikir mübadiləsi aparacaqlar, xaricdən gələn həmkarları ilə təcrübələrini paylaşacaqlar və gələcək fəaliyyət üçün müəyyən nəticələr əldə olunacaq.
Prorektorun təbrik çıxışından sonra Azərsu ASC sədrinin müşaviri Çingiz Abdullayev, Azəristiliktəchizat ASC-nin sədr müavini İlham Mirzəliyev, Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi konfransın aktual mövzuya həsr olunduğunu vurğulayıb və konfransın işinə uğurlar arzu ediblər.
Plenar məruzələrdə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin professoru K.M.Predun “Ukraynanın mənzil-kommunal təsərrüfatlarının yenilənməsinin ekoloji və iqtisadi aspektləri”, Azərbaycan Hidrotexnika və Meliorasiya Elm İstehsalat Birliyinin baş direktoru, professor Ağamir Həşimov “Azərbaycanda meliorasiya və su təsərrüfatı XX-XXI əsrlərdə” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfrans öz işini bölmə iclaslarında davam etdirib. Məlumat üçün qeyd edək ki, iki gün davam edəcək konfransa 100-ə yaxın məqalə təqdim olunub.