Dekabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Sosial və humanitar məsələlər üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor Fikrət Rzayevin “ Ədəbi əlaqələr və bədii tərcümə məsələləri” mövzusunda ustad dərsi keçirilib. Ustad dərsdə Filologiya fakültəsinin dekanı professor Mahirə Hüseynova, professor-müəllim və tələbələri iştirak edib.

Ustad dərsini açıq elan edən Filologiya fakültəsinin dekanı Mahirə Hüseynova professor Fikrət Rzayev haqqında məlumat verərək bildirib ki, 1975-1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoqika Elmi-tədqiqat İnstitutun Rus dili və ədəbiyyatın tədrisi metodikası şöbəsinin kiçik elmi işçisi, 1977-1979-cu illərdə Azərbaycan Pedaqoji İnstitutunun aspirantı, 1979-1983-cü illərdə Bakı Dövlət Universitetinin (BDU) Rus ədəbiyyatı tarixi kafedrasının assistenti, 1983-1986-cı illərdə BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının baş müəllimi, 1986-cı ildən BDU-nun Klassik rus ədəbiyyatı kafedrasının dosenti olub. 1984-cü ildə Azərbaycan məktəblərində İY-Yİİİ sinif şagirdlərinin sinifdənkənar iş prosesində rus dilinin öyrənilməsinin stimullaşdırılmasının pedaqoji əsasları, 1986 – BDU-nun Klassik rus ədəbiyyatı kafedrasının dosenti kimi çalışıb. XIX əsr rus ədəbiyyatının tarixi, mətnşünaslıq, xüsusi kurslar-L.Tolstoyun nəsrinin öyrənilməsinin elmi problemləri, rus ədəbiyyatında şərq mövzusularını tələbələrə tədris edib.72 məqalənin müəllifidir. Azərbaycan məktəblərinin 3 sinif “Rus dili” dərsliyinin həmmüəllifidir (1993, 7 nəşr)

Daha sonra Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev XIX əsr rus ədəbiyyatı, onun dirçəlişinin səbəbləri, klassiklər, ədəbi mühit, cəryanlar, mərhələlər, Qafqaz, Şərq rus ədəbiyyatının maraq dairəsində, Azərbaycan mövzusu, azərbaycanlıların rus şərqşünaslığına verdiyi töhfələr, Rus ədəbiyyatının realist prinsiplərə keçməyində Qafqaz mövzusunun rolu, XIX əsr rus ədəbiyyatının klassikləri, Lev Tolstoy yaradıcılığı, bədii tərcümə məsələləri, Lev Tolstoy yaradıcılığının Azərbaycan dilinə tərcüməsi, bədii tərcümə ilə bağlı araşdırmaların bəzi nəticələri, yazıçının fərdi üslubi xüsusiyyətləri haqqında dinləyicilərə məlumat verib. F.Rzayev bildirib ki, bədii tərcümə-ədəbi yaradıcılıq növü, bir dildəki bədii əsərin başqa dilə çevrilməsidir. Bədii tərcümə başqa tərcümələrdən orijinal bədii yaradıcılıqla bilavasitə bağlılığı ilə seçilir. Bədii tərcümədə söz estetik mahiyyət kəsb edir. Buna görə də bədii tərcümə problemləri bədii yaradıcılığın spesifik qanunlarına daxildir. Bədii tərcümə orijinal yaradıcılıqdan tərcümə obyektindən asılılığı ilə fərqlənir. Tərcümə elə bir yaradıcılıq sahəsidir ki, orada sadəcə, bir dildən başqa dilə sözləri mexaniki çevirmək, sətri tərcümə kifayət etmir. Bəzi hallarda tərcümələri birbaşa etdikdə onlar məna etibarilə çox kobud alınır. Bu səbəbdən tərcümə zamanı estetik zərifliyi

qabartmaq üçün daha alternativ sözlərdən istifadə olunur. Xüsusilə də müstəqillik dönəmində edilən tərcümələr o qədər də ürəkaçan deyil. Bəzən görürsən ki, kompüter texnologiyasının verdiyi imkanlardan istifadə edib texniki tərcümələr edirlər. Bu da qeyri-məntiqi mətnin meydana gəlməsinə səbəb olur. Mətnin həqiqi gözəlliyi bu tərcümədə itib-batır və estetik təsir gücünü itirir. Oxucu belə tərcümələri axıra qədər oxuya bilmir.

Ustad dərsinin sonunda professor F.Rzayev müəllim və tələbələri maraqlandıran sualları cavablandırıb, ən maraqlı sual sahibinə isə kitab hədiyyə edib.

Bənzər yazılar